Rusiyanı etirazlar bürüdü – Canlı yayım

Bazar günü, sentyabrın 9-da bütün Rusiya boyunca pensiya yaşının artırılması əleyhinə aksiyalar keçirilir.

Xəbər verdiyimiz kimi, müvafiq icra hakimiyyəti orqanları yalnız 4 kiçik şəhərdə mitinqlərlə bağlı müraciətə müsbət cavab veriblər. Buna rəğmən Moskva və Sankt-Peterburq da daxil olmaqla, Rusiyanın bir sıra böyük şəhərlərində, o cümlədən Kazan, Xabarovsk, Vladivostok, Omsk, Yekaterinburqda sanksiyalaşdırılmamış mitinqlərin keçirilməsinə cəhd edilir.

Paytaxt Moskvanın Puşkin meydanında keçirilən aksiyada etirazçılar “Putin oğrudur” şüarını səsləndiriblər. Daha sonra etirazçılar Moskva küçələri ilə yürüş ediblər. Yürüş zamanı “Putinsiz Rusiya”, “Rusiya azad olacaq”, “Bu şəhər bizimdir” və digər şüarlar səsləndirilib.

Digər şəhərlərdən fərqli olaraq, Moskvada yürüş başlanan zaman, polis aksiyaya açıq müdaxilə etməyib.

Aksiyaların təşəbbüskarı Aleksey Navalnının qərargahının üzvü Tatyana Zaytseva Dojd.TV-yə müsahibəsində bildirib ki. polis Sankt-Peterburqda və bir sıra digər şəhərlərdə etiraz aksiyalarının yatırtmaq üçün zor tətbiq edib. Müxtəlif şəhərlərdə yüzlərlə aksiya iştirakçısının saxlandığı bildirilir. Məlumata görə polisin xüsusi amansızlığı ilə üzləşən onlarla etirazçı xəsarət alıb. Saxlanılanların arasında qocalar və yeniyetmələr də var.

Aleksey Navalnı avqustun 25-də 30 sutka müddətinə həbs edilib. Mitinqlər ərəfəsində qərargah üzvləri Qeorqi Alburov və Vladimir Milov saxlanılıb. Sentyabrın 9-da isə Korrupsiya ilə Mübarizə Fondunun hüquqşünası Lyubov Sobol həbs edilib.

Sentyabrın 16-da Rusiyada etiraz aksiyaları yenidən bərpa olunacaq. 

 

Mustafa Hacıbəyli

Bastainfo.com