Azər Kazımzadənin mühacirət hekayəsi

Mustafa Hacıbəyli

Azər Kazımzadə dünən axşam özünün feysbuk səhifəsində yazmışdı: “Hal-hazırda polislər məni Tiflisdə polis idarəsinə aparırlar”.

Sonra polisdən sərbəst buraxıldığını yazdı: “3 saat dindirilmədən və 2 saat izahat almadan sonra indi polis idarəsindən çıxdım.İlk 3 saatı özümü Gurcustan Polis idarəsində yox Bakıdakı polis bölmələrinin birində hiss etdim.Nisbətən vəziyyət yaxşıdı. Dəstək verən hər kəsə minnətdarlığımı bildirirəm. Sabah ətraflı geniş yazacam”

Sosial şəbəkədə hamı gürcü polisini və gürcü demokratiyasını söyməkdə ikən, ortaya yeni məsələ şıxır. Azər Kazımzadə bu gün yazır ki, dünən onu izləyiblər, o evə gedib, izləyənlər evinə hücum ediblər, qapını dağıdırlarmış. Azər Kazımzadə yazıb ki, “polisə yığdım hətta telefonda qışqırdım ki həyatıma təhlükə var”.

Bunu oxuyandan sonra mən belə başa düşdüm ki, dünən Tbilisidə onu polisə, özünüzün təhlükəsizliklə bağlı müraciəti əsasında aparıblar.

Maraqlıdır ki, Azər Kazımzadə polisə getməmişdən əvvəl ora aparıldığını feysbukda yazıb, amma həyatına təhlükə olduğunu həmin məqamda yazmayıb. Maraqlıdır ki, buraxıldıqdan sonra da gürcü polisindən narazılığını ifadə edib, amma iki nəfərin onun yaşadığı evə hücum etdiyini, həyatına təhlükə olduğunu yazmayıb. Polisə özünün zəngindən sonra aparıldığını da yazmayıb. Əgər bu hücum barədə yazmamaq, təhlükəsizliklə bağlı olubsa, indi niyə yazıb, nə dəyişib?

Maraqlıdır ki, indi də yazır “hücum edənlərin adları artıq mənə məlumdur, onların şəkilləri də var” – amma adları yazmır, şəkilləri dərc etmir. O da maraqlıdır ki, bu olay, tam olaraq onun Avropaya mühacirəti ərəfəsində baş verir. Təsvir də maraqlıdır: “Evə gəldim təqribən 15-20 dəqiqə keçmişdi gördüm qapı döyülür qapıya çıxanda gördüm ki heç kim yoxdur” – belə səhnələr fantastik filmlərdə olur adətən. Süjetin davamı isə bu epizodla heç uyğun gəlmir: Qapı açılanda gizlənən hücumçular, sonra fərqli davranırlar, yenidən qapını döyür, hətta sındırmağa çalışır, “Aç qapını səninlə təcili danışmalıyıq” deyirlər. Danışmaq, yaxud hücum etmək istəyən şəxs bundan əvvəl qapı açılanda niyə gizlənsin ki? Məntiq yoxdur. 

Yadıma başqa bir jurnalistin hekayəsi düşdü. Yazmışdı ki, ona sui-qəsd etmək istəyirlər, yazmışdı ki, bu məlumat ona iki dəfə müxtəlif mənbələrdən çatdırılıb. Yazmışdı ki, iki ölkənin xüsusi xidmət orqanı bu işdə killerə yardım edir. Yazmışdı ki killerin də adı, mənbənin də adı ona məlumdur, – “amma onların kim olduğunu demərəm”.

Allah bütün jurnalistlərə can sağlığı versin, xoşbəxtlikdən, iki ölkənin xüsusi xidmət orqanlarının dəstəyini alan killer bir ildən artıqdır ki, hələ həmkarımıza yetişə bilməyib.

Əgər hakimiyyət kimisə aradan götürmək, tutmaq, oğurlamaq, döymək istəyirsə, bunu problemsiz, “nakladkasız” edir: ortada Elmar Hüseynov təcrübəsi, Əfqan Muxtarlı təcrübəsi var.

Nə qədər ki, “qurbanlar” “təcavüzkarların” adlarını və şəkillərini “bilə-bilə” gizli saxlayır, “Məni də istədilər, amma bacarmadılar”, “”əclaf şüvən saldı, tökülüşəcəklər bura, gedək, sonra gələrik” deyib qaçdılar” məzmunlu hekayələrə inanmıram. Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı nə desən eləyər, amma Tbilisidən gələn son xəbərin, başqa məsələ olduğu daha inandırıcıdır. 

Əgər kimsə Avropada sığınacaq barədə ərizəyə daha təsirli hekayə yazmaq, yaxud oxucu, reytinq toplamaq istəyirsə, lütfən, bunun üçün jurnalistlər və Azərbaycanda onlara olan real təhlükə mövzusunu istismar etməsin.

Bastainfo.com