Beynəlxalq qrossmeyster sponsorunun olmamasından şikayətləndi

“Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, gücüm sonsuz deyil. Bir gün mən Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər mənasız olacaq”

ABŞ-ın Sent-Luis şəhərində “Sinquefield Cup” turnirində mübarizə aparan Azərbaycan şahmatçısı,  beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov maddi sıxıntılarının olması barədə danışıb. 

Ş.Məmmədyarov bu barədə özünün “Facebook” səhifəsində status yazıb.

“Yorğunluqdan indicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Maqnus Karlsenlə 5 saatdan çox oynadım və açığı çox çətin mübarizə oldu. Debütdə böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Və qərara gəldim ki, bundan sonra 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bu gün bir jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım ki, pul deyim. Deyə bilmədim, çünki mənim kimi peşəkar şahmatçının sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm.” -Məmmədyarov bildirib.

“Buradakı bütün idmançıların sponsoru var. Sabah yenə də oyunum var və gərək hazırlaşım. Arada düşünürəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, gücüm sonsuz deyil. Bir gün mən – Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər mənasız olacaq” -Ş.Məmmədyarov əlavə edib.

 

Bastainfo.com