Müsavatın qurultayı: hazırlıq nə yerdədir?

Müsavat Məclisinin 9 iyun 2018-ci il qərarı ilə partiyanın qurultay komitəsi yaradılıb. Hazırlıq işləri nə yerdədir? Partiyanın başqanı Arif Hacılı sentyabrın 13-də Novator.az-ın bununla bağlı suallarını cavablandırıb.

Arif Hacılı qeyd edib ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsi fəaliyyətdədir: “Qurultaya nümayəndəlik norması müəyyən edilib, konfrans və ümumi yığıncaqların keçirilməsi ilə bağlı tapşırıqlar verilib”.

Müsavat başqanı əlavə edib ki, partiya hazırlıq işlərini mümkün qədər tez yekunlaşdırıb qurultayı keçirməyə çalışır.

Qurultayın gündəliyində Məclisin üzvlərini, başqanı və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını seçməkdən başqa hansı məsələlər gözlənir?

Arif Hacılı suala belə cavab verib: “Biz növbəti, hesabat-seçki qurultayına hazırlaşırıq. Seçkilərdən başqa görülən işlər barədə hesabat veriləcək. Fəaliyyət istiqamətləri müəyyənləşəcək. Nizamnamə və proqrama əlavə və dəyişikliklər edilə bilər, bununla bağlı komissiya yaradılıb. Müsavatın qurultayı şəffaf keçirilir və həmişə xüsusi siyasi hadisəyə çevrilir. Bu dəfə də istisna olmayacaq”.

9-cu qurultaya hazırlıq üzrə təşkilat komitəsində başqan Arif Hacılı, sabiq başqan İsa Qəmbər, Məclis sədri Nüşabə Sadıxlı, başqan müavini, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, partiyanın öncül şəxslərindən Razim Əmiraslanlı, Osman Kazımov, Səxavət Soltanlı, Fərəc Kərimli, Tofiq Yaqublu, Elman Fəttah və başqaları var.

Partiya nizamnaməsinə görə, qurultay Müsavatın ali orqanıdır, 4 ildən bir Məclisin qərarı ilə çağırılır.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb.

2014-cü ilin sentyabrında keçirilən 8-ci qurultayda başqan vəzifəsinə Arif Hacılı seçilib.

1962-ci il yanvarın 22-də Zaqatalanın Yuxarı Tala kəndində doğulan Arif Hacılı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1988-ci ildə başlanan xalq azadlıq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı 1991-1992-ci illərdə AXC Ali Məclisinə sədrlik edib.

1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavat Partiyasının üzvü olan Arif Hacılı 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.

 

Bastainfo.com