“Seçkiyə getmə”, “mitinqə çıxma”

Mustafa Hacıbəyli

Real-çılar deyir ki, “mövsümi” mitinqlər keçirmək İlham Əliyevin xeyrinə işləyir.

Cəbhəçilər isə deyir ki, saxta seçkidə iştirak İlham Əliyevin xeyrinə işləyir. 

Yaxşı, seçkiyə qatılma, mitinq keçirmə, bəs müxalifət nə etməlidir onda?! Buna qayıdacam…

Cəbhəçilər haqlı olaraq etiraz edirlər ki, mitinqlərin gözdən salınması – mitinqdə iştirak etdiklərinə görə tutulanlara, döyülənlərə qarşı böyük ədalətsizlikdir.

Hərgah, hakimiyyət heç seçkidə iştirak edən müxalifətçilərin də başını tumarlamır axı? 

Son referendumda iştirak etmək üçün imza toplayan onlarla müsavatçı həbsə, təzyiqə, şantaja məruz qalmışdı, buna rəğmən 41 min imzanı toplayıb təhvil vermişdi. Real-ın da bir neçə üzvü həbs edilmişdi və imzaların toplanmasını dayandırmağa məcbur olmuşdular. Müsavatın 41 min imza toplaması da prosesə qatılmaq üçün bəs etməmişdi – hakimiyyət sadəcə “imzalar saxtadır” deyib, Müsavatı referenduma buraxmamışdı. Buna qədər Müsavatın referenduma qatılmaq üçün imza toplamasını “iqtidara xidmət” kimi qələmə verən “dostlarımız”, heç olmasa bu fakt qarşısında geri çəkilib haqsız ittihamlarına görə üzr istəməmişdilər. 

Hakimiyyətin mitinqə də, seçkiyə də münasibəti eynidir.

Hakimiyyət bir tərəfdən mitinqə icazə verir, o biri tərəfdən isə hətta icazəli mitinqə gələsi adamları qorxutmaq üçün hər cür qanunsuzluğa, qəddarlığa əl atır: işdən çıxarır, tutdurur, döydürür və s.

Hakimiyyət bir tərəfdən seçkiyə qatılmaq istəyən partiyalara imza vərəqələri verir, o biri tərəfdən isə müxalifətin seçkidən əvvəl sıradan çıxması üçün hər cür qanunsuzluğa, qəddarlığa əl atır: namizədlərin yarısını qeydə almır, bir hissəsini şantaj yolu sıradan çıxarır, qalanların da həm özlərini, həm müdafiəçilərini həbsə, təzyiqə, zorakılığa məruz qoyur.

Mitinq də (daha dəqiqi etiraz nümayişi də), seçki də demokratik mübarizə üçün bir alətdir. Biz bu alətlərdən niyə imtina etməliyik?

Tutalım, İlham Əliyev diplomatlarla görüşdə deyib ki, bizdə sərbəst toplaşmaq azadlığı var. Biz buna görə mitinqdən imtina etməliyik?

Tutalım, İlham Əliyev deyir ki, Azərbaycanda keçirilən seçkilərdə müxalifət də iştirak edib. Biz buna görə seçkidən imtina etməliyik?

Ona qalsa, İlham Əliyev deyir ki, Azərbaycanda çoxpartiyalı sistem var. Biz bu sözdən onu məhrum etmək üçün partiyamıza xitam vermirik ki?!

Yaxud deyir ki, Azərbaycanda internet sərbəstdir, bu sözdən onu məhrum etmək üçün internetdəki səhifələrimizi bağlamırıq ki?!

“Sən mitinq keçirməklə iqtidara xidmət edirsən”, “Sən seçkiyə qatılmaqla iqtidara xidmət edirsən” – bu ittihamlarda uzaq durmaq lazımdır. 

Mən mitinqə də qatılıram, seçkiyə də – belə çıxır mən iqtidara ikiqat xidmət edirəm?
Azərbaycan balaca ölkədir və kimin iqtidara, kimin müxalifətə xidmət etdiyini ən azı demokratik düşərgədə hamı bilir. Mitinqdə, yaxud seçkidə iştirak özü-özlüyündə kiminsə iqtidara xidmət etməsinin sübutu kimi qələmə verilə bilməz. 

Dərinə getsək, hakimiyyət artıq kənardan necə göründüyünü ört-basdır etməyə çalışmır da. Hakimiyyətin seçkiyə legitimlik donu geyindirməyə ehtiyacı olsaydı, son prezident seçkilərindən sonra Bakıda mətbuat konfransı keçirən ATƏT-in müşahidə missiyasının təmsilçilərinə – “durun, basın bayıra” deməzdilər. 
Bizi seçkidə hansı üsulla qələbədən məhrum edirlərsə, mitiqlərdə də təqribən eyni üsulla kütləvilikdən məhrum edirlər. 

Biz istənilən qərarımızın mənfi və müsbət tərəflərinin olduğu və bundan sonra da belə olacağı fikri ilə barışmalıyıq. Bizim istənilən qərarımızdan hakimiyyətin də yaralanmağı çalışacağını dərk etməliyik. Nəhayət, incəliklərə daha çox əhəmiyyət verməliyik. Seçkiyə və mitinqlərə münasibətdə kateqorik rəylərdən ehtiyat etməliyik. Bunun bir hüquq olduğunun fərqinə varmalıyıq.

Biz yalnız bir məsələdə kateqorik ola bilərik – irticaya münasibət məsələsində. 
Mitinqdən də, seçkidən də imtina etmək yox, bu alətlərdən ən azı mübarizənin davam etməsi naminə istifadə etməliyik. 

Ümumiyyətlə, mübarizənin bütün mümkün üsullarından istifadə etməliyik, hara qədər bacarırıqsa, ora qədər.

 

Bastainfo.com