Amerikalı konqresmen və Helsinki Komissiyası president İlham Əliyevi Mehman Hüseynovu azad etməyə çağırıblar

Amerikalı konqresmen, əvvəllər Nümayandələr Palatasının insan hüquqları üzrə alt komitəsinin rəhbəri olmuş Kris Smit prezident İlham Əliyevi bloger Mehman Hüseynovu dərhal və şərtsiz azad etməyə çağırıb. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

K.Smit cümə günü dərc edilən bəyanatında bildirib: “Mən təcili olaraq prezident Əliyevi Mehman Hüseynovu dərhal və şərtsiz azad etməyə çağırıram. Mehman Hüseynov Əliyev rejiminin korrupsiyasının ifşa edilməsi ilə bağlı işinə görə iki il həbsdə qalıb.

Hökumət iki həftə bundan öncə onun dəmir barmaqlıqlar arxasında müddətini uzatmaq üçün ona qarşı yeni ittihamlar qaldırmaqla bu ədalətsizliyi daha da ağırlaşırıb.

Prezident Əliyev rejimin söz azadlığına qarşı qəddar kampaniyasında bu sonuncu utandırıcı epizoduna son qoymaq üçün hərəkət etməlidir”.

2017-ci ilin sentyabrında Konqresin Helsinki Komissiyasının həmsədri olan Smit Nümayəndələr Palatasına təqdim etdiyi qanun layihəsində Tramp administrasiyasını Azərbaycanla ikitərəfli münasibətlərdə insan hüquqları və demokratiya məsələsini qaldırmağa və prioritetləri müəyyən etməyə çağırmışdı.

Dünən Tvitterdə Helsinki Komissiyası da aclıq edən azərbaycanlı jurnalist Mehman Hüseynovun vəziyyətilə bağlı dərin narahatlığını bildirib.

“Bu yaxınlarda hökumət yeni özbaşına ittihamlar irəli sürüb ki, 2 il həbs cəzasından sonra jurnalistin azadlığa çıxmasının qarşısını alsın. Azərbaycan mətbuat azadlığı ilə bağlı ATƏT qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməlidir”, – Tvitterdə yayılan məlumatda deyilir.

Turan