Konstitusiya Məhkəməsi borcluların yox, bankların xeyrinə qərar verdi

Konstitusiya Məhkəməsinin Plenumunu xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərar verdiyi bildirilir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, Plenum Fərhad Abdullayevin sədrliyi ilə xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirib.

İclasda Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb. Plenumun iş üzrə hakim K. Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinlədiyi, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etdiyi bildirilir.

Verilən məlumata görə, qərarda Azərbaycan Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına istinad edilir.

Qərarda yazılıb ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

Qərarın verilməsini Apellyasiya Məhkəməsi istəmişdi

Bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsini xahiş etmişdi. Həmin maddə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlıdır.

Xarici valyutada krediti olanlar, eləcə də bir çox hüquqşunas ekspertlər manatın devalvasiyasının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməsini gözləyirdilər. Belə olan halda, kredit müqavilələrinə də dəyişiklik etmək mükün olacaqdı.

Bakı Apellyasiya Məhkəməsi müraciətində Konstitusiya Məhkəməsi qarşısında 3 sual qoymuşdu. Suallardan biri milli valyutanın devalvasiyasının kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab olunub-olunmaması ilə bağlı idi.

Eyni zamanda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin kredit münasibətlərinə tətbiq edilib-edilməməsi və ləğv edilmiş müqavilələrin nəticələrinin hansı qaydada tənzimlənməli olduğu soruşulurdu.

Konstitusiya Məhkəməsinin əvvəllki qərarı

2015-ci ilin ortalarında Konstitusiya Məhkəməsi qərara alıb ki, həmin il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı anda mövcud məzənnə üzrə ödənilməlidir. Bununla da məhkəmə kreditin götürüldüyü məzənnə ilə qaytarılması ilə bağlı borcluların ümidlərinin üzərindən xətt çəkib. Həmin ilin dekabrında manat ikinci dəfə devalvasiyaya uğrayıb.

Xatırlatma

1 dollar birinci devalvasiyada 78 qəpikdən 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib. Ancaq, əsasən, son bir ildə manatın məzənnəsi sabit qalmaqdadır. Hazırda 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabərdir.

Son rəsmi məlumatlara görə, Azərbaycan banklarında problemli kreditlərin həcimi 1,8 milyard manata çatıb.

 

AzadlıqRadiosu