Həbsdəki Azad Həsənovun oğlu atasını axtarır: “Dədəyə de ki, ad günümə gəlsin”

Mikayıl hər gün ağlayır. Gecə bir neçə dəfə yuxudan durur. 3 gündü məktəbədə aparmıram. Bu gün ailə həkimiynən danışdım, sabaha psixoloqa yazdılar“.

Bunu “Basta” əməkdaşı ilə söhbətində artıq 3 aya yaxındır həbsdə olan müsavatçı Azad Həsənovun xanımı Təranə Həsənova deyib. O, bildirib ki, Azad Həsənov həbs ediləndən bəri bir dəfə də olsun nə ailə üzvləri ilə görüşə, nə də zəng edə bilib.

Görüş, eybi yox, verməsinlər, amma uşağıyla bir kəlmə danışa bilsin”, – deyə, Təranə Həsənova bu xahişin vəkilə çatdırılmasını istəyib.

“Deyir, hanı dədə? Yanvarın 8-də ad günü olacaq, deyir dədəyə zəng elə, de ki, Mikayıl səni ad gününə çağırır, de ki, ad günümə gəlsin”, – deyə, Təranə Həsənova 6 yaşlı övladının tükürpədən durumunu anladıb. 

Azad Həsənovun vəkili Osman Kazımov hər bir məhbusun ailə üzvləri ilə görüşmək və telefonla danışmaq hüququnun olduğunu xatırladaraq, Azad Həsənovun işini aparan istintaq qrupunun buna əsassız məhdudiyyət qoyduğunu bildirib.

Qeyd edək ki, Azad Həsənov oktyabrın 10-da mühacirətdə olduğu Litvadan ağır vəziyyətdə olan atasını görmək üçün Bakıya qayıdıb və bundan bir neçə saat sonra yaşadığı Hövsan qəsəbəsində həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Müsavat Partiyası Azad Həsənova qarşı ittihamın uydurma olduğunu bəyan edib.

Azad Həsənov 2004-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından ailəsi ilə birgə mühacirətdədir,  2016-cı ilin yanvar ayından Litvada siyasi sığınacaq alıb.

 

Bastainfo.com