Azərbaycan və Gürcüstan ticarət dövriyyəsini 60 faizədək artıracaq

Gürcüstanın baş naziri Mamuka Baxtadze Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb.

Görüşlərdə iki ölkə arasında nəqliyyat, energetika, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf prespektivlərinə toxunulub.

Prezident Əliyev bildirib ki, Gürcüstan və Azərbaycan bir çox önəmli layihələri icra edib.

“Biz dünyanın enerji xəritəsini birgə səylərlə dəyişdirdik. Nəqliyyat istiqamətində birgə həyata keçirdiyimiz layihələr Avrasiya qitəsi üçün böyük önəm daşıyır. Bütün bu layihələrin icrasında həm Gürcüstan, həm Azərbaycan, həm Türkiyə tərəfi fəal əməkdaşlıq edir. Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik”, Əliyev qeyd edib.

Prezidentin sözlərinə görə, Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir.

Mamuka Baxtadze bildirib ki, Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır.

“Bizim regional əməkdaşlıq çərçivəsində nəqliyyat, energetika və digər sahələrdə böyük uğurlarımız var. Əlbəttə, potensialımız böyükdür və ümid edirəm ki, ikitərəfli əlaqələr nəticəsində və ikitərəfli layihələr həyata keçirməklə bu potensialı biz daha da yaxşı inkişaf etdirə bilərik. Bizim ölkələr arasında ticarət dövriyyəsi daha da artmaqdadır. Bu il bu, ola bilsin milyard dollara çatsın, lakin bizim potensialımızın tam istifadəsi demək deyil, daha çox potensialımız mövcuddur. Əminəm ki, ikitərəfli əməkdaşlıq nəticəsində gələn iki il ərzində biz bunu 50-60 faizə qədər artıra bilərik”, baş nazir deyib.

O mədəniyyət, incəsənət, idman sahələrində də əməkdaşlığı səmərəli sayır.

“Sevindirici haldır ki, Azərbaycan turistləri və investorlar Gürcüstanda özlərini çox rahat hiss edirlər”, Baxtadze qeyd edib.

 

Bastainfo.com