Times qəzeti Zamirə Hacıyevanın ekstradisiyası ilə bağlı müəmmadan yazır

Qəzetin yazdığına görə bəlli olub ki, Hacıyeva Britaniyanın yeni İzahedilməz Sərvət Qanununa hədəf olanadək Azərbaycan hökumətinin onun ekstradisiyasına dair ricası iki il müddətində baxılmadan qalıbmış.

Times yazır ki, Britaniyanın daxili işlər naziri Sajid Javid Zamirə Hacıyevanın ekstradisiyasına dair ricanı, bu sənəd Azərbaycan hökuməti tərəfindən təqdim olunandan 20 ay sonra aldığını təsdiqləyib.

Məqalədə deyilir ki, bu, Britaniya mediası Zamirə Hacıyevanın Harrods mağazasında 16 milyon funt sterlinq xərclədiyini yazandan sonra baş verib. Media bu pulların Azərbaycandan mənimsənildiyini yazır. Hacıyeva hazırda Azərbaycanda həbsxanada olan keçmiş Beynəlxalq Bank rəhbəri Cahangir Hacıyevin arvadıdır.

Siyasi məsələ

Britaniyanın müxalif Liberal Demokrat Partiyasının lideri lord Vince Cable deyib ki, bu işdən “insan haqları pozuntularında və korrupsiyada ittiham olunan rejimin yanında “yerini şirin salmaq” üçün istifadə edilir”.

Times qəzetinin yazdığna görə, xanım Hacıyevanın “kral vəkili” statuslu müdafiəçisi Hugo Keith deyib:

“Böyük bir ehtimalla bu ekstradisiya ricası Britaniya Daxili İşlər Nazirliyi tərəfindən və belə görünür, ekstradisiyanı istəyən ölkənin razılığı ilə bilərəkdən yubadılıb”.

Guardian qəzetinin yazdığına görə Hacıyevanın vəkili deyib: “Bizim müştərimiz əmin olaraq qalır ki, bu qəddar və siyasi motivli ekstradisiya ricasını zamanında məğlub edəcək”.

Vəkil daha sonra bildirib: “Bizim müştərimiz 55 yaşlı üç uşaq anasıdır və Birləşmiş Krallıqla mümkün olan ən güclü bağlara malikdir. Çox təəəssüf ki, Birləşmiş Krallığın hakimiyyət orqanları ilə tam əməkdaşlıq etməsinə və rica ilə bağlı bildirişlə gələrək özünü təslim etməsinə rəğmən doqquz gün müddətində həbsdə qalmağa məcbur edilib”.

Xatırlatma

Noyabrın 8-də Londondakı Yüksək Məhkəmə xanım Hacıyevanı zaminə buraxıb.

Hakim Jeremy Baker deyib ki, onun zaminə buraxılmaması üçün “sanballı əsas” yoxdur.

Xəbər verilir ki, Zamirə Hacıyeva 500 min funt sterlinq zamin pulu ödəməklə buraxılır, lakin onun Londondakı evində elektron xəbərdarlıq cihazının qurulması barədə qərar qəbul edilib.

Zaminin şərtlərinə görə xanım Hacıyeva axşam saat 21-dən səhər saat 6-dək evindən çıxmamalı və gündəlik qaydada polis məntəqəsinə məruzə etməlidir.

Ona habelə hər hansı beynəlxalq tranzit qovşaqlarında olmaq və ya səfər sənədləri üçün müraciət etmək qadağan olunub.

Azadlıq Radiosu