Gömrükdə həbslər davam edir

Azərbaycan Dövlət Gömrük Komitəsi-nin (DGK) daha iki əməkdaşı həbs edilib.

Bununla bağlı yanvarın 12-də Dövlət Gömrük Komitəsi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar.

Birgə açıqlamada vurğulanır ki, “Camex” daşıma şirkəti vasitəsilə beynəlxalq poçt bağlamalarında göndərilən kommersiya təyinatlı yüklərin Azərbaycan gömrük sərhədindən düzgün bəyan edilməməklə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məlumat daxil olub:
“Məlumata əsasən həmin daşıma şirkətinin yerləşdiyi ünvanda həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində 8 ədəd beynəlxalq poçt bağlamasına baxış keçirilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunda qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış həmin bağlamalarda müxtəlif şəxslərin adlarına cəmi 23 min manat dəyərində elektron qurğular aşkarlanaraq götürülüb”

​Məlumatda qeyd edilir ki, ilkin araşdırmalar nəticəsində cinayət işi açılaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. İşdə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma) maddələri yer alır. Habelə, 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə çinayət işi açılıb.

Birgə açıqlamada qeyd edilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi vəzifəsində işləmiş İsmayıl Abdullayev və postun rəis müavini Rəşad Rzayevə

Cinayət Məcəlləsinin 311.3.1-ci, 311.3.2-ci (rüşvət təkrar alındıqda), 311.3.3-cü maddələri ilə ittiham elan olunub. Onlar barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.İttihamlar məhkəmədə təsdiq olunarsa onlara səkkiz ildən on iki ilədək həbs cəzası verilə bilər. Bu açıqlamaya, hələlik, həbs edilən şəxslərin özlərindən və ya vəkillərindən münasibət almaq mümkün olmayıb. Onların ittihamlarla razılaşıb-razılaşmadıqları açıqlanmır.

Xatırlatma

Son bir ildə DGK bir çox belə həbslər olub. Yanvarın 11-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib ki, xidməti fəaliyyəti zamanı aşkar edilmi korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı tutduğu vəzifədən azad edilib: “Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan Baş Prokurorluğuna göndərilib”

Komitənin yeni rəhbərliyi ( S. Mehdiyev 2018-ci ilin aprelində Komitənin sədri təyn edilib) baş verənləri gömrük sahəsində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya ilə mübarizə adlandırır.

Bəzi müşahidəçilər isə bunu yeni rəhbərliyə yaxın olmayan şəxslərin vurulması kimi də dəyərləndirirlər.

 

Azadlıq Radiosu