Müsavatdan cəmiyyətə çağırış: “Siyasi məhbusların aclıq aksiyasına dəstək verin”

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı qərarların icrası və görülən işlər barədə məlumat verib.

Yanvarın 12-də keçirilən Müsavat Partiyası Məclisinin növbəti sessiyası barədə fikir mübadiləsi aparılıb. Divan üzvləri Məclisin işini qənaətbəxş qiymətləndiriblər.

Divan üzvü Elman Fəttah Şəki rayon təşkilatının növbəti ümumi yığıncağı barədə məlumat verib.

Başqan müavini Razim Əmiraslanlı Müsavat Partiyası Mətbuat Departamentinin rəhbəri və Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin məhkəmə iclası barədə Divan üzvlərini məlumatlandırıb.

Divan üzvləri Bakı şəhər İH-nin Müsavat Partiyasının mitinq keçirmək barədə müraciətinə heç bir əsas göstərmədən qadağa qoymasını tamamilə qanuna zidd addım kimi qiymətləndiriblər.

Müsavat Divanı 20 Yanvar faciəsinin növbəti ildönümü münasibəti ilə Şəhidlər Xiyabanının ziyarət edilməsini müzakirə edib. Ziyarətin yanvarın 20-də, saat 14:00-a təyin olunması barədə qərar qəbul olunub.

Mehman Hüseynovun və bütün Siyasi məhbusların azad olunması tələbi ilə keçirilən aclıq aksiyasına digər siyasi məhbusların özlərinin də qoşulmaları barədə məlumat Divan üzvləri tərəfindən müzakirə edilib. Bildirilib ki, son illərdə hakimiyətin mürtəce siyasətinin kəskinləşməsi, siyasi məhbuslara verilən cəzaların ağırlaşdırılması, müstəqil vəkillik institutunun ləğv edilməsi ilə hüquqi müstəvinin tamamilə dağıdılması siyasi məhbusları bu addıma sövq edən əsas amillərdir. Müsavat Partiyasının Divanı cəmiyəti bu aksiyaya biganə qalmamağa və dəstək verməyə çağırır.

Yığıncaqda ölkədə, regionda və dünyada baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb. Sonda cari məsələlərə baxılıb.

 

Bastainfo.com