Ölüm ayağında olan atasını görmək üçün Bakıya qayıdan müsavatçı mühacir həbs olundu

Müsavat Partiyasının Suraxanı rayon təşkilatının üzvü Azad Həsənli ölüm ayağında olan atasını görmək üçün dünən mühacirətdən vətənə dönüb və bu gün səhər saatlarında həbs olunub.

Bu haqda Müsavat başqanının müavini Səxavət Soltanlı məlumat yayıb. 

Azad Həsənlinin xanımı Təranə Həsənovanın verdiyi məlumata görə, o, Bakı hava limanında problemlə üzləşməsə də, sonradan həbs edilib. 

“Azad dünən saat 9-da Bakıya zəng vurdu. Dedilər atan can verir. O, təcili bilet aldı və saat 3-də Bakıya çatdı. Problemsiz sərhədi keçib, günortaya qədər atasıyla bir yerdə olub. Sonra məscidə gedib namaz qılmağa. Orada 662 nömrəli qara Hundai maşından düşən mülki formalı şəxslər, onun qollarını burub maşına oturdublar. Qardaşı  yaxınlaşıb kömək etmək istəyəndə, onu sinəsindən itələyib deyiblər ki polisdənik”, – deyə, Təranə Həsənova “Basta”ya bildirib.

Azad Həsənlinin harada saxlandığı bilinmir.

Müsavat Partiyası mətbuat xidmətinin verdiyi məlumata görə,  Azad Həsənli 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevral ayından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.

 

Bastainfo.com