Bakıya qış gəlib, bir qədər soyuq, bir az küləkli

Könül Alı

 

“Basta”nı 3 qadını “həyəcanlandırdığına” görə cəzalandıran hakimiyyət əsassız fırtına xəbəri ilə milyonları həyəcanlandıran sinoptikləri cəzalandıracaqmı?

 

Bu tarixi də yaddaşımıza həkk etsək yaxşı olar. 16-17 yanvar, 2019-cu il.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı həyacanlı xəbərdən sonra əhali arasında ciddi təşviş başlamışdı. Məlumata görə ölkəmizin ərazisində yanvarın 16-dan 18-dək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə baş verəcəkdi.

İnsanlar özlərindən daha məlumatlı, daha “ağıllı” bildikləri hər kəsdən ümid və təskinlik dolu məsləhətlər almağa çalışırdılar.

 

Nə etməli?

Bu “ifrat təhlükəli 3 gündən necə salamat çıxmalı?

Balalarımızı təbiətin ifrat şitliyindən necə qorumalı?

 

Nazirliyin yaydığı bu xəbərdən sonra “whatsapp” və “facebook” hesablarından yayılan video və səs yazıları təşvişi daha da artırır, şaiələrin vüsət almasına rəvac verirdi.

Ötən gecəni qorxu və həyacandan yata bilməyən, səhəri ağ açanlar yağan yağışdan və Bakıya həmişə əsən küləkdən başqa əlahiddə bir hadisə baş vermədiyini görəndə nazirliyin yaydığı xəbərin “dezo” olduğunu anladılar…

 

Di gəl, olan olmuşdu, həyacanlanmışdılar!

 

Dünəndən bu xəbərlə əlaqədar dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.

Xəbər ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcəyi barədə məlumat yayıb. Hətta qərargah yaradılıb. Nazırliyin heç vaxt işləməyən çağrı mərkəzi işə düşüb.

Səhərisi isə ajotaj yaymaq məqsədi güdən bu xəbər fiyaskoya uğradı. Bunu demək üçün təkcə bu səhər sosial şəbəkələrdə insanların paylaşımlarına baxmaq yetərlidir. İnsanlar heç vaxt proqnozlarına inanmadıqları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin həyacan təbilinin yalan olduğunu anladılar.

Qalır rəsmi qurumun bu xəbəri yaymaqda məqsədini anlamaq, təkzibini görmək…

Həmişə olduğu kimi, yenə də hökümətyönlü saytlar hərəkətə keçdi.

Bakını qar basmasından, küləyin dayanacaqları, avtobusları yerindən oynatmasından yazır, Hidrometrologiya Departamentinin xəbərini doğrulamağa çalışırlar. Saytların yalan və şişirtmə maşını işə düşüb, Bakıda – küləyin təccüb doğurmadığı bir şəhərdə yaşayan və gündəlik yaşamına davam edən insanlarda sən “korsan, əslində Bakı dağılır” təsəvvürü yaratmağa çalışırlar.

İnsanlar isə gördüklərinə inanır, hiddət içindədirlər.

Buna Bakı sakinlərinin reaksiyası birmənalı deyil. Hökümətin niyə ajotaj yaratmaq məqsədini anlamağa çalışır, yalan xəbərlərə hesab soran rəylər bildirir, lətifələr qoşurlar. İnsanlar adi qaydada dostları ilə yeməyə getdiklərindən, hazırda havanın yanvar ayına görə soyuq olmadığından, sadəcə küləyin bir qədər normadan artıq əsdiyindən yazır.

Həmçinin küləyin Abşeron yarımadası üçün xarakterik olduğunu vurğulayırlar.

Rəsmi qurumların həmişəki kimi məsuliyyətsiz açılamalarının, insanlara əsassız olaraq qorxu, həyacan, xof yaşatmasının hesabı kimdən sorulacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaydığı dezinformasiyaya təkzib verib, sonra bu xəbəri yaymaqda hansı məqsəd güddüyü barədə açıqlama verəcəkmi?

Bu xəbərdən bəhrələnib “dünyanın sonu gəldi” şaiələrini yayanlara münasibət necə olacaq?

Axı Azərbaycanda icra başçısına sui-qəsdlə bağlı agentlik xəbərini dərc edən “Basta” saytının redaktoru Mustafa Hacıbəyliyə 3 qadını həyacanlandırdığına görə cinayət işi açılıb?!

3 qadının həyacanlanması hökümətin diqqət mərkəzində olduğu bir vaxtda, rəsmi qurumun insanları kütləvi həyacanlandırması sükutla izləncəkmi?

İndi insafdırmı, milyonları şoka salan xəbərin müəllifi olan sinoptiklərə cinayət işi açılmasın?!

Əslində isə Bakıya qış gəlib, bir qədər soyuq, bir az küləkli.

 

Bastainfo.com