Kütlə və Vətəndaşlar 

(Aprel tezisləri)

Rüfət Qaragözlü

“İnsanların çoxu azadlığı əslində istəmir, 
çünki, azadlıq məsuliyyət nəzərdə tutur, 
məsuliyyət isə insanların çoxunu qorxudur” 

Ziqmund Fröyd, “Demokratların səhvi”

 

Biz tez-tez bu kimi sözləri duyuruq: “Millətimiz daha yaxşı həyat yaşamağa layiqdir ”, “Görün, bu milləti nə günə salıblar” və s. Ancaq bu gerçəkdən də belədirmi, yoxsa millətimiz elə yaşadığı həyata layiqdir və yaşadığı şəraiti də böyük mənada özü özünə yaradır?

Bu suala cavab tapmaq çox önəmlidir, çünki bu cavabdan asılı olaraq ölkənin aparıcı siyasi qüvvələri və vətəndaş cəmiyyətinin fəalları cəmiyyəti rifaha aparmağa yönəlik fəalliyyətini daha səmərəli qura bilər və, zənnimcə, qurmalıdır. 

Əgər fərz etsək ki, millətimiz indikindən daha yaxşı həyata layiqdir, amma bu gözəl həyatı yaşaya bilmir, çünki ona bu işdə özünün iradəsindən kənar mürtəce qüvvələr imkan vermirlər, o zaman məntiq tələb edir ki, hansısa qəhrəman və yaxud bir qrup qəhrəmanlar bu məzlum xalqı dəhşətli Leviafandan (Əjdahadan) qurtarsın və, bir çox şərq mifologiyasında olduğu kimi, nəhayət millətini birdəfəlik və əbədi xöşbəxtliyə qovuşdursun. 
İkinci yanaşma daha prozaikdir və ondan ibarətdir ki, xalq elə layiq olduğu həyatı yaşayır və indiki şəraiti də özü özünə qazandırıb, və bir az da irəli getsək, ortada Leviafan varsa da, o, elə özüdür. Belə olan halda mütərəqqi quvvələrin əsas işi cəmiyyəti, belə demək mümkünsə, özünü özündən xilas etməkdir. Bu yanaşma rejimin heç də mələk olduğunu nəzərdə tutmur, əksinə o da, birinci yanaşma kimi, rejimi mürtəce görür, sadəcə, mürtəceliyin kökünü və əsas səbəbini elə kütlənin özündə görür. 

Əgər birinci tezislə, yəni “saf və sağlam xalqı qara qüvvələr boğur” tezisilə bağlı aşağı-yuxarı bir çox məsələlər aydındırsa, məsələn, mübarizə yolları -xalqa arxalanıb rejimi dəyişmək, hərçənd necə arxalanmaq yenə də indiyəcən qaranlıq qalsa da, ancaq hər-halda ümumi yolun cizgiləri görünürsə, ikinci tezis , yəni “cəmiyyətin özünü içəridən elə dəyişmək ki, o özü üzərində duran mürtəce rejimi mütərəqqi rejimlə əvəzləməyə həvəsli olsun və əvəzləsin” tezisi çox da aydın görünməyə bilər. Burada qeyd edim ki. “cəmiyyəti içəridən dəyişmək” fikri insanların təfəkkürünü dəyişmək mənasını daşıyır. İctimai mütərəqqi şüurun formalaşması geniş və mürəkkəb bir prosesdir və bu məsələyə aşağıda hələ dönəcəyik və ümumi prinsiplərin konturlarını cızacayıq. 

Müşahidələrim göstərir ki, müxalif fikirli insanların, ictimai fəalların əksəriyyəti ənənəvi olaraq birinci tezisin tərəfdarlalıdırlar və oradan çıxan yolla da bütün bu illər ərzində öz fədakar mübarizələrini davam etdirirlər. 

Digər tərəfdən, müşahidələr göstərir ki, bu yanaşma yanlışdır və bu tezisi rəhbər tutan fədakar insanlar bütün bu illər boyu hər dəfə eyni atlanmayacaq maneələrlə üzləşirlər. Və əgər bu insanları biz adətən “demokratlar” adlandırırıqsa, mən təəssüflə deməliyəm ki, demokratlar səhv edir. 

Əlbəttə, bu heç də o demək deyil ki, demokratlar cəmiyyətin mənfi tərəflərini görmürlər və tənqid etmirlər. Görürlər də, tənqid də edirlər, ancaq bu onların təfəkküründə və fəaliyyətlərində əsas yer tutmur, onlar bunu adətən cəmiyyətin passivlik və mütiliyindən artıq bezəndə bunu edirlər, amma sonra yenə “xalqın gözü tərəzidir” və “xalq heç vaxt yanıla bilməz” və bu kimi deyimləri yada salaraq yenə ənənəvi yola davam edirlər və beləliklə də eyni problemləri qarşılarında görürlər. Bu isə nəticədə onları üzür və onlar haqsızlığa dözməyib çarəsizlikdən artıq biri-birilərilə konfliktə girirlər və nəticədə bir az da zəifləyirlər. 

“Xalq heç vaxt yanıla bilməz” tezisinə qarşı bircə misal gətirmək istərdim – faşist Almaniyası dövründə Alman xalqını. “Xalqın gözü – tərəzidir” tezisinə isə əlavə edərdim “əgər bu göz tam sağlamdırsa”. 

Əlbəttə, deyilə bilər ki, faşist Almaniyasının bizə nə aidiyatı var, biz ki, faşıst deyilik. Bəli, şükürlər ki, biz faşist ideologiyasına məruz qalmamışıq, ancaq etiraf etməliyik ki, cəmiyyətimiz başqa bir çox mənfi xüsusiyyətləri kütləvi şəkildə mənimsəyib və beləliklə mənəvi eroziyaya məruz qalib. 

Bunu etiraf etmək xalqın içindən çıxan və vətənini səmimiyyətlə sevən adamlar üçün çox çətindir. Ancaq, düşünürəm, gerçəkliyi də görməmək və ya görmək istəməmək insanı və onun fəalliyyətini amalından asılı olmayaraq zəif edir, və hərdən o qədər zəif edir ki, o haqlı mübarizəsini artıq davam edə bilmir.

 

Kütlə və Vətəndaşlar

Bu gün cəmiyyət olaraq gəldiyimiz nöqtə məncə heç də ürək açan deyil. Müşahidələrim göstərir ki, cəmiyyətimiz əsasən iki qrupdan ibarətdir. 1-ci qrup – əsl mənada vətəndaşlardır, məsuliyyətini, haqlar və vəzifələrini dərk edən şəxslərdir. Bu insanlara normal vətəndaşa aid olan bütün (və yaxud əksər) xüsusiyyətlər xasdır – azadlıqlara olan daxili tələbat, seçkilərdə seçmək və seçilmək tələbatı, ləyaqət, sosial ədalət, vətəndaş həmrəyliyi kimi keyfiyyətlərin yüksək olması. Demokratik siyasi partiyalar, müxtəlif demokratik ictimai təşkilatlar, gənclər təşkilatları, əqidəli jurnalistlər və ayrı-ayrı ləyaqətli fərdlər məhz bu insanlardan oluşur. 

Digər 2-ci qrup – kütlədir. Onlar rəsmi olaraq vətəndaşlıq pasportunu daşısalar da və nominal olaraq vətəndaş sayılsalar da, əslində vətəndaşlıq anlayışından çox-çox uzaqdırlar. Onlar vətəndaşa xas olan xüsusiyyətlərdən çox uzaq olan adamlardır. Bu adamlar oxumuş ola bilərlər, ali təhsil diplomuna və hətta elmi dərəcəyə və bir neçə xarici dilə sahib də ola bilərlər, ancaq bu onları yenə də vətəndaş etmir. Onlara əsl vətəndaşlığa aid olan dəyərlər yaddır, onun üçün onlar kütlə təşkil edirlər və vətəndaşa ünvanlanan bütün çağırışlar bu kütlə üçün əhəmiyyət kəsb etmir, çünki, bu çağırışlara cavab verəcək daxili tələbat onlarda mövcud deyil. 

Bunun köklərinin üzərində burada çox durmaq imkanım yoxdur, əsas mövzu başqadır, ancaq qısa olaraq deyə bilərəm ki, insanlarımızın bir çoxunun bu gün kütlə halına salan başlıca səbəblərdən biri də insanlarımızın qısa dövürlü istisnalarla ən az son 200 ilə yaxın məmləkətlərinə müxtəlif səbəblərə görə yiyə dura bilməməsidir – öncə Çar Rus İmperiyasının müstəmləkəsi, sonra Sovet İmperiyasının parçası və ondan sonrakı özünüidarəetmədən məhrum olma illəri. Bütün bu dövrlərdə insanlarımız bu və ya digər dərəcədə, demək olar ki, ölkələrinin əsl idərəetməsindən məhrum olunmuşdur. Bu isə onlarda çox dayanaqlı biganəlik və laqeydlik hissi yaratmışdır. Və bu, millət olaraq, bizim bəlkə də ən böyük faciəmizdir. 

Məhz buna görə ölkədə baş verən bütün sosialönəmli proseslər kütlə qatılmadan həyata keçirilir. Kütlə və onun ünsürləri heç vaxt ictimai vətəndaş tədbirlərinə könüllü gəlməz, o cümlədən, mitinglərə, piketlərə. Kütlə heç vaxt nə seçməz nə də seçilməz. Kütlə heç vaxt özünüidarəetməyə ehtiyac duymaz. Kütlə heç vaxt azadlıqlar uğrunda nəinki mübarizə aparmaz, o heç özünün də yararlanacağı azadlıqlar uğrunda mübarizə aparan digər insanlara heç mənəvi dəstək belə verməz. O düşünər ki, “Bu onun şəxsi işidir, onun şəxsi marağı var ki, mübarizə aparır, ondan mənə nə”. 

Bizim cəmiyyətdə vətəndaşlar sayca azdır, kütlə – çox.

Müşahidələrim deməyə əsas verir ki, təxminən 20-in 80-ə nisbətdə. Vətəndaşlar kütlənin haqlarının müdafiəsinə qalxır, kütlə öz haqlarından könüllü imtina edir, o eyni zamanda vəzifələrinin də məsuliyyətini anlamır, yalnız zor və hədə-qorxu və pul dilini anlayır. Və rejim bundan məharətlə istifadə edir. 
Kütlə əslində rejimdən də narazıdır, amma bu narazılıq elə narazılıq olaraq da qalır və hətta artsa belə keyfiyətli dəyişikliklərə gətirib çıxartmır, çünki bu artan narazılıq kütlədə lazımı dəyərlərə və, ən başlıcası, vətəndaş ləyaqəti dəyərinə dayanmır və beləliklə şüuraltına keçərək, psixikasını mənəvi eroziyaya məruz qoyur və nəticədə neqativ fəsadlar yaradır – zor tətbiq edənə qarşı mütilik, digər hamıya qarşı aqressivlik, total neqativlik və inkar etmə, ümumiyyətlə məyyusluq və hətta kütləvi psixoz yaradır. 

Digər cəmiyyətlərdə də analoji hallar yaşanmaqdadır, sadəcə, cəmiyyətdə vətəndaşların sayı kütlənin sayını üstələyəndə, bu proseslər o qədər də hiss olunmur. Istənilən hətta inkişaf etmiş ölkələrdə vətəndaşlıqdan uzaq olan ünsürlər mövcuddur, hansılar ki, heç bir ictimai-siyasi məsələlərlə maraqlanmırlar, heç bir siyasi partiyada, ictimai təşkilatda və yaxud həmkarlar təşkilatında iştirak etmirlər. Ancaq fərq ondadır ki, inkişaf etmiş cəmiyyətlərdə vətəndaşların sayı kütləni üstələyir və beləliklə də kütlə bu cəmiyyətlərdə öz eroziyaya uğramış sosial davranış normalarını bütöv cəmiyyətə sırıya bilmir və əksinə vətəndaşların yüksək dəyərləri cəmiyyəti idarə edir. 

Başqa sözlə, inkişaf etmiş ölkələrdə vətəndaşlar cəmiyyətlərini təmsil edir, və bu cəmiyyətlər doğrudan da vətəndaş cəmiyyətinin normaları ilə inkişaf edir, az inkişaf etmiş ölkələrdə isə, kütlə az sayda olan vətəndaşlarını əzərək cəmiyyətin sanki simasına çevrilir və cəmiyyət artıq vətəndaş cəmiyyətinin nomaları ilə deyil, kütlənin eybəcər prinsipləri ilə getdikcə tənəzzülə uğrayır. 

Nədir bu eybəcər prinsiplər? Bəzilərini sadalayım:

“Bacarana can qurban” silsiləsindən:

– Aldatmadan sata bilməzsən;
– Aldatmadan idarə edə bilməzsən;
– Aldatmadan varlı ola bilməzsən;
– Aldatmadan seçkilərdə qalib gələ bilməzsən;
– Aldatmadan ümumiyyətlə heç nədə qalib gələ bilməzsən;
– Aldatmadan ailəni saxlaya bilməzsən;
– Sən aldatmasan, mütləq səni aldatacaqlar;

Və nəhayət, ən başlıca prinsip:

– Aldatmaq nəinki dünyanın, hətta kosmosun hər yerində var, onun üçün rahat ol və aldatmağın qaçılmaz olduğunu anlayaraq çalış bu 5-günlük həyatda uğurlu ol.

Digər bizə yaxşı tanış olan “prinsiplər”:

– Hamısı bir bezin qırağıdır, odur ki, seçkilərə getməyin heç bir mənası yoxdur;

– Mən siyasətə qarışmıram;
– Rüşvət almasın neynəsin, ailəsini saxlamalıdır;
– Biz kimik ki, nəyəsə etiraz edək;
– Biz düzələn deyilik;

 

Çatacağımız nöqtə

Çıxış yolu nədədədir? 
Kütləni vətəndaşlara çevirmək. Bu gələcəyimiz son nöqtədir – Vətəndaş Cəmiyyəti. Onun prinsip və dəyərləri haqqında kifayət qədər yazılıb, onun üçün burada bunun üzərində durmayacam. Bizi maraqlandıran “bunu necə etmək” məsələsi olacaq. Necə insanlarımızın böyük əksəriyyətini kütlə halından əsl vətəndaş keyfiyətinə çevirmək məsələsi gündəmdə durmalıdır. 
Bəri başdan deyim ki, şəxsən mən hələlik bu suala tam cavabı bilmirəm, amma bununla bağlı bəzi fikirlərimi bölüşməyə hazıram. 

Bu işdə uğur qazanmaq üçün, məncə, belə demək mümkünsə, dərin milli psixoanalizə ehtiyac var. Nədir bu milli psixoanaliz:
İlk növbədə, aparılacaq iş gerçəklikləri yalnız rejim haqqında cəmiyyətə söyləməkdən ibarət olmamalıdır, yalnız cəmiyyətin rejimə qarşı gözünü açmaqdan ibarət olmamalıdır. Bəzi dostlarımız tez-tez “xalq yaman yatır, onu oyatmaq lazımdır” tezisini dilə gətirir və bu tezisdən irəli gələrək məntiqi davam edir: “görünür biz rejim haqqında hələ bütün həqiqətləri xalqa deməmişik və yaxud yaxşı çatdırmamışıq, onun üçün o (xalq) oyanmayıb və susur”.

Məncə, bu yanlışdır. Məncə, xalq (kütlə hissəsi) yatmayıb, o sadəcə özünü yuxuluğa vurub, özünü yatmış kimi göstərir və düşünürəm ki, özünü yuxuluğa vuranı oyatmaq mümkün deyil. O, sadəcə görmək istəmir. Nədən belə edir? Yuxarıda göstərmişəm. 

Ona görə gerçəkliklər eyni zamanda cəmiyyətin özü haqqında özünə söylənilməlidir, cəmiyyətin özünə qarşı gözləri açılmalıdır. Cəmiyyət sosial psixoanaliz edilməlidir. 
Necə ki, fərdlər səviyyəsində ağır psixozlardan qurtulmaq məqsədilə fərdlərə psixoanaliz seansları zamanı acı da olsa həqiqətlər söylənilir və necə ki, həmin fərd özü haqqında şüuru “gizlətdiyi” həqiqətlərə açıq-aydın agah olandan sonra özünü daha yaxşı dərk etməyə başlayır və beləliklə onda şüurlu davranış, məsuliyyət hissi artır və o, artıq özü özünün problemlərini həll etməyə başlayır və beləliklə onu boğan psixoloji problemlərdən qurtulur, eyni tərzdə cəmiyyətə də mənfi keyfiyyətləri, eybəcər davranışı haqqında açıq deyilməlidir ki, cəmiyyət bundan agah olsun və “utanc” hissi keçirərək, özünün bir çox hallarda urəkaçmayan simasını və davranışını sanki güzgüdə görsün, anlasın və bu eybəcərliklərdən qurtulmaq istəsin.

Bu çox mürəkkəb və ağrılı prosesdir və təbii ki, cəmiyyət üzərində belə psixoanalizi savadlı, təcrübəli və bu millətə canı yanan mütəxəssislər etməlidirlər. Belə “psixoterapevt” qismində nüfuzlu siyasi xadimlər, ictimai fəallar, yazarlar, jurnalistlər, alimlər, dini liderlər və ümumiyyətlə bu işi anlayan və bunu etmək istəyən şəxslər edə bilər. Belələri cəmiyyətimizdə var və hərdən özləri də bilmədən bu işi artıq edirlər. Yaxşı olardı ki, bu fəaliyyət daha səmərəli və sistemli aparılsın ki, bunun dinamikasını izləmək mümkün olsun.

Bu işlə yaxından məşğul olacaq qeyd etdiyimiz vətəndaş qrupları kütləylə təmas edərkən ona qarşı daha çox tənqidi mövqe tutmaqdan çəkinməməli, kütlənin özünü fəallaşdıracaq konkret təkliflərdə bulunmalıdırlar. Məsələn, Həmkarlar İttifaqları yaradılmasını və bu işdə onlara mümkün yardımları təklif etməlidirlər. Ümumiyyətlə, təklif edərdim siyasi partiyaların fəaliyyətində Həmkarlar İttifaqları məsələsi ayrıca vacib bölmə olsun – onların yaradalması üçün kütləyə necə yardım olunmalı, gələcək işlərinə necə yardım etməli, onarla əlaqə və s. 

Mitinqlər zamanı mütləq cəmiyyətə müraciət olunmalıdır ki, o özü məsuliyyətini dərk etməsə və özü öz haqları uğrunda mübarizə aparmağa başlamasa bir qrup fəallar bunu edə bilməyəcək. Qarşıdan nominal olaraq “parlament seçkiləri” gəlir. Az da olsa Vətəndaşların kütləylə görüşmək imkanı artacaq. Bu görüşlərdə “bizə səsinizi verin, biz qalib gəlib sizin hüquqlarınızı qoruyacağıq” ənənəvi tezisin əvəzinə,  “bizə səs verin və onun arxasında da durun ki, səslərinizi oğurlamasınlar. Biz sizin kütləvi dəstəyiniz olmadan, sizsiz səslərinizi müdafiə edə bilməyəcəyik və beləliklə sizə xidmət edə bilməyəcəyik. Səs vermək və səslərinzə dəstək sizdən, xidmət – bizdən”. Və kütləyə mütləq praktikada səslərini necə qorumasını əyani göstərilməlidir. Bir sözlə, insanların özünü fəallaşdırmaq lazımdır və bu kompleks şəklində edilməlidir. Bir tərəfdən açıq tənqid olmalıdı, o biri tərəfdən – fəal olmaq üçün əməli yardım. 
Cəmiyyətdə insanları kütlə və onun ünsürləri halından alıb tam mənada Vətəndaşa çevirmək, fərdi və sonra ictimai şüurda bu qədər əhəmiyyətli dəyişikliklərə nail olmaq hətta nəzəriyyədən göründüyü kimi, qaldı ki, təcrübədə, çox çətin bir işdir. Hətta mümkün olmayacaq qədər kimi görünəcək bir işdir. Amma bunu edənlər var. Əslində bütün inkişaf edən xalqlar, öz ölkələrində Vətəndaş Cəmiyyəti (VC) yaratmış xalqlar bu prosesi uğurla keçiblər. 

Heç kəs yaranandan inkişaf etmiş VC-yə malik deyildi. Onlar addım-addım böyük əmək nəticəsində bu səviyyəyə çatıblar. Və hər dəfə də bu bəlli bir zaman alıb. VC yaratmış hər bir millət özünəməxsus bir yol keçib, özünün tarixinə, milli ənənəsinə, mentalitetinə uyğun bir yol. Mən bilmirəm indiki mərhələdə biz bu yolu ümumiyyətlə getməyə başlayacağıq və yox, amma bir şeydə əminəm ki, Füzulinin, Axundovun, Bakıxanovun, Sabirin, Cavidin, Rəsulzadənin, Hacıbəyovun və bir çox digər böyük Vətəndaşlarımızın işini davam etmək çox gözəl olardı və onların başladığı şərəfli işi nəhayət bitirmək özümüzə və gələcək nəsillərə gözəl bir töhfə olardı.

Mətndən çıxan bəzi nəticələr:

– Ölkədə Demokratiya və VC uğrunda iş davam etməlidir. Ancaq bu iş cəmiyyətimizin mövcud keyfiyyətinə uyğun səmərəli görülməlidir;

– Sözügedən görüləcək işlərin təməlində insanların məsuliyyətinin artması və istənilən dəyişikliklərin əldə edilməsi cəmiyyətin özünün istəyi və səyi nəticəsində baş tutacağı fikri açıq- aydın cəmiyyətə aşılanmalıdır;

– Sözü gedən işləri öz boynuna fədakarcasına götürən vətəndaşlar, xüsusən də müxalifət partiyalarında cəmləşən vətəndaşlar və əsasən də partiya liderləri yaxın perspektivdə siyasi iddialarını (partiya iddialarını) mümkün dərəcədə azaldmalıdırlar ki, bir-bir ilə vaxtından tez və partiyalar arasında olan səmərəsiz konfliktlərdən azad olsunlar. Unutmamaq lazımdır ki, cəmiyyətdə sözügedən işləri fədakarcasına məhrumiyyətlərə və risklərə gedərək görəcək Vətandaşların sayı çox azdır, və getdikçə də azalmaqdadır. Bu mərhələdə bütün səylər VC-nin qurulmasına sərf edilməlidir. Siyasi partiya rəqabəti sonrakı işdir. Hələlik isə cəmiyyətə azad və ədalətli seçkilərin zəruri olduğu fikrini aşılamaq lazımdır ki, bu istək cəmiyyətdə güclü sosial sifarişə çevrilsin və bu seçkilər nəhayət bizdə də baş tutsun.

– Rejim dəyişikliyi VC-nin qurulmasından öncə də baş verə bilər. Böyük ehtimalla da xarici amillərə görə, məsələn, bizdən asılı olmayan böhranın katastrofik güclənməsi, çox yüksək həddə çatması və davamı olaraq sosial partlayışa gətirib çıxartması nəticəsində. Belə olan halda VC uğrunda fəaliyyət rejim dəyişikliyindən sonra mütləq davam etdirilməlidir, çünki rejim dəyişikliyi hələ avtomatik olaraq VC-nin qurulması demək deyil. Başqa məsələ ki, ehtimal olunan rejim dəyişikliyinin keyfiyyətindən asılı olaraq, bu amil VC-nin qurulmasına təkan verə bilər (ancaq əksinə də ola bilər, məsələn, radikal dini qüvvələr fərz etdiyimiz böhrandan istifadə edərək, ölkəmizi ələ keçirtsələr). Ancaq istənilən halda son məqsəd ölkəmizdə sırf rejim dəyişikliyi deyil, VC-nin təntənəsi olmalıdır ki, ondan sonra gələcək vətəndaşlarımız gələcəkdə hər gün bu cəmiyyəti qorusun və onun uğrunda daim mübarizə aparsın ki, onu daim işlək formada saxlaya bilsin (necə ki, evdə daim səliqə saxlamaq üçün hər gün az miqdarda təmizlik işləri aparmaq daha səmərəli olur, nəinki ayda-ildə bir dəfə amma üzücü və əsaslı şəkildə).

– Uzun yol getməyə hazır olmayılıq;

– Yalnız məsuliyyətini, hüquq və vəzifələrini dərk etmiş Vətəndaşlar toplumu ölkələrində mütərəqqi və işıqlı həyat qura və onu yaşada bilər.

 

Bakı, Aprel, 2015