İşğaldakı kəndlərinə dönmək istədilər, polis qoymadı

Sentyabrın 1-də Ermənistan silahlı birləşmələrinin nəzarət etdiyi Azərbaycan ərazilərindən məcburi köçkün düşən insanların “Yurda qayıdış” aksiyasına imkan verilməyib. Onlar dinc şəkildə öz evlərinə qayıtmaq adi ilə Ağdam-Bərdə yolunun kəsişdiyi yerə (dördyol, Bakıdan 330 kilometr qərb) toplaşmağa cəhd edib

Aksiyanın təşkilatçılarından biri Ağdam rayonunun Qərvənd kəndindən olan məcburi köçkün Camal Əhmədov olub.

Camal Əhmədovun sözlərinə görə, Ağdam Rayon İcra Hakimiyyəti və polis şöbəsinin təmsilçiləri onu qəbul ediblər, ondan yürüş etməmək xahiş olunub.

C. Əhmədovun vurğulamasına görə, rayon rəhbərliyi ona izah edib ki, qarşı tərəfin nəzarəti altında olan ərazilər minalanıb:
“Mən də dedim ki, bilirəm, oralar minalanıb, gedib minaya da düşə bilərəm. Amma 26 ildir ki, öz torpaqlarıma gedə bilmirəm, ora getmək mənim haqqımdır. İcra hakimiyyəti, prokurorluq, polis təmsilçiləri də mən getdiyim halda, mənimlə bərabər getməyə məcbur olacaqlarını söylədilər. Əlavə etdilər ki, sən istərdinmi ki, rayonun icra başçısı, polisi, prokuroru minaya düşüb məhv olsun? Bu bizə nə verir?”.

C.Əhmədovun deməsinə görə, yerli hakimiyyəti təmsilçiləri vurğulayıblar ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağı danışıqlar gedir və bu məsələnin həllini tapacağına ümid edirlər.

Aksiyaya qatılmaq istəyənlərdən biri də Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı olub. Onun deməsinə görə, aksiya iştirakçılarından bəziləri saxlanıb. Amma saxlananların ifadələrinin alınmasından sonra sərbəst buraxıldığı bildirilir

A.Nağı vurğulayıb ki, keçmiş müdafiə naziri Rəhim Qazıyev, keçmiş hərəkat liderlərindən Nemət Pnahlı da saxlanaraq, sonra sərbəst buraxılıblar.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildən başalyıb. 1994-cü ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib.

Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədrləridir.

 

AzadlıqRadiosu