Vəzirovu reabilitasiya etmək cəhdi

Polimeka

Vaqif Hacıbəyli

Vəzirovu siyasi reabilitasiya etmək cəhdlərini görürəm. Xüsusən Qarabağlı dostlar bu prosesdə çox fəaldılar. Belə çıxır ki, mən də İlisulularla qohum olmağım səbəbindən İmam Müstafayevi reabilitasiya etməliyəm. Amma bu quyamçı Surət Hüseynovun dostunu təbliğ edə bilməyəcəyəm. Çünki, millətin taleyi üçün vacib məqamlarda özünü ləyaqətli apara bilməyən siyasi xadimləri təbliğ etməyin özü də ləyaqətli hərəkət deyil.

Vəzirova gəldikdə isə, o Azərbaycanda hakimiyyətə gələn ili universitetin hüquq fakultəsini təzə bitirirdim, lakin o vaxt artıq 3 illik “raykom” işçisi stajım vardı. Yəni onun şəxsiyyətini dərk edəcək səviyyədə olduğum üçün mənim Vəzirova münasibətim də kor-koranə olmayıb. Yəni, indi Vəzirovun təzə çap olunan kitabını oxuyaraq “ona kor-koranə nifrət eydiyim üçün indi utanıram” deyərək? burada fikrini bildirən soydaşımızdan fərqli olaraq, mənim ona münasibətim tam şüurlu olub və hansısa təbliğata görə formalaşmayıb.

Bəli, o düzdür ki, Vəzirov “böyük yolun quldurlarından” biri deyildi. Onun hakimiyyətdə olduğu müddətdə mənə də bir çox vəzifələr təklif edildi və bu mənada mənim ona qarşı nəsə şəxsi qərəzim də yoxdur. 

Vəzirov həqiqətən “Əliyevşina” dövründəki mafiya dəstələri ilə əlaqədə olmayanları irəli çəkmək istəyirdi. Amma o, xarakterinə görə tipik bir komsomolçu olaraq qalmışdı, dövlət adamı səviyyəsinə qalxa bilməmişdi. Azərbaycana rəhbərlik etdiyi dövrdə, o, özünü yuxarıdan verilən hər bir tapşırığı böyük canfəşanlıqla yerinə yetirməyə hazır olan bir komsomolçu kimi apardı. Əliyevçilərin kökünün kəsilməsi tapşırığını da o Moskvadan almışdı. Moskvadan aldığı tapşırığa əsasən Bakıda “yerazlara” qarşı təxribatlar törətmək tapşırığını verən də o idi, 20 yanvar ərəfəsində Milli Müdafiə Şurası yaradıb Moskvanın hərbi təcavüzünə siyasi şərait yaradan da. Ermənilər Bakıya qayıdanda “muştuluğumu verin, ermənilər qayıdır” deyib xalqa xitab edən də Vəzirov olub, erməniləri Bakıda pəncərələrdən atıb, əşyalarını küçədə yandıranda ondan bu əməllərə qarşı qəti tədbirlər görməsini tələb edən Yusif Səmədoğluna “pust rebyata razveyatsya” (qoy uşaqlar “kef eləsin”) cavabını verən də.

Mənim qənaətimə görə, Vəzirov riyakar və şəxsiyyətsiz bir kölə idi. Belə bir adamın ölkənin ən məsuliyyətli anlarında hakimiyyət sükanı arxasında olması bizim milli faciələrimizdən biri oldu.

İndi o dövrün mənfi qəhrəmanları olan Rəhim Qazıyev də, Nemət Pənahlı da, hətta Mütəllibov da Vəzirov kimi ömürlərinin və siyasi bioqrafiyalarının qürub vaxtı özlərini təmizə çıxarmaq üçün çox dəridən-qabıqdan çıxırlar. Lakin həmin adamlar 30 il bundan əvvəl ləyaqətli mövqe tutsaydılar, indiki canfəşanlıqlarına ehtiyac qalmazdı. Bu tarix olub və bitib. Onu dəyişmək artıq mümkün deyil.

 

Bastainfo.com