Ekspert “Psixoloji yardım haqqında” qanun layihəsi barədə

Azərbaycanda “Psixoloji yardım haqqında” qanun hazırlanır. Bunu Turan-a tanınmış psixoloq Azad İsazadə bildirib. O, layihənin hazırlanmasında birbaşa iştirak etməsə də bununla bağlı iş getməsi barədə məlumatlıdır.

Ekspert belə qanunun qəbul edilməsinə ehtiyacın olduğunu deyib. O qeyd edib ki, indiyə kimi psixoloqları birləşdirən bir dövlət qurumu və ya başqa bir ictimai cəmiyyət yoxdur, onların bir qismi QHT-lərin tərkibində, digər qismi isə kommersiya qurumlarında fəaliyyət göstərirlər.

“Hazırda Azərbaycanda uşaq, tibbi-klinik psixoloqlara ciddi ehtiyac var və həm də bu, sırf ixtisaslaşma tələb edən sahədir. Yəni, bu mütəxəssislər bir-birini əvəz edə bilməzlər”, – A.İsazadə vurğulayıb.

Eyni zamanda psixoloq qanunun qəbul edilməsilə bu sahədə sürətli irəliləyişin ola biləcəyilə bağlı sualı cavablandırmağa çətinlik çəkib.

“Hələ bilmək olmaz ki, yeni qanun bu sahənin inkişafına xidmət edəcək, ya yox”, – o qeyd edib.

Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsi “Psixoloji yardım haqqında” qanun layihəsi hazırlayıb. Layihə parlamentin payız sessiyasının gündəliyinə daxil edilib.

 

Bastainfo.com