Nikol Paşinyan: “Əgər Azərbaycan güzəştə razıdırsa, Ermənistan da hazırdır”

Paşinyan “Ermənistanla Azərbaycan arasında mövcud olan münasibətləri” xatırladaraq qeyd edib ki, “bu kimi qərarlar [təşkilatın üzvlərindən biri] Ermənistanın razılığı olmadan” qəbul edilə bilməz.

“Biz hər gün Azərbaycan tərəfindən Ermənistanın ünvanına təhdidlər eşidirik. Ermənistanın bu məsələdə aydın mövqeyi bundan irəli gəlir”, – şənbə günü Moskvaya səfəri zamanı Rusiya prezidenti ilə görüşən Nikol Paşinyan Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində deyib.

“Kommersant”ın müxbiri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına müşahidəçi kimi qatılmaq ehtimalı mövzusunun “çoxdan və fəal” müzakirə olunduğunu bildirib.

“Düşünürəm ki, bu niyyətinə çatmaq istəyirsə, Azərbaycana əvvəlcə Ermənistanla münasibətlərin tənzimlənməsi üzərində işləmək lazımdır”, – Ermənistanın baş naziri deyib.

“Müharibə ssenarisi” realdırmı?

“Kommersant”ın müşahidəsinə görə, son zamanlar öz müsahibələrində “tez-tez “müharibə” sözünü dilə gətirən” Paşinyan vəziyyətin əslində o dərəcədə təhlükəli həddə çatmayacağına ümid edir.

“Doğrusu, Qarabağ təmas xəttində [hazırda] olduqca sabitlikdir. Lakin biz Azərbaycan tərəfindən döyüşkən bəyanatlar eşidəndə, bu, münasibətlərimizin gərginlik dərəcəsini artırır”.

Onun sözlərinə görə, Azərbaycan “təxribatçılıq hərəkətlərinə başlamaq üçün” Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsi istiqamətində çalışır.

Lakin Ermənistanla Rusiya arasında “qlobal siyasi problemlər olmadığına görə, Azərbaycanın bu ssenarisi baş tutmadı”.

Paşinyan Ermənistanda baş verən demokratik proseslərin Azərbaycana yayılmasından ehtiyatlanan Azərbaycan rəhbərliyinin, “hər hansı təxribatçı hərəkətləri ilə Qarabağ təmas xəttində vəziyyəti gərginləşdirərək öz vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırmaq və mövcud daxili siyasi problemlərin öhdəsindən gəlmək” istədiyini ehtimal edir.

Putin və Paşinyan

Qarabağ prosesi çıxılmaza düşüb?

Ermənistan Qarabağ prosesini davam etdirməyə hazırdır, lakin bunun üçün müvafiq atmosfer yaradılmalıdır, Paşinyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın “döyüşkən ritorikası” danışıqlar üçün “konstruktiv atmosferə” xidmət etmir.

Ermənistana gəldikdə, Ermənistanın baş naziri olaraq, Nikol Paşinyan bir daha “danışıqlarda Ermənistan Respublikası adından iştirak etməyə hazır” olduğunu dedi.

“Dağlıq Qarabağ xalqı adından isə Dağlıq Qarabağ nümayəndəsi iştirak etməlidir. Bu, bizim danışıqlardan imtina etməyimiz demək deyil, biz istənilən vaxt danışıqlara hazırıq. Lakin mən Dağlıq Qarabağ xalqı adından danışa bilmərəm. Onların öz hakimiyyəti, öz hökuməti, öz prezidenti var”.

Paşinyan bununla “heç bir sensasiya” aşkar etmədiyini və “ATƏT-in Minsk Qrupu həmsədrlərinin hər üç bəyanatında da Dağlıq Qarabağın statusu Dağlıq Qarabağ xalqının öz iradəsinin izhar etməsi yolu ilə həll olunmalıdır” bəyanatının verildiyini bildirir.

“Bəlkə danışıqlar prosesimiz çox da düzgün danışıqlar formatı seçilmədiyi səbəbindən yerindən tərpənmir?” baş nazir deyib.

Dağlıq Qarabağ ətrafı rayonlar

“Kommersant”ın müxbiri xatırladıb ki, problemin həllinə maneə olan və danışıqlar prosesini əngəlləyən erməni tərəfindən asılı məsələlər də vardır – məsələn, “hətta Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınan 7 rayon”.

Paşinyan “hazırda Dağlıq Qarabağ Konstitusiyasına əsasən, bu ərazilərin Dağlıq Qarabağın bir hissəsi” olduğunu desə də, erməni tərəfin “münaqişəni sülh yolu ilə həll etmək imkanını müzakirə etməyə hazır” olduğunu qeyd edib.

“Tez-tez soruşurlar: Ermənistan hər hansı güzəştlərə hazırdırmı? Lakin heç kəs Azərbaycanın güzəştlərə hazır olub-olmadığını soruşmur. Azərbaycan hazırdırsa, biz də hazırıq. Hazır deyilsə, biz də hazır deyilik”.

Ermənistan baş naziri problemin qarşılıqlı güzəştlər yolu ilə həllinin mümkün olduğunu deyərək bir daha Bakıdan səslənən təhdidləri xatırladıb.

“Problem ondadır ki, hər gün Azərbaycan müharibəyə başlamaqla hədələyir, deyir ki, Yerevan Azərbaycan şəhəridir, bütün Ermənistan ərazisi Azərbaycan torpaqlarıdır.

Belə olan halda biz, sadəcə, kompromisdən danışmaq belə istəmirik. Təhdidlər atmosferində bizim kompromislərdən danışmağımız kimlərinsə tərəfindən zəiflik kimi anlaşıla bilər”, – Paşinyan deyib.

Putin-Əliyev və Putin-Paşinyan Moskva görüşləri

“Kommersant” bundan bir həftə əvvəl Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya rəsmi səfəri zamanı 10-a yaxın əməkdaşlıq haqqında müxtəlif sazişlər imzalandığını, Paşinyanın işçi səfəri əsnasında isə heç bir sənəd imzalanmadığına diqqət yetirib.

Paşinyan bunu öz səfərinin sırf işçi, qeyri-rəsmi səfər olduğunu qeyd edib və təxminən son dörd ay ərzində Rusiya prezidenti ilə görüşlərinin bir növ “adaptasiya” xarakteri daşıdığını bildirib.

“Ermənistanda nəhəng siyasi dəyişikliklər baş verib və bütün aidiyyətli şəxslərin – mənim Ermənistandakı, Rusiyadakı həmkarlarıma bu yeni reallıqla adaptasiya gərəkdir. Və bu gün biz bu adaptasiyanın uğurla baş tutduğunu deyə bilərik. Rusiya ilə münasibətlərimiz yeni mərhələyə keçir, konkret nəticələr müşahidə olunacaq mərhələyə…”

Səfər ərəfəsi gərginlik

Ermənistan baş nazirinin səfəri ərəfəsində rəsmi Moskva açıq şəkildə Ermənistanda baş verən son hadisələrdən narahat olduğunu bildirmişdi.

Daha əvvəl Moskva Ermənistanda yaranmış vəziyyət və yeni ölkə rəhbərliyinin öz sələflərinə qarşı “siyasi təqiblərdən imtina etmək haqqında bəyanatlarına zidd hərəkətlərindən” narahat olduğunu vurğulamışdı.

Rusiya xarici işlər naziri Sergey Lavrovun rəsmi bəyanatında, xüsusilə, KTMT baş katibi Yuri Xaçaturovun “2008-ci il 1 mart” cinayət işi üzrə həbs olunmasının Moskvanı narahat etdiyi göstərilib.

Avqustun 31-də isə məlum oldu ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti, hazırda eyni cinayət işi üzrə istintaq altında olan və girovla azadlığa buraxılmış Robert Koçaryanı doğum günü münasibəti ilə təbrik edib.

Təhlilçilər bu faktı Rusiya tərəfindən siyasətə qayıtdığını bəyan edən Koçaryana dəstək eyhamı kimi yozublar.

“Bilirsinizmi, Vladimir Vladimiroviç insani əlaqələri, insani münasibətləri yüksək dəyərləndirən insandır. Bunu yozub, nəhəng siyasi qənaətlər çıxarmaq lazım deyil. Biz, əlbəttə, çox məsələləri müzakirə etmişik və demək istəyirəm ki, Ermənistanda cinayət işləri konkret şəxslərə qarşı deyil, Cinayət Məcəlləsinin pozulması faktı əsasında qaldırılır”, – deyə Pashinyan Ermənistanda hamının qanun qarşısında bərabər olması prinsipinə riayət etməyə çalışdığını bildirib.

“Cinayət Məcəlləsinin pozulması faktı aşkar edilərsə, kimliyindən asılı olmayaraq, cinayət işləri qaldırılır və qaldırılacaqdır”, – baş nazir deyib.

Putin və Paşinyan

“KTMT həm də bizim təşkilatdır”

Paşinyan təhlilçilərin “Rusiyanı qıcıqlandıran” amillərdən biri kimi KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işi ilə bağlı Rusiya və təşkilatın digər üzvləri – Belorus və Qazaxıstanın – narahatlığına dair sualın cavabında: “KTMT həm də bizim təşkilatdır”, – deyib.

“KTMT bizə də, başqa üzvlərə olduğu kimi, əzizdir. 3 il müddətinə baş katib vəzifəsini Ermənistan nümayəndəsi təmsil etməlidir. [Xaçaturov müddətin yarısını işləyib.] Soyadından asılı olmayaraq, nəzərdə tutulduğu müddətin sonunadək bu vəzifədə Ermənistan nümayəndəsi olmalıdır”, – Paşinyan hesab edir.

Lakin məsələ Putinlə görüş zamanı müzakirə olunmayıb. Paşinyanın sözlərinə görə, bunu “KTMT-yə üzv həmkarları ilə müzakirə etmək razılığına” gəliblər.

“Konsensusa gəlməyə çalışarıq. Məsələni əməkdaşlıq və müttəfiqlik atmosferində həll etməliyik”.

Daha əvvəl Ermənistan baş naziri KTMT çərçivəsində əməkdaşlıq məsələsində qeyri-müəyyənlik olduğunu demişdi. Bu məsələni izah edən Paşinyan hesab edir ki, KTMT üzv ölkələrin qarşılıqlı öhdəlikləri və təşkilatın üzv ölkələr qarşısında öhdəlikləri dəqiqləşdirilməlidir.

“Məncə, bu heç kəsə tam aydın deyil… Gəlin unutmayaq ki, bu, kollektiv təşkilatdır. Elə düşünmək lazım deyil ki, kimsə onun nüfuzu və imici haqqında başqalarından daha çox narahat olur… Ermənistan üçün bu, çox mühüm təşkilatdır. Bizim üçün onun həqiqətən səmərəli olması çox vacibdir”, – Paşinyan bəyan edib.

“Azərbaycanla müharibə olsa…”

Müxbirin sualına cavab olaraq, Paşinyan deyib ki, “Azərbaycanla müharibə olarsa”, KTMT öz üzvü Ermənistanın köməyinə yetməlidir.

“Və biz elə mexanizmlər yaratmalıyıq ki, bu, həqiqətən belə olsun. Müqavilənin məğzi bundadır. Lakin mexanizmləri inkişaf etdirmək və reallıqda hər şeyin müqavilədə göstərildiyi kimi baş tutacağı zəmanətləri yaradılmalıdır”, – deyə Paşinyan bu məsələnin Ermənistan üçün vacibliyini vurğulayıb.

Silah tədarükü davam edəcək

Paşinyan Rusiya tərəfindən Ermənistana kredit əsasında silah tədarükünün davam etdiriləcəyi haqqında razılıq əldə edildiyini deyib. Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına və gələcəkdə tətbiq ediləcəyi nəzərdə tutulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi və ya tərəfdaş ölkə statusunda iştirakına rəsmi Yerevanın mənfi yanaşdığını bildirib.

 

BBC