Saakaşvili qayıda bilərmi? Gürcü politoloqun şərhi

Gürcüstanda keçirilmiş prezident seçkilərinin ilk turunun nəticələri açıqlandıqdan sonra keçmiş prezident Mixail Saakaşvilinin ölkəyə qayıtması mövzusu yenidən aktuallaşıb.

Qeyd edək ki, seçkidə Saakaşvilinin qatı tərəfdarı olan Qriqol Vaşadze hakim partiyanın namizədi Salome Zurabişvilidən cəmi 1 faiz az səs yığıb. 

İki həftədən sonra keçirilməsi nəzərdə tutulan ikinci turda namizədlərin şanslarının təqribən eyni olduğu bildirilir. 

Media.az saytına açıqlama verən politoloq Arçil Sixarulidze diqqəti ona yönəldir ki, son seçkidə seçicilərin 54 faizi səsvermə məntəqələrinə getməyib. Onun fikrincə, bu, Gürcüstanın hakim partiyası üçün ciddi siqnaldır. Politoloq hesab edir ki, seçkiyə getməyənlər İvanaşvilinin hakimiyyətinə apatiya ilə yanaşan, amma Saakaşvilinin də hakimiyyətə qayıtmasını istəməyən təbəqələrdir. 

Politoloqun sözlərinə görə, seçkilərin ilk turunda hakimiyyət partiyasından fərqli olaraq, müxalifət öz tərəfdarlarının əksəriyyətini seçki məntəqələrinə apara bilib. Sixarulidzenin fikrincə, həmin təbəqələr ikinci turda məntəqələrə getsələr, onlar Vaşadzeyə yox, Zurabişviliyə səs verəcəklər.

“Mən əminəm ki, Gürcüstanda əhalinin əksəriyyəti Saakaşvilinin qayıtmasını istəmir” – politoloq deyib.

O, əlavə edib ki, əgər indi hakimiyyət elektorata heç nə vəd etməsə, Vaşadzenin prezident seçilməsi də mümkündür.

Ekspert əlavə edib ki, Gürcüstanda prezidentin səlahiyyətləri olduqca məhduddur. 

“Düzdür, onun əfv fərmanı imzalamaq səlahiyyəti var. Lakin bununla belə Saakaşvili və onun komandasının Gürcüstana qayıda biləcəklərinə şübhə edirəm. Vaşadze 1-2 maddə ilə Saakaşvilinin əfv edə bilər. Lakin keşmiş prezidentə qarşı 11 maddə ilə ittihamlar irəli sürülüb. Odur ki, Gürcüstan torpağına ayaq basan kimi həbs ediləcək”, – politoloq Media.az-a bildirib.

 

Bastainfo.com