Trampın sabiq müşaviri həbs edildi

Tramp kampaniyasının keçmiş müşaviri Corc Papadopolus cümə günü 14 gün müddətinə azadlıqdan məhrum edilib. Hakim deyib ki, o, öz maraqlarını ölkənin maraqlarından üstün tutub.

Bu cəza hökümətin tələb etdiyi altı aylıq həbs cəzasından daha azdır. Lakin Papadopolosun vəkili Tomas Brin deyib ki, hökm ədalətlidir.

ABŞ hakimi Randolf Moss söyləyib ki, Papadopolus Tramp administrasiyasında işə sahib olmaq istədiyi üçün yalan danışıb və o, Rusiya istintaqı ilə əlaqəsi olduğuna görə, bu imkanı təhlükə altına almaq istəməyib.

Papadopolus xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-ci il prezident seçkisinə müdaxiləsi ilə bağlı apardığı istintaq çərçivəsində həbs hökmü alan Trampın seçki kampaniyasının ilk işçisidir. Papadopolus deyib ki, o, ötən il Federal Təhqiqat Bürosunun agentləri ilə müsahibəsi zamanı yalan danışdığına görə, “çox utanır” və əməllərini onların işinə əngəl törətmiş ola biləcəyini də boynuna alıb.

Cümə günü CNN-də yayımlanan müsahibədə Papadopolus deyib ki, o, Tramp kampaniyası rəsmilərinə Rusiyanın əlində ABŞ dövlət katibi və Trampın rəqibi, prezidentliyə namizəd Hillari Klintona ziyan vuracaq emaillərin olduğunu söylədiyini xatırlamır. Lakin o, bu məsələ ilə bağlı onlara məlumat verib-vermədiyini dəqiq söyləyə bilmədiyini deyib.

Müllerin Trampın seçki kampaniyası ilə Moskva arasında mümkün əlaqələrinə dair istintaqında kampaniyanın Rusiyanın onlara Klintona ziyan vuracaq məlumatlar vermək təklifindən öncədən xəbərdar olub-olmadıqları araşdırılır.

Prezident Donald Trampın seçki kampaniyasında xarici siyasət üzrə müşavir kimi xidmət göstərən Papadopolus Müller 2017-ci ilin may ayında istintaqa rəhbər təyin olunanadan öncə bu istintaqa cəlb olunub. O, Müllerin istintaqında günahını etiraf edən və hökm oxunan ilk kampaniya işçisidir.

 

Amerikanın səsi