Jurnalist həmkarının şərlənməsinə susmaq əxlaq məsələsidir

Ergenekon istintaqı zamanı nəzarətə alınan jurnalist Nedim Şener və Ahmet İşığın qolları elə məhkəmə salonunda qandallanmışdı. Onların haqsız yarğılandığını düşünən məsləkdaşları  buna cavab olaraq Beşiktaş ədliyəsinin önündə oturaq aksiya keçirərək magistralı bağlamışdılar.

Almaniyanın kansleri Angela Merkelin Türkiyə prezidenti Ərdoğanla birgə Berlində keçirdikləri mətbuat konfransı bir türkiyəli  jurnalist tərəfindən protest olunmuşdu. Həmin anda güvənlik tərəfindən salondan çıxarılan etirazçı jurnalist bunu Türkiyədə jurnalistlərin həbsinə etiraz olaraq etdiyini bildirmişdi.

Ötən il hökuməti mediaya təzyiq və senzura tətbiq etməkdə günahlandıran  bir qrup jurnalist İstanbulda etiraz aksiyası keçirib. Türkiyə Jurnalistlərinin Həmkarlar İttifaqında bir araya gələn jurnalistlər şüarlar səsləndirərək İstanbul şəhər rəhbərliyinə tərəf yürüş edərək, Ərdoğan hökumətinin media mənsublarına təzyiqini pisləyib, həbslərə son qoymasını tələb ediblər.

Ötən ilin əvvəlində jurnalistlər və aktivistlər, sivil toplum nümayəndələri İsrail əsgərlərinin “Böyük Dönüş Yürüşü” nü izləyən fələstinli jurnalist Yasir Mürtecanı qətlə yetirməsinə etiraz etmişdilər.

İndi Azərbaycanda mediaya təzyiq baxımından oxşar, buna etirazlar baxımından isə fərqli stiuasiyadır. Diqqəti jurnalist həmrəyliyinə yönəltmək məqsədi ilə qeyd edək ki, Əfqan Muxtarlı Gürcüstandan oğurlanıb Bakıya gətiriləndə də yerli jurnalistlər tərəfindən həmrəylik müşahidə olunmadı. Gürcüstanlı jurnalistlər isə həmkarları Əfqan Muxtarlıya dəstək olmaq üçün Gürcüstan Parlamentində aksiya keçirdilər. Onlar İnsan Haqlarının Müdafiəsi Komitəsində gözlənilmədən başlarına kisələr keçirdilər…

Azərbaycanda jurnalistlər həbs olunur, işgəncəyə məruz qalır,  cəmiyyət haqsızlıqlara etiraz etmir deyə qınanır. Amma nəinki ziyalıar, heç öz həmkarlarının da çoxundan səs çıxmır.

Jurnalistlərin peşə kodeksinə görə, media əhli haqsızlıqla üzləşən həmkarının hüquqlarını müdafiə etməyə borcludur. Bəs Azərbaycanda jurnalistlər haqsızlıqla üzləşən həmkarlarına necə dəstək verir?

Çap mətbuatının tam olaraq hökümətin nəzarətinə götürüldüyü ölkəmizdə jurnalistlər redaktora, redaktor isə məmurlara – bilavasitə hakimiyyətə tabedir. Media orqanları həm maddi baxımdan, həm də təhlükəsizlik və fəaliyyətinin davamlılığını təmin etmək üçün hakimiyyətdən tam asılı vəziyyətdədir.  Azərbaycanda cəmi bir neçə müstəqil və müxalifyönlü media resursu qalıb, amma onların da fəaliyyəti məhdudlaşdırılıb, ölkədən girişinə blok qoyulub. Hakimiyyət tərəfindən malliyələşən, bir ovuc insanın maraqlarına xidmət edən ölkə mediası sırf jurnalist fəaliyyətini kənara qoyub hakimiyyətin bayağı təbliğatı ilə məşğuldur.

Həmkarını günahsız yerə həbsə atarlarsa, susa bilməzsən. Bu, jurnalistlərin peşə kodeksinə ziddir.

Həmkarının siyasi motivli həbsinin bitməsinə iki ay qalmış, onun  yenidən şərlənməsinə susmaq isə artıq əxlaq məsələsidir.

Bir həmkarım demişdi ki, “İşindən mənəvi zövq almaq istəyin kimi, maddi zövq arzun da olmalıdır”.

Fəqət, işindən mənəvi zövq ala bilməyənlərin maddi zövq alması da çətindir…

Axsaya-axsaya, əlinə-üzünə bulaşdıra-bulaşdıra peşə fəaliyyətindən mənəvi zövq almadan maddiyyat dalınca qaçmaq isə daha da çətindir. 

Belə axsaq mediadan 8 gündür özünə olunan haqsızlığı protest edərək ölüm aclığına qərar verən bloger Mehman Hüseynova nə fayda?

Ağalarına xoş gəlmək üçün dəridən-qabıqdan çıxanlar, öz videobloglarında iqtidarda olanların korrupsiya faktlarını açıqlayaraq kirli çamaşırları ortaya tökən Mehman Hüseynova əlbəttə dəstək verməyəcəklər. Mehman həbsxanada acından öləndən sonra da susacaqlar…

Yeri gəlmişkən, ötən ay Bakıda Avropa Şurasının dəstəyi ilə “Azərbaycanda Gender Bərarabərliyi və Media Azadlığı” layihəsi çərçivəsində Gender Bərabərliyi və Media mövzusunda dəyirmi masa keçirildi. Mövzu qadınların təmsilçiliyi və səlahiyyətləndirilməsi olanda söz alıb, ölkəmizdə bu sahədə ciddi problemlərin olduğunu bildirdim və Prezident Adminstrasiyasının jurnalistlərlə iş üzrə rəsmisi Vüqar Səlimovdan sərt təpki aldım. Dəyirmi masa iştirakçıları məsələni susqunluqla müşahidə etsələr də, jurnalist həmkarım Aytən Məmmədova dəstəyini əsirgəmədi. “Gender məsələsi ki, siyasi deyil, heç olmasa imkan verin bu kimi məsəslələr araşdırılıb, həllini tapsın” – deyə, mənimlə həmfikir olduğunu vurğuladı.

Sosial məsələyə münasibət bildirdiyim halda hakim partiya üzvü olan Vüqar Səlimovun anındaca məsələni siyasiləşdirməsi, “Sən müsavatçısan, “Bastainfo” da çalışırsan”, deyərək tənqidi fikirlərimə aqressiv münasibət bildirəndə xeyli jurnalist həmkarların olduğu heyyətin susqunluğu o anda orda olmağımdan peşmançılıq hissi keçirməyimə səbəb olmuşdu.

-Axı bu qrupun içində nə işim var,- deyə, özümə sual etmişdim.

Aytənin replikasına qədər.

Tək deyildim.

Mehman Hüseynov da tək qalmamalıdır. O, öz vəzifəsinin yerinə yetirdiyi üçün həbsdədir: Jurnalistlərin vəzifəsi narahat olanları daha da narahat etmək, fil qulağında yatanların yuxusuna haram qatmaqdır.

 

Yazı jurnalist həmrəyliyi naminə yazılıb.

 

Bastainfo.com