Ərdoğan parad üçün Bakıya gəldi

Türkiyə prezidenti Receb Tayyip Ərdoğan sentyabrın 15-də Azərbaycana rəsmi səfərə gəlib.

Onun Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı Azadlıq Meydanında keçiriləcək paradda iştirak edəcəyi gözlənir.

Bu gün rəsmi qarşılanma mərasimindən sonra ölkə başçısı İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Rəsmi məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti qeyd olunub.

Türkiyə Prezidentinin səfərinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd edilib. Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda keçirilən paradın əlaqələrimizin tarixində mühüm hadisə olduğu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün, sentyabrın 15-də Bakının işğalçı erməni-bolşevik birləşmələrindən qurtuluşunun 100 illiyi tamam olur.

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun əsgərləri şəhəri işğaldan azad etdilər.

Bundan iki gün sonra isə Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.