İlqar Məmmədovun mətbuat konfransı

Mətbuat konfransını AzadlıqRadiosunun Facebook səhifəsindən izləyə bilərsiniz.

Əfv ərizəsi

REAL sədri İlqar Məmmədov həmçinin qeyd edib ki, həbsxanada olarkən əfv haqqında ərizə yazmaqla bağlı təkliflər də alıb.

İ.Məmmədovun sözlərinə görə, hətta ona ərizəni yazarsa, dərhal buraxılacağını deyiblər. REAL Partiyasının lideri bu məsələdə hər hansı danışığa getmədiyini vurğulayıb. Ancaq o bununla bağlı hər hansı ad çəkməyib.

Azərbaycan rəsmiləri isə cəzaçəkmə müəssisələrində siyasi məhbus sayılan şəxslərə əfv ərizəsi yazdırmaqdan ötrü təzyiqlər edilməsi ilə bağlı deyilənləri də təsdiqləmirlər.

REAL sədri 2015-ci ilədək ona təzyiqlərin olduğunu deyir

İ.Məmmədovun deməsinə görə, 2015-ci ilə qədər ona cəzaçəkmə müəssisəsində ciddi təzyiqlər olub. REAL Partiyasının sədrinin deməsinə görə, ona hətta fiziki təzyiqlər belə göstərilib.

O vurğulayıb ki, sonradan isə hüquqi müdafiəsi zamanı müəyyən müdaxilələrlə üzləşib.

Penitensiar Xidmətin rəhbərliyi isə cəzaçəkmə müəssisələrində məhbuslara siyasi baxışlarına görə ayrıseçkilik edilməsi ilə bağlı deyilənləri qəbul etmir.

İ.Məmmədov bəzi hakimlərin cəzalanmasını tələb edir

İ.Məmmədov deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsi onunla bağlı qərar verərkən Avropa Konvensiyasının 18-ci maddəsinə istinad edib. REAL sədrinin deməsinə görə, bu, onun siyasi mülahizələrlə həbsini göstərirdi.

İ.Məmmədov vurğulayıb ki, onunla bağlı çıxarılan məhkəmə hökmlərində bütünlükdə 19 hakim iştirak edib. REAL sədrinin qənaətinə görə, onlar qərəzli hökm veriblər.

«Həmin hakimlərə qarşı cinayət işi qaldırılmalıdır. Mən bu məsələdə axıra qədər gedəcəyəm», – deyə o vurğulayıb.

Ancaq Azərbaycan rəsmiləri insanların siyasi baxışlarına görə həbs edilməsi ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan insanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Bu günlər, avqustun 25-də prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Almaniya kansleri Angela Merkel ilə birgə mətbuat konfransında deyib ki, ölkə demokratik dəyərlərə sadiqdir.

Prezidentin deməsinə görə, ölkədə bütün demokratik təsisatlar mövcuddur, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir.

«Yəni, Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır. …», – deyə prezident vurğulamışdı.

İlqar Məmmədov vəkillərə təşəkkür etdi

«Biz yeni mərhələdə də mübarizəmizi davam etdirəcəyik».

Bunu bu gün, sentyabrın 4-də mətbuat konferansı keçirən REAL Partiyasının sədriİlqar Məmmədov deyib. O, mətbuat konfransının əvvəlində onu müdafiə edən vəkillərə təşəkkürünü bildirib. İ.Məmmədov deyib ki, onun qələbəsində bu vəkillərin böyük xidməti olub.

İ.Məmmədov vurğulayıb ki, ona görə vəkil Xalid Bağırov Vəkillər Kollegiyasından çıxarılıb. Vəkil Fuad Ağayev də, onun deməsinə görə, təzyiqlərlə üzləşib: «Bunda məqsəd onları qorxutmaq və məni müdafiə etməkdən çəkindirmək idi».

Ancaq Azərbaycan Vəkillər Kollegiyası siyasi mülahizələrlə bağlı vəkillərə təzyiq olunduğu barədə deyilənləri qəbul etmir.

Kollegiyanın sədri Anar Bağırov deyib ki, bu, həmin şəxslərin yol verdikləri qanun pozuntuları üzündən baş verib.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi ötən il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

AİHM İ.Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə avqustun 13-də İ.Məmmədov azadlığa buraxılıb. O, 2 il sınaq müddəti şərti ilə azadlığa buraxılıb.

 

Azalıq Radiosu