Mehman Hüseynovun anası hansı səbəbdən vəfat edib?

Həbsdə olan bloqqer Mehman Hüseynovun anası Firəngiz Hüseynovanın vəfatından bir ay keçsə də, onun ölümün səbəbləri barədə tibbi rəy ailə üzvləri ala bilmirlər.

Bu barədə F.Hüseynovanın mühacirətdə olan digər oğlu Emin Hüseynov danışıb.

8 sentyabr – Beynəlxalq Jurnalist Həmrəyliyi günü (1958-ci ildə Buxarestdə Jurnalistlərin 4-cü Beynəlxalq Konfransında təsis edilib) münasibətilə bir qrup media təmsilçisi F.Hüseynovanın məzarı önünə toplaşıb.

​Toplantiya telefon vasitəsi ilə qoşulan E.Hüseynov bildirib ki, həm tibbi rəyi almaq, həm də zərərçəkən statusunda tanınmaqdan ötrü bir müddət öncə atası Rafiq Hüseynov prokurorluğa müraciət edib. Ancaq heç bir cavab verilməyib:

“İkinci dəfə qardaşım Mehman Hüseynov da prokurorluğa ərizə göndərib. Prokurorluqda anamızın ölümü ilə bağlı araşdırma aparılır, ancaq bizə heç bir məlumat verilmir”.

F.Hüseynovanın övladları həm də xəstəxanadakı kamera görüntülərinə baxış keçirilməsini istəyirlər.

F.Hüseynovanın məzarı başında çıxış edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev onu “söz azadlığı qrubanı” adlandırıb.

Bildirib ki, onun iki övladı söz azadlığı uğrunda mübarizələrinə görə analarının yanında ola bilməyib.Bu da analarının səhhətinə mənfi təsirsiz ötüşməyib:

“Firəngiz xanım ana kimi övladlarının taleyindən nə qədər narahat olsa da, bu mübarizədən onları çəkindirmirdi, əksinə dəstək verirdi. Təəssüf ki, Azərbaycan hakimiyyəti yenə özünü çox qəddar apardı, müraciətlərə baxmayaraq, Mehmana anasının son günlərində ona baş çəkməsinə imkan vermədi. Hakimiyyət indi də özünü düzgün aparmır. Ölümün səbəbləri ilə bağlı sənədləri ailəsinə vermirlər. Sanki nəyisə ört-basdır eləmək istəyirlər”.

Emin Hüsenovla Mehman Əliyevin iradlarına, hələlik, Baş Prokurorluqdan və başqa aidiyyatı üzrə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ancaq bir qayda olaraq Azərbaycan rəsmiləri bildirirlər ki, ölkədə heç kimə özünün və yaxınlarının siyasi baxışlarına görə, ayriseçkilik edilmir.

Xatırlatma

Emin və Mehman Hüseynovların anası Firəngiz Hüseynova avqustun 5-dən 6-na keçən gecə vəfat edib.

F.Hüseynova iyulun ortalarında ürək çatışmazlığı diaqnozu ilə Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun vəziyyətinin ağır olduğu, süni nəfəs aparatına qoşulduğu vurğulanırdı.

Hətta M.Hüseynovun vəkilləri onun ağır xəstə olan anası ilə görüşməsinə icazə verilməsindən ötrü rəsmi qurumlara müraciət də etmişdilər.

Ancaq Penitensiar Xidmət müdafiə tərəfinə mənfi cavab verdi. Bloqqer Mehman Hüseynov yalnız anasının ölümündən sonra müdafiə tərəfinin müraciətinə əsasən yas mərasimində iştirak etməkdən ötrü müvəqqəti evlərinə buraxıldı.
Böhtana görə, ötən il 2 il həbs cəzası alan bloqqer ittihamı qəbul etməyərək həbsini fəaliyyəti ilə bağlayır.

Emin Hüseynov isə Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun sədri olub.

Hələ, 2013-cü ildə Azərbaycanın Baş Prokurorluğu ölkədə fəaliyyət göstərən bir sıra yerli və beynəlxalq qeyri hökumət təşkilatlarının (QHT) fəaliyyəti ilə bağlı cinayət işi açıb. Həmin vaxt Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun sədri E.Hüseynov da bu istintaqa cəlb edilib.

E.Hüseynov 2014-cü ilin avqustundan İsveçrənin Bakıdakı səfirliyinə sığınıb.

10 ay səfirlikdə qalan E.Hüseynov 2015-ci ildə Azərbaycanı tərk edib. Onun I Avropa Oyunlarının açılış mərasimində iştirak edən İsveçrənin xarici işlər naziri Didye Burkhalterin təyyarəsi ilə ölkədən çıxdığı deyilirdi. Həmin vaxt İsveçrənin Xarici İşlər Nazirliyindən belə bildirmişdilər.

Nazirliyin rəsmilərindən biri mediaya açıqlamasında demişdi ki, E.Hüseynovun ölkədən çıxarılması iki ölkə arasında uzun danışıqlar nəticəsində baş tutub.

 

AzadllıqRadiosu