Cəmil Həsənlinin Londonda kitabı çap olunub

Monoqrafiada Topçubaşovun 70 illik həyat hekayəsinin, 50 illik ictimai-siyasi fəaliyyətinin məqamları əks olunub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində Londonun “Routledge, Taylor & Francis Group” nəşriyyatı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin “Leadership and Nationalism in Azerbaijan: Ali Mardan bey Topchibashov, Founder and Creator”(Liderlik və millətçilik: Əli Mərdan bəy Topçubaşov, Qurucu və Yaradan) kitabını çap edib.

Bu barədə Cəmil Həsənli məlumat verib.

Kitab Routledge nəşriyyatının Rusiya və Şərqi Avropa tarixi seriyasında (Routledge Studies in the History of Russia and Eastern Europe) nəşr olunur və ona Amerika tarixçisi, Massacüsetts Universitetinin professoru Audrey Altstadt ön söz yazıb. Monoqrafiada Topçubaşovun 70 illik həyat hekayəsinin, 50 illik ictimai-siyasi fəaliyyətinin məqamları əks olunub.

Əsərin belə bir nəşriyyatda çap olunması XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda, Qafqazda və bütövlükdə Rusiya imperiyasında müsəlmanların vəziyyəti, onların öz milli və dini haqları uğrunda mübarizəsi, neft Bakısının sosial-mədəni həyatı haqqında ingilis dilli oxuculara geniş məlumat verir. Kitabda bir müsəlman siyasi xadimi kimi Əli Mərdan bəy Topçubaşovun parlaq obrazı yaradılıb.

Monoqrafiyada bəlli bir dövrdə o, həm tarixin yaradıcısı, həm də tarixi prosesin ağırlığını öz ciyinlərində aparan bir siyasi xadim, Rusiya müsəlmanlarının lideri, Qafqaz türklərinin millət xadimi kimi təqdim edilir. Əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin iki illik tarixində Topçubaşovun yeri, Azərbaycanın müstəqilliyinin Versal Ali Şurası tərəfindən tanınmasında Əli Mərdan bəyin xidmətləri, onun Avropada Azərbaycan və Qafqaz siyasi mühacirətinin ağsaqqalı obrazı oxucular üçün çox cəlbedici görünür.​https://www.routledge.com/Leadership-and-Nationalism-in-Azerbaijan-Ali-Mardan-bey-Topchibashov/Hasanli/p/book/9781138352773

 

Amerikanın Səsi