Bakını niyə su basdı?

“Bakıda su aparan xətlər birdən-birə çox həcmdə suyun aparılmasını çatdıra bilmədiyindən küçələrdə sel yarandı”, Səbael rayonu icra hakimiyyəti başçısının müavini Abid Əliyev deyib.

Bazar günü Bakıya yağan leysandan sonra şəhərin mərkəzi küçələri su altında qalıb, nəqliyyatın hərəkətində ləngimələr, tıxaclar yaranıb, bir neçə yeraltı və metro keçidlərinə su dolub.

Sosial şəbəkələrdə istifadəçilər Bakının müxtəlif yerlərindən çəkilmiş və maşınların, adamların yolda qaldığını, yağış sularının metro və yeraltı keçidlərə dolduğunu göstərən video görüntülər paylaşaraq yerli hakimiyyəti sərt tənqid ediblər.

“Bizim sistemlər hamısı işlək vəziyyətdə olmasına baxmayaraq, o suyu çatdırıb eyni anda ötürə bilmirdi”, “Azərsu” rəsmisi BBC News Azərbaycancaya bildirib.

Ziya Bünyadov körpüsündə sel suları, tıxac yaranıb, yağış suyunda tıxac, 3 saat tıxac, probka, Bakıda probka
Bakıda tıxac

“Sovetdən qalma problem”

“Yağışdan sonra bir az su yığıldı, sonra da çəkilib getdi, elə bir ciddi fəsad verməyib”, – şəhərin mərkəzi rayonlarından biri olan Səbael rayon icra hakimiyyətinin rəsmisi Abid Əliyev BBC News Azərbaycancaya bildirib.

Abid Əliyevin sözlərinə görə, “güclü yağış yağması Azərbaycan üçün xarakterik” deyil: “Ona görə də çox yağış-qar yağanda biz buna hazır olmuruq. Bu yağış bizim region üçün qeyri-adi idi və bizim su ötürücülərin onu ötürməyə gücü çatmır”.

Abid Əliyev bildirib ki, bu problem bir-iki günün işi deyil, sovet dönəmindən qalma problemdir.

“Suların yığılmasının əsas səbəbi qısa müddətdə intensiv yağış yağması ilə bağlı olub. Bizim sistemlər hamısı işlək vəziyyətdə olmasına baxmayaraq, o suyu çatdırıb eyni anda ötürə bilmirdi və ona görə də biz məcbur qalıb, sahil kollektorunun iki xəttini açıb suları dənizə buraxdıq”,- Anar Cəbrayıllı belə deyib.

O deyib ki, normal yağış yağsa, heç bir problem olmayacaq, amma belə leysan xarakterli intensiv yağış yenə yağsa, harasa su yığıla bilər.

“Belə leysan istənilən kommunikasiya qurğularına problem yarada bilər”

“Bakı amfiteatr formalıdır, bu gün “20 yanvar”a, “Yasamal”a, “Nəsimiy”ə yağan yağış suları hamısı yığılıb şəhərin aşağı hissəsinə, Neftçilər prospektinə, sahil zonasına gedir, ona görə də kommunikasiya qurğuları suyun nəql edilməsini çatdıra bilmir”.

Qurum rəsmisi bildirib ki, prezidentin yağış sularının ötürülməsi ilə bağlı 2016-cı ildə imzaladığı sərancama əsasən Azərsu ASC şəhərin müxtəlif nöqtələrində 14 yağış suyu layihəsini icra edib.

Ziya Bünyadov körpüsündə sel suları, tıxac yaranıb

“Yasamal, Nərimanov, Xətai, Sabunçu rayonlarında və başqa yerlərdə işlər gördük, yağış sularının ötürülməsi ilə bağlı işlər görülüb. Ötən il bu işlər öz nəticəsin verdi, o ərazilədə fəsadlar olmadı”,- Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, artıq bu sərəncamla bağlı işlər başa çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən isə xəbər verilib ki, sentyabrın 23-də Bakıya çox yağış yağıb.

Beləki, aylıq norma 17.2 mm olduğu halda dünən paytaxta 21 mm yağıntı düşüb və bu aylıq normanın 122 faizini təşkil edib.

 

BBC