Azərbaycanda bahalaşmanın səbəbləri

“Təkcə yumurta və ya bəzi mallar deyil, bütünlükdə bahalaşma başa düşülmür, bu olmamalıdır”.
Bunu deputat Vahid Əhmədov son vaxtlar ölkədə yumurta və bəzi malların bahalaşmasına münasibət bildirərkən deyib.

Yaxın günlərə qədər 15 qəpiyə satılan yumurta 19-20 qəpiyə yüksəlib. Üstəlik, bəzi marketlərdə yumurta tapılmır. Kənd yumurtası isə artıq Bakıda 30 qəpikdən ucuz satılmır.

Deputat Vahid Əhmədov vurğulayır ki, Azərbaycanın əsas idxal tərəfdaşlarından olan Rusiyada, Türkiyədə və İranda milli valyutalar kəskin ucuzlaşıb. O hesab edir ki, bu baxımdan ölkəyə gətirilən mallarda bahalaşma olmamalıdır:

“Bunlar Avropa ölkələrindən gətirilmir ki, deyək avro bahadır”.

V.Əhmədova görə, bu vəziyyətə təsir edən subyektiv səbəblər var.

Onun fikrincə, inhisar buna öz neqativ təsirini göstərir.

Deputat bu məsələdə əsas amillərdən biri kimi “Rəqabət Məcəlləsi”nin hələ də qəbul olunmamasını göstərir:

“Neçə vaxtdır ki, bu məcəllənin qəbul olunması barədə danışırıq. Cənab prezidentin imzaladığı yol xəritələrində də bu barədə deyilir, amma orada tarix kimi 2018-20-ci illər göstərilir”.

V.Əhmədov hesab edir ki, bahalaşma başa düşülən deyil:

“Əksər idxal malları Türkiyə, İran, və Rusiyadan gətirilirlir. Bu ölkələrdə milli valyutalar dəyər itirdiuyi üçün idxal ucuzlaşır, Azərbaycan da şükr, qıtlıq yaşamır. Dediyim kimi bu bahalıq müəyyən adamların spekulyativ sövdələşmələrinin nəticəsi kimi orataya çıxır”.

Xatırlatma

Rəqabət Məcəlləsini prezident Milli Məclisə hələ 2006-cı ildə təqdim edib. Üstəlik, bu layihə artıq 2 oxunuşdan keçib.Ancaq aradan 12 il keçsə də bu məsələnin həlli ikinci plana keçirilib.Müstəqil ekspertlər hesab edir ki, bu məcəllə qəbul edilərsə ölkədə inhisara böyük zərbə vurular.

 

AzadlıqRadiosu