Gürcüstanda seçkini müxalifət udarsa…

Gürcüstanda prezident seçkisinin ikinci raundu keçiriləcək və bu addım hakim partiyanın sonunu gətirə bilər. “Frans Pres” agentliyi yazır ki, təhlilçilər bu seçkinin nəticəsinin Gürcüstanın siyasi mənzərəsini kəskin dəyişəcəyini düşünürlər. Yəni milyarder Bidzina Ivanishvili-nin Gürcü Arzusu partiyasının hakimiyyətinə son qoyula bilər.

İkinci raundun dekabrın 2-dək keçiriləcəyi gözlənir. Oktyabrın 28-də hakim partiyanın dəstəklədiyi Salome Zurabishvili minimum 50 faiz səsi toplaya bilmədi. O, səslərin 38,64, müxalifət lideri Grigol Vashadze isə 37,74 faizini yığdı.

Vashadze-ni mühacirətdə yaşayan keçmiş prezident Mikheil Saakashvili-nin Vahid Milli Hərəkatı və daha 10 qrup dəstəkləyir.

İkinci raundda isə müxalifət partiyalarının Vashadze-yə dəstək verəcəyi gözlənir.

Grigol Vashadze
Grigol Vashadze

Parlamentin keçmiş spikeri, müxalif namizəd David Bakradze 11 faiz səslə üçüncü yeri tutub və Vashadze-ni dəstəkləyib.

“Birinci raundun nəticələri göstərdi ki, gürcülər birpartiyalı sistemə qətiyyətlə yox dedilər”, – təhlilçi Gela Vasadze “Frans Pres” agentliyinə deyib.

“Gürcüstanda birpartiyalı idarəçilik erası bitib və bu, Gürcü Arzusunun dominasiyasının son dirənişidir”, – təhlilçi sözlərinə əlavə edib.

Müşahidəçilər bu prezident seçkisinə hakim partiyayla müxalifət arasında daha vacib parlament seçkisi öncəsi bir sınaq yarışması kimi baxırlar. Parlament seçkisi 2020-ci ilə planlaşdırılıb.

“Vashadze-nin prezident seçkisində qələbəsi – ki, bu indi xeyli mümkün görünür – müxalifətə parlament seçkisində böyük impuls verəcək”, – başqa bir siyasi təhlilçi Ghia Nodia deyib.

Vashadze vəd edib ki, prezident seçilərsə, növbədənkənar parlament seçkisinin keçirilməsinə çalışacaq.

Vashadze 2008-2012-ci illərdə Saakashvili-nin xarici işlər naziri olub.

Zurabishvili isə Fransanın bu ölkədəki keçmiş səfiridir. 1921-ci ildə Parisə köçmüş qaçqın ailəsində doğulub.

Hər iki namizəd Gürcüstana Avropa Birliyi və NATO-ya tam üzvlük yolunda rəhbərlik vəd edir.

 

AzadlıqRadiosu