Osman Kazımov müsavatçının oğurlanması ilə bağlı prokurorluğa və DİN-ə müraciət etdi

Vəkil Osman Kazımov Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü, siyasi mühacir Azad Həsənovun özünü polis kimi təqdim edən mülki şəxslər tərəfindən tutulduqdan sonra itkin düşməsi ilə bağlı baş prokuror Zakir Qaralova və daxili işlər naziri  Ramil Usubova müraciət edib.

Müraciətdə deyilir:

“Hövsan qəsəbə sakini Həsənov Azad Ayaz oğlu 11 oktyabr 2018-ci il tarixdə günorta saatlarında Hövsan qəsəbəsində mülki geyimli şəxslər tərəfindən 99-662 dövlət nömrə nişanlı qara rəngli avtomobilə otuzdurularaq naməlum istiqamətdə aparılmışdır. Aradan bir gündən artıq vaxt keçməsinə baxmayaraq Azad Həsənovdan hər-hansı məlumat yoxdur.

Həsənov Azad Ayaz oğlunun yerini müəyyənləşdirmək üçün bu gün Suraxanı rayon Polis idarəsində oldum.Orada mənə bildirildi ki, Suraxanı rayon Polis İ darəsində belə şəxs saxlanılmayıb.Mənə Xəzər rayon polis idarəsinə və BMCMİ-nə müraciət etmək tövsiyyə olundu. Xəzər rayon polis idarəsindən mənə bildirildi ki, Həsənov Azad Ayaz oğlu adlı şəxs onlar tərəfindən də saxlanılmamışdır və müvəqqəti saxlama təcridxanasında da belə şəxs yoxdur.

Bundan sonra mən BMCMİ-nin inzibati binasına gələrək Azad Həsənovun orada saxlanılıb-saxlanılmaması ilə bağlı müraciət etdim.BMCMİ-dən mənə bildirildi ki, Həsənov Azad Ayaz oğlu adlı şəxs bu idarə tərəfindən saxlanılmamışdır və idarədə yoxdur. Bundan sonra Baş Prokurorluğun və Ombudsman aparatının qaynar xətti ilə əlaqə saxlayaraq məlumat verdim. Artıq xeyli müddət keçməsinə baxmayaraq hər-hansı məlumat ala bilməmişəm. Bu qədər məlumat və axtarışdan sonra Həsənov Azad Ayaz oğlu barəsində məlumat ala bilməməyim onun sağlıq durumu haqda ciddi narahatlıq yaratmışdır.

Hüquq mühafizə orqanlarında Azad Həsənovla bağlı hər-hansı məlumat olmaması ilə əlaqədar baş verən hadisəni adam oğurluğu kimi dəyərləndirir və Həsənov Azad Ayaz oğlunun dərhal tapilması üçün təxirə salınmaz tədbirlər görməyinizi xahiş edirəm”.

 

Bastainfo.com