Mehman Hüseynov avropalı diplomatlarla nə danışıb?

Ötən gün bir qrup avropalı diplomat 1 saylı Bakı İstintaq Təcridxanasında bloger Mehman Hüseynova baş çəkib. Bu barədə Trend agentliyi “diplomatik dairələr”ə istinadən məlumat yayıb.

Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər.

“Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar. Bir daha şahidi olublar ki, Mehman Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir”, – məlumatda deyilir.

Məlumata M.Hüseynovun diplomatlar ilə fotosu əlavə edilib. Xəbərdə M.Hüseynovun aclıq etməməsi ilə bağlı rəsmi mövqe bir daha bəyan edilir və bu, “vəziyyəti dramatikləşdirən” antiazərbaycançı qüvvələrin “uydurması” adlandırılır.

Aİ nümayəndəliyi və sözügedən ölkələrin səfirlikləri hələlik vəziyyəti şərh etməyiblər.

Öz növbəsində blogerin qardaşı Emin Hüseynov Mehmanın aclığı dayandırması ilə bağlı hökumətyönlü mətbuatda dərc edilmiş məktubu saxta adlandırıb.

Turan