Lider kim olacaq? – Təhlil

Son günlər həqiqi müxalifətdaxili bir neçə xoşagələn hadisə izlədik.

Əslində belə oxşar hərəkətlər əvvəllər də çox olub. Nədənsə hər dəfə belə hallarda “ilk dəfəymiş kimi” reaksiyalara da rast gəlirik.

Belə məqamlarda o da çox olub ki, lazımsız fikirlər, münasibətləri zədələyəcək davranışlar da prosesi izləyir. Təxribatçılar, hakimiyyət adamları və mətbuatı xüsusi İlə fəallaşır. Müxalifət içində olub, sözdə “birlik” deyib əməldə birgə fəaliyyətə zərər vuracaq sözlərdən istifadə edənlər də yox deyil. Onlara uymayın, onların toruna düşüb həmin sözləri təkrarlamayın.

Gec də olsa 4 il əvvəl səsləndirdiyimiz təkliflərin doğruluğunu qəbul edib, bu istiqamətdə atılan hər bir müsbət addımı yüksək qiymətləndiririk.

Bir həqiqəti bilmək lazımdı, bu kimi mənzərələr bir tərəfin (şəxsin) istəyi ilə yaranmır, iki və çoxtərəfli istək olanda belə olur. 

Əksi olsaydı 4 il əvvəl Müsavat başqanı əsas siyasi təşkilatlara müraciət edib, hər birinin lideri ilə görüşəndə, vəziyyəti izah edəndə olardı. 

Belə şey olmur ki, bir nəfər dost olmaq istəyir, digər tərəf istəmir, amma dostluq olur. Yoxdu belə şey. Dostluq hər iki tərəf istəyəndə olur.

Prosesə yeni qoşulan və ya proseai az-az izləyən şəxsləri hardasa başa düşmək olar. İllərin təcrübələrinə sahib şəxslərin belə məqamda prosesə “toz qonduran” açıqlamalar verməsi isə sadəcə təəssüf doğurur. 
Təşkilatlararası dostluğun lideri olmur. Belə istəkdə olan və olmayan, vəziyyəti gec və ya tez dəyərləndirənlər ola bilər.

Əsas məsələlərdən biri də insanları çaşdırmamaq, özümüzü də aldatmamaqdır. 
İndiki mənzərə “Birlik” deyil, birgə əməkdaşlıq perspektivinin olması, biri-birinə qarşı mübarizə və təftişçiliyin, biri digəri haqqında əks-təbliğat aparmanın mənasız olduğunu nəhayət qəbul edib eyni hədəfə qarşı hər bir təşkilatın doğru bildiyi formada, doğru bildikləri ilə birlikdə mübarizə aparmalı olduğunun qəbuludur.

Və ən əsas məsələ. Hər birimiz qəbul etməliyik ki, bu günə qədər mübarizənin effektli olmamasının, vəziyyətin müsbətə doğru dəyişməməsinin səbəbi “Müxalifətin birgə olmaması” deyil. Heç səbəb siyasi partiya və təşkilatların birgə əməkdaşlığının olmamasında da deyil, heç biri birinə qarşı olmasında da deyil. 
Səbəb böyük əksəriyyəti hazırkı rejimi dəstəkləməyən xalq ilə siyasi partiya və liderlərin “Birlik” qura bilməməsidir. 

Kim xalqla “Birlik” quracaqsa, hansı təşkilat narazı insanları hüquqi, demokratik mübarizəyə səfərbər edə biləcəksə, həmən təşkilat ən əsas təşkilat, həmin şəxs də lider olacaq! Xalqla birlik olmaq üçün həm də partiyaların münasibəti yüksək səviyyədə mədəni olmalıdır. 

İndidən lider-lider oyunları oynamaq, kimlərinsə belə meylləri yaranacaqsa, bu prosesə zərər vurmaq olacaq, təşkilatlararası münasibətlərin daha da yaxşılaşmasına, mədəni olmasına mane olacaq. 

Təkrar biliyin anasıdır. Lider xalqın önəmli hissəsini demokratik prosesə səfərbər edən şəxs, ən güclü partiya da o şəxsin partiyası olacaq. 

 

Yazı Müsavat başqanının müavini Səxavət Soltanlının feysbuk səhifəsindən götürülüb.