Rusiya kəşfiyyatı ifşa edildi: “Noviçok şübhəliləri” 2009-cu ilədək “mövcud olmayıblar”

Martın 4-də Rusiyanın keçmiş casusu Serqey Skripal və qızı Yuliyaya qarşı sui-qəsd etməkdə şübhəli bilinən Ruslan Petrov və Aleksandr Boşirov haqda yeni ifşaedici məlumatlar üzə çıxıb.

Bellingcat Müstəqil təhqiqatlar təşkilatının araşdırması ortaya çıxarıb ki, Skripalı zəhərləməkdə ittiham olunan iki nəfərin 2009-cu ilədək heç bir sənədlərdə qeydiyyatı olmayıb, – AzadlıqRadiosu məlumat verir.

Bu o deməkdir ki, “Noviçok” şübhəliləri Ruslan Boshirov və Aleksandr Petrov real şəxsiyyətlər kimi 2009-cu ilədək mövcud olmayıblar. Lakin bu həm də o demək ola bilər ki, bu adamlar məxfi agent və ya hökumət əməliyyatçılarıdır.

Qeyd edək ki, London polisi şübhəlilərin Rusiya Kəşviyyat İdarəsinin zabitləri ola biləcəyini ehtimal edir. Böyük Britaniyanın baş naziri Tereza Mey Skripallara edilən sui-qəsdin arxasında Rusiya dövlətinin başında duran şəxslərin dayandığını bəyan etmişdi. Rusiya bu idianı təkzib etdikdən sonra, Petrov və Boşirov dövlət televiziyasına müsahibə verərək, Skripallara sui-qəsdin onlara aid olmadığını, martın 4-də Solsberiyə turist olaraq getdiklərini bildirmişdilər.

Bellingcat isə sentyabrın 14-də bəyan edib ki, onun The Insider Russia qrupu ilə birlikdə apardığı araşdırmanın nəticəsi Kremlin Boşirov və Petrovun İngiltərənin Solsberi şəhərinə turist kimi getmiş adi vətəndaşlar olması barədə iddiasının doğru olmadığını göstərir.

Bellingcat bunu da bildirir ki, bu iki nəfərə 2009-cu ildə adlı-soyadlı daxili pasportlar verilsə də, həmin ildən əvvəl onların adına heç bir sənəd yoxdur.

Təhqiqatçıların fikrincə bu onu göstərir ki, Boshirov və Petrov adları Rusiya xüsusi xidmətlərinin iki əməkdaşına onların kimliyinin gizlədilməsi üçün verilib:

“Maraqlıdır ki, bu iki şəxsdən birinə aid pasport sənədlərində “tamamilə məxfi” qrifi var. Bellingcat-in məşvərətçisi olmuş mənbələrin dediyinə görə belə qriflərdən məxfi xidmətlərin və dövlət əməliyyatçılarının sənədlərində istifadə olunur”.

 

Bastainfo.com