Aclıq aksiyasının 11-ci günü: İki nəfərin səhhətində problem yaranıb

Tofiq Yaqublu (Müsavatın Divan üzvü, 11 gün),

Natiq İsrafilli (Müsavat, 6 gün),

Sənubər Heydərova (İctimai fəal, 4 gün),

Şamil Nəsirli (AXCP üzvü, 3 gün)

Aksiya iştirakçılarını ziyarət edənlərin axını davam edir. Demokratik düşərgənin bir sıra tanınmış simaları, aksiya iştirakçılarına aclığın dayandırılması xahişi ilə müraciət ediblər. 

Hələlik bu aksiyaya Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Son həftələr bloger Mehman Hüseynovun müdafiəsi ilə bağlı Bakıda və bölgələrdə müxtəlif aksiyalar keçirilib. Onlardan icazəsiz piketlərdə saxlananlardan 7-si kütləvi aksiyaların keçirilmə qaydasını pozmaqda günahlandırlaraq 20-25 günlük inzibati qaydada həbs ediliblər, daha bir neçə şəxs isə cərimə edilib.

Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Blogerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Yeni ittiham təsdiqlənərsə, ona əlavə olaraq 3 ildən 7 ilə kimi həbs verilə bilər. Bloger ittihamı qurama sayır. O, yeni ittihamla üzləşdiyi gündən aclıq aksiyasına başladığını açıqlamışdı. Onun bu səbəbdən səhhətinin ağırlaşdığı bildirilirdi.

Yanvarın 7-də Mehman Hüseynovla görüşən vəkil Şəhla Hümbətova onun özünə istinadan mədə ağrılarına görə, artıq süd və süd məhsulları qəbul etdiyini açıqlayıb. Amma Penitensiar Xidmətdən isə bundan əvvəl bildirmişdilər ki, Mehman Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib və qida qəbul edir.

Yanvarın 8-də bloqqerlə görüşən Ədliyyə Naziri yanında İctimai Komitənin üzvləri də bildirmişdilər ki, o, açlıq aksiyası keçirmir. Onların deməsinə görə, Mehman Hüseynov süd və duru yeməklər qəbul edir.

Amma vəkil Şəhla Hümbətova bloqqerlə yanvarın 10-da yenidən görüşüb və belə bir açıqlama verib: “O dedi ki, qida qəbul etməyəcək, ancaq süd, meyvə şirələri içəcək. Həm də bunu martın 2-nə kimi, yəni, həbs müddəti başa çatana kimi davam etdirmək niyyətindədər”.

 

Bastainfo.com