Siyasi məhbusların siyahısı yeniləndi

“Azərbaycan siyasi məhbusların azadlığı uğrunda ittifaq” (ASMAUİ) 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində mətbuat konfransı keçirərək məhbusların yenilənmiş siyahısını açıqlayıb.

Qurumun həmtəsisçilərindən biri, Azərbaycan Ziyalılar İttifaqının rəhbəri Eldəniz Quliyev deyib ki, yenilənmiş siyahıda 150 nəfərin adı var. O qeyd edib ki, onlardan 70%-i dindardır və böyük hissəsi 2015-ci il Nardaran hadisələrilə bağlı həbs olunub. Həmin hadisələrlə bağlı həbs olunanlar ümumilikdə 500 il həbs cəzası alıblar.

Qurumun üzvlərindən biri Hilal Məmmədovun “Basta”ya verdiyi məlumata görə, məhbusların sıralarına yeni şəxslər daxil olub. Müsavat Partiyasının fəalı, Litvada siyasi sığınacaq almış Azad Həsənov həbs olunub. O, atasına baş çəkmək üçün gəlib. Ancaq narkotik maddənin qanunsuz dövriyyəsi kimi uydurma ittihamla həbs edilib.

Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri Əbülfəz Sadıqbəyli də siyasi məhbus kimi tanınıb. O, sənədlərin saxtalaşdırılmasında ittiham olunub.

Hilal Məmmədov bildirib ki, Leyla Yunus canlı yayımla toplantıya qatılıb. O, yenilənmiş Siyasi Məhbuslar siyahısının artıq digər xarici dillərə də tərcümə olunub Beynəlxalq Təşkilatların, o cümlədən, AŞPA və Avropa Birliyinin İnsan Haqları komissiyasının müzakirəsinə təqdim edildiyini bildirib.

 

Bastainfo.com