Faiq Həsənov: Şəhriyar Məmmədyarovun sponsoru Azərbaycan dövlətidir

Mən inanmıram ki, “yarışlara öz hesabıma gedirəm” desin.

Azərbaycan Şahmat Federasiyanın vitse-prezidenti Faiq Həsənov Şəhriyar Məmmədyarovun belə bəyanatla çıxış etməsinə inanmır.

“Şəhriyar professional şahmatçıdır. Mən inanmıram ki, “yarışlara öz hesabıma gedirəm” desin. “Öz hesabıma gəlmişəm” o deməkdir ki, onun nə yol pulu, nə də oteldə qalmaq pulu verilmir. Şəhriyar dünyanın üçüncü şahmatçısıdır. Amma belə turnirlərdə Şəhriyar kimi şahmatçıların, onların məşqçilərinin xərcləri və qonorarları ödənilir. Eyni turniri biz Şəmkirdə keçirdik. Oraya dəvət edilənlərin hamısının bütün xərclərini və qonorarlarını ödədik. Ona görə, Şəhriyarın belə söz deməsi mənə aydın deyil. Şəhriyar o sözü deyə bilməz. Ona görə, Şəhriyarla danışmamış sizin sualınıza cavab verə bilməyəcəyəm”, deyə o qeyd edib.

Turanın xəbərinə görə, vitse-prezident “Azərbaycanda Şəhriyar Məmmədyarovun sponsoru varmı?” sualının cavabında deyib: “Sponsor məsələsi şəxsi işdir. Onun sponsoru Azərbaycan dövlətidir. Ona başda prezident, Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi olmaqla, hamı kömək edir. Nə lazımdır, ona kömək edirik. Şəhriyar iki dəfə iddiaçılar turnirində iştirak edib. Onun hazırladığı büdcəni federasiyanın prezidenti Elman Rüstəmovun (Mərkəzi Bankın İdarə Heyətinin sədri – Red.) yanında müzakirə etdik və hazırladığı büdcə bütünlüklə ödənildi. Bu federasiyanın ona sponsorluğudur. İndi də, ondan əvvəlki illərdə də köməklik edilib. Bundan əlavə, prezident də, Gənclər və İdman Nazirliyi də, hamı Şəhriyara kömək edir”, deyə Faiq Həsənov qeyd edib.

 

Qeyd edək ki, azərbaycanlı şahmatçı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov öz “facebook” səhifəsində status yazaraq sponsorunun olmamasından şikayətlənib.