Naxış

Rəhman Bədəlov

İnanıram ki, çoxunuz Səidin “Oriyentalizm” kitabını oxumusunuz, hər halda xəbəriniz var. Səid uzun illər Qərbdə çalışır və kitabının əsas fikri odur ki “Şərqi” Qərb uydurub (əslində “Qərb”idə dırnağa alsaq düzgün olar, artıq ikisini də dırnaqsız verirəm), Şərqə “oriyent” damğası vurub. Başqa sözlə desək, Qərb üçün Şərq mədəniyyəti naxışdı, gözəl olsa da, dilsizdi, laldı, özü haqqında söz deyə bilmir, lazımı sözlər kənardan (Qərbdən) deyilməlidi.

Səidlə işim yox, Qərbdə kifayət qədər dartışılıb, hörmət qazanıb, hər halda düşüncəyə, fikrə təkan verib. Mən keçirəm o “Şərq” deyilən ölkələrə, onların mədəniyyətinə, onlarım lal olub-olmadığına, o cümlədən “Şərq” adlandırdığımız “bizlərə”.

Yaxşı, deyək ki, Qərb bizi uydurub, hökmranlığını gücləndirmək üçün, bəs görəsən niyə biz özümüz, könüllü olaraq, bu “oriyenti”, bu naxışı seçmişik?

Russonun bir fikri var, əzbər bilməsəm də, mənası yadımdadı. Russo deyir ki, bəzi insanlar təcavüz nəticəsində kölə olublar, sonradan isə, öz ixtiyarları ilə, könüllü, köləliyi seçiblər. Heç bir müqayisə tam olmur, amma hər halda düşünək.

Bu “naxışları” müxtəlif sahələrimizdə, müxtəlif işlərimizdə görürəm (təbii, başqa ad da tapmaq olar, mənimki düşüncəyə təkan verməkdi).

Bir neçə misal:

Metroda belə bir şüara rast gəlirik: “Plastik paketlərdən imtina edək”. Əla, bütün dünya bu barədə danışır, Abşeronumuzu dağıdan elə o paketlərdi. Necə olub o şüar metroda yerləşdirilib, bilmirəm, təbii metro işçilərin təşəbbüsü deyil. Amma bir məsələdə yanılmayaq, o təşəbbüsü düşünənlər də (təbii, ictimai resursu olanlar), həyata keçirənlər də, bu şüara ciddi yanaşmıyıblar, texnolojini düşünməyiblər. Sadəcə naxışdı, oxusanız da, fikir verməyin.

Başqa bir misal, yenə metro həyatımızdan. Bilmirəm 3 ildi, 5 ildi, səhər, axşam, yay, qış, metro reproduktorları bizə tapşırır “şübhəli şəxs gördükdə, dərhal… “. Özüm özümə sual verirəm, görəsən bu “şübhəli şəxslər” necə olur, buynyzy olur, qara eynək taxır, pis-pis sözlər deyir, amma sonra özüm özümə deyirəm, hamı kimi işində ol, fikir vermə, sadəcə naxışdı. 

Başqa bir misal. Son illərdə (son onillklərdə), bir neçə dəfə, müxtəlif tərcümələr təşəbbüsü ilə rastlaşmışam, bir təşəbbüsdə iştirak etmişəm (keçin günahımdan). Hər dəfə özümə də, başqalara da eyni sual verirəm, bu tərcümələr lazımdımı, döğrudanmı bu tərcümələr özümüzü və dünyanı anlamaqda kömək edəcək? Hər dəfə cavab almıram. Lazımdı, vəssalam, başqalardan nəyimiz əskikdi?

Düzünü deyim bir cavab aldım, demək olar ki kənardan, konseptual rəssamımızdan. Konseptual sərgilərimizin birində belə bir interyer qurulmuşdu: kreslo, masa, masa üstü lampa, rəflər, rəflərdə kitablar. “Kitablar”, üz qabığı parlaq, səhifələr boş, yazısız. Onda başa düşdüm, əsas təşəbbüsdü, əsas tərtibatdı, əsas rəfdi. Bir sözlə, əsas naxışdı.

Son misal (halbuki davam edə bilərdim), bizdəki seçkilər. Hər dəfə müxalifət bir tərəfdən, xarici təşkilatlar o biri tərəfdən, içimizdən olan fəallarımız üçüncü tərəfdən, eritazlarını bildirirlər, hüquqlar eyni olmadı, saxtalaşdırıldı, belə seçki olmaz, dünya bizə gülür, və s. və i.a.

Amma bizim müdrik insanlarımız həyəcanmır, naxış naxışdı, “MSK”nın özünə də naxış kimi baxsanız, həyəcanlanmayacaqsınız, hirsiniz soyuyacaq.

Bir sözlə. Məncə, Səid müdrik insandı, sadəcə olaraq, ünvanları qarışdırıb…

 

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.

Bastainfo.com