Jurnalist polisə aparıldı, reportajına görə təhqiqat başlandı

Jurnalist Fatimə Mövlamlı yenidən həbs edilə və mühakimə oluna bilər. Bu barədə o, sosial şəbəkədə yazıb.

Sentyabrn 21-də Bakıdakı 19 saylı poliklinika rəhbərliyinin şikayəti əsasında onu Yasamal rayon 29-cu polis bölməsinə aparıblar. Saat 13:30-dan 18:00-dək polisdə olub.

Poliklinika həkimlərinin fəaliyyəti haqda reportaj hazırladıqdan sonra F.Mövlamlıya qarşı cinayət işi başlanıb.

Reportaj poliklinikada ona veriləcək dərmanı ala bilməyən şəkər xəstəsinin şikayəti ilə hazırlanıb.

Reportaj Azad Soz saytında yayımlanıb.

“Videoyazı zamanı baş həkim və üç qadın -poliklinikanın həkimləri mənə hücum etdilər. Kameranı almağa çalışdılar. Məni icazəsiz çəkiliş aparmaqda ittiham etdilər. Onlar Yasamal Rayon Polis İdarəsinə şikayət ediblər. Orada mənə qarşı CM-in 322.1-ci maddəsi (özbaşınalıq) ilə cinayət işi qaldırılıb. Məni 500 manat cərimə və ya altı ay həbs cəzası gözləyir”, – F.Mövlamlı yazıb.

Xatırladaq ki, bundan öncə də fəal təzyiqlərə məruz qalıb. Belə ki, 2018-ci il martın 31-də “Diktatoru tanı” aksiyasında iştiraka görə polis tərəfindən saxlanılmışdı. O, beş gün həbsdə olub. Mayda isə onu ölkədən buraxmayıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən şərh almaq cəhdləri nəticə verməyib. Turan-ın sorğusuna cavab olaraq bildiriblər ki, yalnız bazar ertəsi məsələyə aydınlıq gətirilə bilər, çünki şənbə iş günü deyil.

Fatimə Mövlamlı “Basta”ya açıqlamasında reportaja görə təhqiqatın davam etdiyini, hələ azadlıqda olduğunu, bu gün, sentyabrın 22-də məsələ ilə bağlı hər hansı gəlişmənin olmadığını bildirib. 

 

Bastainfo.com