Müsavat başqanı Con Makkeyn barədə: “O, Azərbaycanda hüquqi dövlətin, demokratik cəmiyyətin qurulacağına inanırdı”

Altıncı dönəm senator, Vyetnam müharibəsinin veteranı, iki dəfə prezidentliyə namizəd və Konqresdəki nüfuzuna görə tanınan Con Makkeyn vəfat edib.

Müsavat başqanı Arif Hacılı senatorun ölümü barədə öz “Facebook” səhifəsində bu sözləri yazıb.

“Senator Makkeyn vəfat edib. Həqiqi demokrat, dünyanın yaxşılaşması uğrunda ardıcıl mübariz, ideal seçiləcək, nümunə götürüləcək bir şəxsiyyət idi. Onunla Bakıda və Vaşinqtonda görüşlərimiz olmuşdu. iki saatdan artıq davam edən Vaşınqton görüşümüzdə çox səmimi söhbətimiz alınmışdı. O, Azərbaycanda hüquqi dövlətin, demokratik cəmiyyətin qurulacağına inanırdı. Bunun yalnız Azərbaycan üçün yox, region üçün, bəşəriyyət üçün nə qədər əhəmiyyətli olduğunu bilirdi. Bir tanınmış politoloqun yazdığı kimi, əgər Makkeyn 2008- ci ildə ABŞ prezidenti seçilsə indi dünya tamam başqa cür, daha yaxşı olacaqdı… Unudulmayacaq!” -Arif Hacılı bildirib.

Qeyd edək ki, on illər boyu Konqresdəki fəaliyyəti ilə diqqət cəlb edən Makkeyn Respublikaçılar partiyasının daxilində “maverik” kimi tanınırdı. Belə ki, o, bir çox həmkarlarından fərqli olaraq partiya xəttinin əleyhinə çıxmaqdan çəkinmirdi.

2000-ci ildə Corc W. Buşa praymerizdə məğlub olan Makkeyn səkkiz il sonra Respublikaçı prezidentliyə namizədliyi qazanmağa nail olmuşdu. Lakin 2008-ci il prezident seçkilərində Demokrat namizəd Barak Obamanın qələbəsi ona azad dünyanın lideri olmağa imkan vermədi.

Hələ bir il öncə xərçəng diaqnozuna münasibətini şərh edərkən Makkeyn taleyi ilə barışdığını aydın etmişdi. “Hər bir həyat bu və ya digər formada sona yetməlidir.”  

Makkeyn ABŞ-ın beynəlxalq arenada ağır çəkili siyasi fiqurlarından biri idi. O, ABŞ-ın İraq və Əfqanıstana hərbi müdaxiləsinin qatı tərəfdarı idi, və dünya boyu Amerikanın beynəlxalq böhranlara aktiv reaksiya verməsini təşviq edirdi. O, Suriyada vətəndaş müharibəsini dayandırmaq üçün ciddi ölçülər götürülməsinə, o cümlədən Rusiyanın Krımı ilhaq etməsinin qarşısını almağa çağıran siyasi liderlər sırasında idi.

Makkeyn habelə insan haqlarının mətin müdafiəçisi kimi tanınırdı. Öz xarici səfərlərində o, dövlət xadimləri ilə yanaşı dissidentlərlə, vətəndaş cəmiyyəti fəalları ilə görüşməyi sevərdi.

 

Bastainfo.com