‘Uzaqbaşı, vəkilliyi əlimdən alacaqsınız…’ – Daha bir vəkil Kollegiyadan çıxarıla bilər

Vəkil Aqil Layıcov iki gün öncə – sentyabrın 22-də Facebook səhifəsində ona qarşı təzyiqlər, hədə-qorxu barədə fikirlərini paylaşıb: «Həbsdə camaatın yanına yeməyini, əsas dərmanlarını buraxma, həmin şəxsi ac saxla, faktiki aclığa məhkum et, sonra da olanları vəkilin üstünə at, vəkilə hədə-qorxu gəl. Uzaqbaşı, vəkilliyi əlimdən alacaqsınız, qorxum yoxdur. Sanki şəxsi aclığa və xəstəliyə düçar edən vəkillər imiş. Sonra da şəxsin vəziyyəti pisləşəndə vəkildən yardım istə. Elə bil, vəkilin yemək buraxmamaq, sovqat qəbul etmək və ya etməmək kimi səlahiyyətləri var. Ayıbdır və artıq kulminasiya nöqtəsidir…».

Keçmiş bankirə görə «cəzalandırılır»

A.Layıcov AzadlıqRadiosuna bu yazıda söhbətin konkret hansı dustaq və vəkilindən getdiyini də açıqlamaq istəməyib. Ancaq yazının məzmunundan söhbətin onun özündən və müvəkkili olan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevdən getdiyi ehtimal olunur. «Uzaqbaşı, vəkilliyi əlimdən alacaqsınız» cümləsi məhz onun özünün təzyiqlərlə üzləşdiyini deməyə əsas verir.

C.Hacıyevin ailə üzvləri bugünlərdə bildirmişdilər ki, son vaxtlar ona telefon zəngi və yaxınlarıyla görüş qadağası qoyulub, yanına göndərilən sovqatı belə qəbul etmirlər. Ona görə də C.Hacıyev aclıq aksiyası keçirir.

Penitensiar Xidmət isə aclıq xəbərini təsdiqləməmişdi.

C.Hacıyev
C.Hacıyev

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, A.Layıcov Vəkillər Kollegiyasından uzaqlaşdırılmaq təhlükəsiylə üzləşib və məqsəd də onu elə C.Hacıyevin işinə görə cəzalandırmaqdır.

«Vəkillər Kollegiyası rəhbərliyinə A.Layıcovun cəzalandırılması üçün müraciət olunub. Cahangir Hacıyevlə bağlı yeni cinayət işinin istintaqında Aqil Layıcovun davranışı – müvəkkilinin mövqeyini müdafiə etməsi, geri çəkilməməsi istintaq orqanını narazı salıb. Ona görə kollegiya rəhbərliyinə şikayət olunub ki, onu cəzalandırsınlar», – AzadlıqRadiosunun əldə etdiyi məlumatda belə deyilir.

A.Layıcov özü xəbəri nə təsdiq, nə də təkzib edib. Bildirib ki, bu barədə ümumiyyətlə, danışmaq istəmir.

Qeyd edək ki, indiyədək siyasi işlərə çıxan bir neçə vəkil Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Vəkillər bunu cəza tədbiri saysa da, qurum iddiaları rədd edib.

«Onun haqqında araşdırma gedir, amma…»

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov isə AzadlıqRadiosuna bildirib ki, prokurorluqdan və ya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (C.Hacıyev haqqında cinayət işinin istintaqı bu idarədə aparılıb-red.) A.Layıcov barədə hər hansı şikayət daxil olmayıb:

A.Bağırov
A.Bağırov

«Aqil Layıcovla bağlı bizdə başqa intizam işi var, uzun müddətdir araşdırılır. İntizam Komissiyası vəkilin özünün iştirakıyla araşdırma aparır. Həmin şikayətin halları barədə məlumat verə bilmərəm. Çünki bu, vəkil sirrini təşkil edən məlumatlardır. Ancaq prokurorluqdan və ya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bizə onunla bağlı şikayət daxil olmayıb».

Vəkillər Kollegiyasının Rəyasət Heyəti A.Layıcovu 2018-ci ilin yanvarında Baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında cəzalandırmışdı. O zaman 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan C.Hacıyevin müsahibəsinin mətbuatda yayılmasına görə onun vəkillərindən A.Layıcova töhmət verilmiş, Fəxrəddin Mehdiyev isə bir il müddətinə vəkillikdən uzaqlaşdırılmışdı. A.Layıcov haqqındakı cəza qərarını ədalətsiz sayır, sözügedən müsahibənin mətbuata necə gedib çıxmasından xəbərsiz olduğunu deyirdi.

A.Layıcov ictimai-siyasi fəallardan «Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirlinin də vəkili olub. Hazırda isə AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmlinin hüquqlarını müdafiə edir.

2015-ci ilin dekabrında həbs edilən C.Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və başqa əməllərdə suçlanaraq, 15 il azadlıqdan məhrum edilib. Ancaq o, ittihamları qəbul etmir.

C.Hacıyevdən sonra da Beynəlxalq Bankın ətrafında qalmaqallar bitməyib. Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. (Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir). Bundan əvvəl isə ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.