“Repressiyalar ölkənin vəziyyətini daha da ağırlaşdırır”

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın Mətbuat Xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda əvvəlcə başqan müavini Razim Əmiraslanlı qərarların icrası və görülən işlər barədə məlumat verib.

Mərkəzi İcra Aparatının rəhbəri və Müsavat Partiyası “Siyasi məhbusların hüquqlarını müdafiə komitəsi”nin sədri Gülağa Aslanlı keçən həftə müsavatçı siyasi məhbuslar Əlikram Xurşidov, Azad Həsənli və Əbülfəz Sadıqbəylinin müdafiəsi ilə bağlı görülən işlər və planlar barədə məlumat verib.

Divanda Müsavat Partiyası Mətbuat Departamentinin rəhbəri, bastainfo.com saytının baş redaktoru Mustafa Hacılıya qarşı qaldırılmış absurd cinayət işinin detalları müzakirə edilib.

Müsavat Partiyası bir daha bildirir ki, ölkədəki ağır iqtisadi durumdan, acınacaqlı sosial vəziyətdən çıxış yolu siyasi və iqtisadi islahatlar aparmaqdadır. Müxalifətə, konkret olaraq ifadə azadlığına qarşı yönələn repressiyalar ölkənin vəziyətini daha da ağırlaşdırır.

İclasda dekabrın 7-də, saat 15:00-da Azərbaycan Parlamentinin 100 illiyi ilə əlaqədar S.Bəhlulzadə adına Mədəniyət Sarayında keçiriləcək bayram tədbirinə hazırlıq müzakirə edilib. Yığıncaqda keçən əsrin 40-cı illərinin ikinci yarısında Cənubi Azərbaycanda “21 Azər” Milli Azadlıq Hərəkatının ildönümü ilə bağlı kütləvi tədbirin keçirilməsi qərara alınıb. Divanda ölkədə və dünyada baş verən son hadisələr geniş müzakirə edlib. 

 

Bastainfo.com