İşçi Qrupu: Siyasi məhbus siyahısına 130 nəfərin adı daxil edilib

Sentyabrın 1-də Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısını təqdim edib. Yeni siyahıda 130 nəfərin adı var. Bu barədə işçi qrupun press-relizində deyilir.

İşçi qrupu bildirir ki, əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 128 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb.

“Qrupun siyasi məhbus kimi tanıdığı şəxslərin 9-u jurnalistlər və blogerlər, 1-i şair, 1-i hüquq müdafiəçisi, 17-si siyasi və ictimai fəallar, 68-i inanclı fəallar, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunanalar, 14-ü sosial etirazlarla bağlı tutulanlar, 2-si keçmiş dövlət məmuru, 3-ü siyasi girov, 10-u Səid Dadaşbəyli və onunla birgə tutulanlardır.

Məlumatda deyilir ki, 2 nəfərin işi hələ monitorinq altındadır.

“İşçi Qrupun 22 mart 2018-ci ildə təqdim etdiyi sonuncu hesabatdan sonra siyahıda adları olan 22 nəfər azadlığa buraxılıb. Onlardan 9 nəfər əfv sərəncamı ilə azadlığa buraxılıb. 11 nəfərin cəzasının müddəti bitib, 2 nəfər isə şərti azadlığa buraxılıb. Bununla yanaşı 8 nəfər yeni şəxs (Əbülfəz Bünyadov, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirli) İşçi Qrup tərəfindən siyasi məhbus kimi tanınaraq siyahıya əlavə olunub”, məlumatda qeyd edilir.

İşçi Qrup heab edir ki, ölkədə siyasi məhbusların sayı siyahıdakından qat-qat çoxdur.

“Ölkədə hökm sürən repressiv mühit insanları işlərini ictimailəşdiriməkdən çəkindirir. Digər tərəfdən, hüquqi məlumatsızlıq, vəkillərə qarşı aparılan repressiv siyasətdən sonra bu insanlara hüquqi yardım etmək üçün, sadəcə, bir neçə vəkilin qalması, regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsi bu şəxsləri siyasi məhbus kimi tanımaq üçün zəruri olan məlumatların və sənədlərin toplanmasını çətinləşdirir”, məlumatda qeyd edilir.

İşçi Qrupu bildirir ki, 2017-ci ilin sonundan etibarən vəkillərə qarşı intensivləşən təzyiq və təqiblərin nəticəsi olaraq, İşci Qrup ilə əməkdaşlıq edən vəkillərdən bir çoxunun vəkillik fəaliyyəti dayandırılıb. Məlumatda Yalçın İmanov, Fəxrəddin Mehdiyev, Əsabəli Mustafayev və Nemət Kərimlinin adları çəkilir.

İşçi Qrup 2013-cü ildə AŞPA-nın Almaniyadan olan deputatı Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı hesabatın qəbul edilməməsində korrupsiya şübhələrinin güclü olduğunu göstərib. Məlumatda korrupsiyada şübhəli deputatların artıq cəzalandırıldığı yer alıb.

“25 iyun 2018-ci ildə Avropa Şurasının Hüquq və İnsan Haqları Komitəsi İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottiri Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edib. O, Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabat hazırlamalıdır”.

Öz növbəsində, Azərbaycan rəsmiləri siyasi məhbuslarla bağlı siyahını qəbul etmir. Dövlət rəsmiləri bir qayda olaraq ölkədə fundamental azadlıqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, siyasi təqiblərin olmadığını bəyan edir.

Bununla yanaşı Amnesty İnternational Azərbaycanda ondan çox insanı “vicdan məhbusu” elan edib. Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Konvensiyasının 18-ci (siyasi təqib) maddəsi ilə Azərbaycana qarşı 7 qərar qəbul edib. Çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxsləri həbsdən azad etməyə çağırıb.

 

Bastainfo.com