Pashinian Rusiyayla problem olmadığını deyir

Ermənistanın baş naziri Nikol Pashinian Yerevanla münasibətlərdə problem olmadığını, “hər şeyin öz yolunda getdiyini” deyir.

O, sentyabrın 2-də Facebook səhifəsində vətəndaşların suallarını cavablandırarkən deyib ki, yaxın gələcəkdə Moskvaya səfər edəcək, Rusiya prezidenti Vladimir Putin-lə görüşəcək.

“Üçüncü görüşümüz olacaq. Əminəm ki, münasibətlərimizdəki çoxsaylı məsələləri detallı müzakirə edib həll yolunu tapacağıq”, – Pashinian deyib.

“Bütün mümkün problemlərin həll olunacağını demək istəmirəm, amma əminliklə deyə bilərəm ki, təbii əməkdaşlığımız davam edir”, – o vurğulayıb.

Pashinian bu ilin mayında, küçə etirazları nəticəsində hakimiyyətə gəlib. 10 il prezident kürsüsündə əyləşmiş Serzh Sarkisian baş nazir postunda cəmi bir həftə qala bilib, istefaya məcbur olub.

Robert Kocharian (sağda) və Mikael Harutiunian
Robert Kocharian (sağda) və Mikael Harutiunian

RUSİYA HƏLƏ DƏ QƏZƏBLİDİR?

Bəzi təhlilçilərin fikrincə, Ermənistanın yeni hökumətinin bəzi addımları Rusiyanı qıcıqlandırıb. Bu tədbirlərə keçmiş prezident Robert Kocharian və bir sıra digər keçmiş yüksəkçinli məmurların 2008-ci ildə prezident seçkisindən sonra müxalifətə təzyiqlərlə bağlı ittiham olunması da daxildir.

“Konstitusion quruluşu dəyişmək”də suçlananlar arasında keçmiş müdafiə naziri, hazırda Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri Yuri Khachaturov da var.

İyulda Rusiyanın xarici işlər naziri Sergey Lavrov təqibləri pisləyib, onların yeni rəhbərliyin “sələflərini siyasi motivlərlə təqib etməyəcəyinə” dair daha öncə verdiyi vədlərə zidd olduğunu deyib.

Yuri Khachaturov
Yuri Khachaturov

2008-ci il etirazlarında müxalifət lideri kimi əsas rol oynamış Pashinian isə avqustda deyib ki, Moskva Ermənistanın yeni siyasi reallıqlarına “adaptasiya” olmalıdır.

Ermənistan-Rusiya mnasibətlərinin pisləşməsi haqda spekulyasiyalar ötən həftə lap güclənib. Belə ki, Kremlin rəsmi vebsaytı yazıb ki, Rusiya prezidenti Putin avqustun 31-də Kocharian-a zəng edərək onu 64 yaşı münasibətilə təbrik edib.

Kreml telefon zənginin ayrıntılarını verməyib. Bu zəngdən iki həftə öncə Kocharian aktiv siyasətə qayıdacağını, ölkənin yeni hökumətinə meydan oxuyacağını bildirib.

Rusiyanın Interfax xəbər agentliyinin avqustun 31-də verdiyi xəbərə görə, Moskva Ermənistanın keçmiş müdafiə naziri Mikael Harutiunian-ın ekstradisiyasından imtina edib, Rusiya vətəndaşı olmasını əsas gətirib. Onun Rusiyada yaşadığı güman edilir,

Ancaq Ermənistan prokurorluğunun sözçüsü bu məlumatı təkzib edib, Harutiunian-ın harada olmasını bilmədiklərini deyib.

Harutiunian da 2008-ci il seçkisonrası iğtişaşların yatırdılmasında iddia olunan roluna görə suçlanır.

 

Azadlıq Radiosu