Müsavat başqanı Azad Həsənovun dərhal azadlığa buraxılmasını tələb edir

Dünən Bakıda özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən saxlanılan Müsavat Partiyasının üzvü Azad Həsənovun harada saxlandığı bilinmir.

Ailə üzvlərinin verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə bununla bağlı müraciət edilsə də, hələlik hər hansı cavab verilməyib.

Müsavat Partiyasının başqanı Arif Hacılı müsavatçı mühacir Azad Həsənovun saxlanmasını Azərbaycan hakimiyyətin qisasçılığı kimi qiymətləndirib və onun dərhal azad okunmasını tələb edib.

Azad Həsənov Əfqan Muxtarlı ilə birgə Müsavat Partiyasının mitinqində

“Dünya dəyişir. Qisasçılıq, intiqam kimi duyğular tarixdə qalır, unudulur. Paşinyan Makronla ailəvi selfi çəkdirir. Əliyev rejiminin repressiya maşını isə öz işindədir. İndi də Müsavat Partiyasının fəal üzvü Azad Həsənli ağır xəstə olan atasına baş çəkməyə gələrkən həbs edilib.  Gözünüzü açıb dünyada nələr baş verdiyinə baxın. Bütöv bir millətə zülm etməkdən əl çəkin. İnsanlara öz normal həyatlarını yaşamağa imkan verin! Azad Həsənli və bütün siyasi məhbuslara azadlıq!”, – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, Müsavat Partiyasının Suraxanı rayon təşkilatının üzvü Azad Həsənov ölüm ayağında olan atasını görmək üçün oktyabrın 11-də vətənə dönüb və bundan bir neçə saat sonra evinin yaxınlığında saxlanılıb.  Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevral ayından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.

 

Bastainfo.com