Basta – 3: Bizi gözləyən təhlükəyə doğru addımlayırıq

Səhər qapıdan çıxarkən, ailəmlə, evdən bir neçə illik gedirəmmiş kimi vidalaşdım. Prokuror çağırmışdı. Çağırışın səbəbini soruşduqda,  – vəkilinlə bir yerdə gəl, hər şey ola bilər, – demişdi.

Əvvəlki günlərdə ağır dindirmə olmuşdu. Prokuror demişdi ki, Gəncədə camaatı üsyana təhrik edirsiz, qatili qəhrəman kimi qələmə verirsiz. Baş prokurorun qərarı ilə “fakt üzrə” 313-cü maddə ilə iş açıldığına və gözümün önündə qalın bir cinayət dosyesi hazırlandığına görə, məntiqlə, həmin gün qoluma qandal geyindirilə bilərdi…

Prokurorluğun qabağına bir neçə müsavatçı dostum məndən daha əvvəl gəlmişdilər. Onlardan biri, -bəy, bunlar nə istəyirlər, “Basta”nı bağlamaq istəyirlər, – deyə soruşdu.  

– Bəli, saytı bağlamaq, bizi susdurmaq istəyirlər. Tutduqlarını tutublar, satın aldıqlarını satın alıblar, qalanları da ölkədən didərgin salıblar. Biz üç ildir, kəndirin üstündə gəzirmiş kimi, fəaliyyət göstəririk. Bu rejimin siyasətini tənqid edən, hakim ailənin korrupsiya əməllərindən yazan, OCCRP-nin araşdırmalırına yer verən, mübarizəyə, etiraz nümayişlərinə çağıran, müxalifətin mitinqlərindən geniş reportajlar yayan, siyasi məhbuslar və onların müdafiəçiləri üçün tribunaya çevrilən bir neçə sayt varsa, onlardan biri “Basta”dır.  Əlbəttə, bağlamaq istəyirlər.  Müsavatın sonuncu mikrofonunu söndürmək, başqana təzyiqi artırmaq istəyirlər. Üzərində gəzdiyimiz kəndiri qırmaq, bizi yıxmaq istəyirlər…

2015-ci ilin avqustun 31-dən fəaliyyətə başlamışıq. Bu gün “Basta”nın 3 yaşı tamam olur.

2015-dən bu yana ölkədə nə vaxt gərginlik yaranıbsa, hakimiyyət bunun səbəbkarları sırasında “Basta”nı görüb:

2015-ci ilin dekabr ayında ikinci devalvasiya dövründə polisə çağırdılar, “devalvasiya hər yerdə olur, xalqla hakimiyyətin arasına girməyin” dedilər;

2016-cı ilin aprel ayında 3 günlük müharibədən sonra Milli Məclis adından “Basta” saytı və onun baş redaktorunun barəsində “ciddi tədbir görülməsi” üçün təqdimat yazdılar.

2017-ci ildə əvvəlcə Əfqan Muxtarlının Gürcüstandan oğurlanıb gətirilməsi ilə bağlı yaranan beynəlxalq diplomatik skandal dövründə, sonra isə “xain hərbçilərin” müəmmalı şəkildə öldürülməsi ilə bağlı yazılara görə Baş prokurorluğa çağırıb xəbərdarlıq etdilər;

2018-ci ilin prezident seçkiləri dövründə “Basta” saytının feysbuk səhifəsi trolların listinə saldılar, trollar başqa səhifələrdə olduğu kimi şərh yazmaqla kifayətlənmir,  yazılarda “qanunsuzluğa çağırış” olduğu barədə şikayət edib, onları sildirirdilər;

Son seçki dövründə Müsavatla Milli Şura birgə mitinqə qərar verdikdən sonra yenə polisə çağırdılar “mitinqə hələ icazə verilmədən əhaliyə çağırış edirsiz” dedilər, məni oğrulardan yığıb lotu Qoliyə pul göndərməkdə suçlamaqla, şərlənə biləcəyim haqda mesaj verdilər.

Mingəçevirdəki qəza və Gəncədə baş verən sui-qəsddən sonra yaranan gərginlik dövründə də “Basta” yenə hədəfdə olmalı idi və oldu da. Sayta dərc edilən yazılara görə Baş prokurorun qərarı ilə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi qaldırıldı, Azərbaycandan sayta giriş bloklandı, bəndəniz və saytın 5 əməkdaşı istintaqa cəlb edildi.

…Prokurorluğun qarşısında məni dindirməyə uğurlayan müsavatçı dostum daha bir sual verdi:

-Bəy, həbs edə bilərlər?

– Əlbəttə bilərlər. Görün, “Basta”nın susdurulması işinə hansı dövlət orqanları cəlb edilib: Baş prokurorluq, Bakı Şəhər Prokurorluğu, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Delta Telekom Milli Kommunikasiya Operatoru, Milli Məclis, polis… Üstəgəl, saytımızın kompüteri ekspertiza üçün DTX-ya göndərilib, “Azercell” isə qanunsuz olaraq telefon danışıqlarımızın siyahısını və yazışmalarımı prokurorluğa təqdim edib. Bunlar bir qoşundurlar, hələki qılınclarının dalı da kəsir, qabağı da. Biz kimik ki?! Büdcəmiz – sıfır, qrant almırıq, bütün təhlükələrə rəğmən xaricdən sığınacaq istəmirik, heç oxucularımızdan ianə də istəmirik. Həbs edə, hətta öldürə də bilərlər. Amma bütün bu təzyiqlər bizim düz yolda olduğumuzun sübütlarıdır. Haqqa, azadlığa xidmət etdiyimizin, işimizin faydalı olduğunun, rejimə problem yaratdığının sübutlarıdır və nə də etsələr, bu, yenə də bizim qələbəmiz olacaq…

Bu sözləri deyibən, prokurorluğun qapısına doğru – bizi gözləyən təhlükəyə doğru addımladım.

Nə də etsələr, bu, bizim qələbəmiz olacaq, – deyərək, haqq və azadlıq naminə bizi gözləyən təhlükəyə doğru addımlamaqdayıq.

 

Mustafa Hacıbəyli

Bastainfo.com