Anası döyülən oğlanlar “qadınların bəlasına” çevrilir

Könül Alı

Bu yazıya “Qadın yaşamağı haqq edir” cümləsi ilə başlasam bəzilərinin ağlından keçən ilk sual bu olacaq. Məgər qadınlar yaşamır?

Erkən nigaha məcbur ediləndə fikri soruşulmayan qadın yaşayarmı?

“İmkanlı ər” namizəd ortaya çıxanda təhsildən yayındırılıb, bir növ kölə həyatına məhkum edilən qadın yaşayarmı?

Evliliyin ilk illərində ərdən çalışmaq izni ala bilməyib, ondan sonrakı həyatı boyu iqtisadi asılılığa məruz qalan qadın yaşayarmı?

Ovladlarının qarşısında təhqir olunan, hər fürsətdə küçümsənərək psixoloji təzyiqə məruz qalan qadın yaşayarmı?

Hər gün dayaq yeyən, bir gün özünü qorumaq naminə qatil olmaq təhlükəsi ilə ömür sürən qadın yaşayarmı?

İşıqlı gələcəyə ümüd etmək üçün hər hansı şansı olmayan qadın yaşayarmı?

 

Qız övlada hələ kiçik yaşlarından valideynləri tərəfindən şiddət tətbiq edilməsi, gələcəkdə qarşılaşacağı hüquq pozuntularına susqun qalmağa hazırlanmasıdır. 

 

Sirr deyil ki, dilimizdə çox vaxt fəxarətlə andığımız, lakin psixoloji və fiziki şiddət örnəyi olan atalar sözləri də, var. “Qızını döyməyən, dizini döyər”.

NİYƏ?!

Məgər insan heyvandır ki, döyülərək əhilləşdirilə? Qızlarını tərbiyə edə bilməyən valideynlərin başqa üsulu qalmadımı?

Bəlkə, qızlarını döyərək tərbiyə etmək üsuluna üz tutanların tərbiyə verməyə özlərinin tərbiyəsi çatmır?…

Yaxud belə bir türk ata sözünə baxaq. “Kadının başından sopayı, karnından sıpayı əskik etməyin”.

NİYƏ?!

Qadının başında sopa olmasını gərəkdirən hansı acil durum var?

Yaxud qarnında sizin sıpanızı daşıyacaq, soyunuzu artıracaq bir insanın başından sopanı niyə əksik etməyəsiniz?!

“Qadınlar başımızın tacıdır”, “Cənnət anaların ayaqları altındadır” kimi ifadələrin hər addımda işlədildiyi cəmiyyətdə anasının ayağaltını cənnət hesab edən oğlanlar böyüyüb “qadın şiddətçisi”, “qadın qatili” olur.

Əsas etibariylə də, anası gözləri önündə şiddət görən balaca, anasını atasının kötəklərindən qoruya bilməyən oğlanlar böyüyüb “yekə”  “qadın qatili” olurlar. Sonrakı həyatlarında gözləri önündə analarına edilən bütün şiddət növlərini həyat yoldaşlarına tətbiq edirlər.

 

Aaraşdırmalar sübut edib ki, normal ər-arvad münasibətləri olan ailələrdə, anaları şiddət görməyən oğullar bu metoda əl atmır. Bu da, məsələnin psixoloji tərəfidir.

 

Qadına şiddətin qarşısını almaq üçün hansısa vasitə varmı?

Bunun bir çıxış yolu olmalı, amma nə?

Müxtəlif təşkilatların, Qadın birliklərinin təşkil etdikləri aksiyalar, səsləndirdikləri bu kimi “Qadına şiddətə YOX!”, “Qadına qalxan əllər qırılsın!”, ”Qadın anadır, qıymayın!”, “Qadın zəif deyil zərifdir!”, “Əsl kişi qadına əl qaldırmaz!” sloganlar “qadın qatilllərini” durduracaqmı?

Əsla!

Oğlan uşaqlarına anasına yox(onsuzda oğlan ya qız uşağı olsun fərq etməz, övladlar analarını sevirlər), anasının timsalında qadına sevgi aşılanmayacaqsa; qadınına dəyər verməyi, onu qadın yox, insan kimi görməyi; fiziki cəhətdən özündən zəif insana(qadına, kişiyə) şiddət tətbiq etməyin nə qədər ayıb bir iş olduğu başa salınmayacaqsa; ilk növbədə zorakılığa məruz qalmış qadın oğlan övladına, “Bax oğlum, gələcəkdə, sən, sənin atanın mənə etdiyini öz xanımına etmə, zorakı olma, “qadın şiddətçisi” olma deməyəcəksə hər hansısa şüarların, aksiyaların faydası olmayacaq.

 

Nə yazıq ki, ailələrdə qadınlarımızın “arxası”, “dayağı” qadınlar yoxdur.

 

Hansı ki, həmin “dayaq” lar gənc qadınları ailələrdə qoruya bilər, böyük ehtimal qalxan ola bilərlər. Bu günün qaynanası “Mənə də, ediblər, oğlum gəlinimə niyə etməsin?” yolunu tutmamalı…

Əksi baş verir ki, bu gün ailə-məişət zəminində baş verən cinayətlərin sayı durmadan artır.

Bu günümüzdə demək olar ki, 90% ailədə qadına qarşı zorakılıq var.

Yuxarıda dediyimiz kimi. Fiziki; iqtisadi; psixoloji və sairə…

Addımbaşı türkün qadınına sevgi və sayğısından danışanlar onu da etiraf etməlidirlər ki, əsgi türk toplumlarında qadına bu tip sayqısızlıqlar olmayıb. Hətta dövlətin idarəçiliyində də, qadın kişidən üstün tutulub, diplomatik münasibətlərdə, daxili idarəetmədə alınan bütün qərarlar qadınların onayı ilə həyata keçirilib.

Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrumkən 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilirdi.

Bəs o zamandan bu günə qədər Azərbaycan qadını hansı inkişaf yolunu keçdi?

Heç ictimai həyatdan, siyasi fəaliyyətdən danışmayaq.

Qadınlarımız mükü hüquq normalarından yararlana bilirlərmi?

Zorakılığa məruz qalmış qadın polisə müraciət edəndə hansı münasibətlə üzləşir? Mentalitet dəyərlərinin polis bölmələrinə qədər uzanıb, ayaqlanması cəmiyyətə nə fayda verir?

 

Nə yazıq ki, Ana Yasamızın Qadın haqqları ilə bağlı mükəmməl maddələri qadınların leyhinə istifadə olunmur.

 

Hətta Polis haqda qanunda polisə ailə-məişət zəminində yaranmış münaqişələrdə birbaşa müdaxilə etməsi üçün xüsusi səlahiyyət verilmir. Qadın hüquqlarının qorunması baxımından bu çox önəmlidir ki, burada da, boşluq var.

Qadın hüquqlarının daha da, təkmilləşdirilməsi gərəkərkən, olanlara da, əməl olunmaması faciədir.

İstənilən halda qadına qarşı zorakılıq ölkəmizdə altdanalınan mövzudur. “Qadına şiddət” problemi ilə bağlı danışanlar var. Bununla ancaq “Qadın qətlləri”, “Qadın qatillikləri” baş verərsə rastlaşırıq və üstündən keçilir.

Dövlət səviyyəsində Qadına şiddət probleminin araşdırılması ilə bağlı ölkəmizdə bir dənə də, olsun akademik məqalə yazılmayıb, köklü araşdırma aparılmayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə məşğul olmalıykən heç adi maariflənmə işi də aparmır.

Görünən odur ki, yaxın gələcəkdə qadınların bu problemlərdən qurtulması mümkün olmayacaq. Həm cəmiyyətin, həm də dövlətin bu məsələyə laqeyd yanaşması bunun bariz nümunəsidir…

Bir gün anası gözləri önündə zorakılığa məruz qalan oğlan uşağı, böyüyüb gördüklərini qadınına tətbiq edəcək. Onun oğlu da, öz qadınına…

SOS! Şiddət görən qadın cəmiyyətə psixi xəstə övlad bəxş edir!

 

Bastainfo.com