Fırtına həyəcanı

Mustafa Hacıbəyli

Əvvəlki illərdə bundan daha soyuq və küləkli havalarda məktəblər, bağçalar bağlanmamışdı,  gəmilər dənizdən çıxarılmamışdı.

Məsələn, yadımdadır ki, iki il əvvəl Bakıda əsən güclü küləkdən sonra evlərin damı uçmuşdu, ağaclar avtomobillərin üstünə yıxılmışdı. Heç onda da fövqəladə iş rejiminə keçilməmişdi.

Qışda qar yağar, külək əsər. Məsələn, 1 aydır Türkiyə qar altındadır. Buna görə ölkədə fövqəladə tətil elan eləmirlər ki?!

İndi hamı bunu danışır, bunu maraqlanır: Görəsən, bu dəfə sinoptiklərin qar və külək xəbərdarlığına hakimiyyətin aşırı həssaslıq göstərməsinin səbəbi nədir? Hərə bir izah verir.

Məncə, səbəb indi ölkədə ictimai ovqatın fərqli olmasıdır. Bir tərəfdən artan kasıbçılıq, bir tərəfdən Mehman Hüseynovun təkrar şərlənməsi cəmiyyətin düşünən hissənin narazılığını nəzərəçarpacaq qədər artırıb. Artıq uzun illər susdurulan ziyalılar da dilə gəliblər.  Hakimiyyətin belə bir məqamda, üstəlik hansısa təbii fəlakətin baş verəcəyindən və buna görə sosial gərginliyin daha da artacağından narahatdır. 

Hakimiyyət əvvəlki təcrübəsindən bilir ki, istənilən təbii fəlakət cəmiyyətdə narazılığın artmasına gətirib çıxarır.

Məsələn, ilk baxışdan bir binanın yanması və orada insanların ölməsinə görə hakimiyyəti süçlamaq üçün bir əsas yoxdur. Amma belə bir hadisə baş verdikdə ictimai diqqət olaya köklənir və məlum oldur ki, həmin yanğın ölkədə hökm sürən korrupsiyanın məntiqi nəticəsidir. Çünki məlum olur ki, binanın fasadı yanğına davamsız materiallarla üzlənib, buna nəzarət etməli olan qurumlar rüşvət alıb, həmin materialların ölkəyə gətirən şirkətin hakim ailə ilə əlaqəsi var və s..

Məsələn, ilk baxışdan bir dispanserdə yanğın baş verməsi və orada pasientlərin ölməsi, hakimiyyəti suçlamaq üçün əsas ola bilməz. Amma belə bir faciə baş verdiyində ictimayi diqqət buna köklənir və məluma olur ki, dispanserdə müalicə almalı olan xəstələri daim yatdıqları çarpayılara qandallayırlarmış və bu qeyri-insani durumun aradan qaldırılmasına məsul olan dövlət qurumları rüşvət və qohumbazlıq müqabilində nunlara göz yumurmuş və s..

Məsələn, ilk baxışdan dənizdəki estakadanın uçması və orada yatan neftçilərin həlak olması hakimiyyəti suçlamaq üçün əsas ola bilməz. Amma belə faciə baş verdikdə ictimai diqqət bura yönəlir və məlum olur ki, ötən əsrdə tikilən estakadaların qəzalı vəziyyətdə olduğunu hamı bilirmiş, amma bir dəfə də olsun əsaslı təmir edilməyibmiş, orada çalışanların təhlükəsizliyi üçün lazımi tədbirlər görülməyibmiş və s.. 

Məsələn, ilk baxışdan elektrik stansiyasında bir qəzanın baş verməsinə görə hakimiyyəti suçlamaq üçün bir əsas yoxdur. Amma bu qəza baş verdikdə bütün ölkə günlərlə qaranlığa qərq olur, metro dayanır, xəstəxanalar qapanır. Və üzə çıxır ki, Azərbaycan kimi “regionun lider dövlətinin” bütün enerji təhlükəsizliyi bir açılmaya, rusca desək, bir “rubilnikin” atmasına bağlıdır.

Ölkədə qəzalı, qeyri-insani, təhlükəli yerlər çoxdu, “rubilniklər” azdı və xarabdı, bütün bunlara nəzarət etməli olanların çoxu rüşvətxordu, naşıdı. Adi dönəmdə cəmiyyət bunları görmür, amma hansısa təbii fəlakət baş verdikdə, bu zibillər üzə çıxır…

Hakimiyyət narahatdır. Ona görə narahatdır ki, Mehman Hüseynovun yenidən şərlənməsindən doğan ictimai narazılığın üstünə, bir də hansısa təbii fəlakətin doğuracağı narazılıq gələ bilər, insanların səbr kəsası dola, onların əbədi hakimiyyət ehtirasına təhlükə yarana bilər…

Məncə, hakimiyyət məhz bu narahatçılığa gürə sinoptiklərin xəbərdarlığına aşırı həssaslıq göstərir. Bir tərəfdən mümkün qəzaları önləməyə çalışır – bu, yaxşıdır və artan ictimai narazılıqdan doğan müsbət nəticədir, – digər tərəfdən isə hansısa faciə baş versə belə, “biz bu səbəbdən xüsusi rejimə keçmişdik” deyərək, buna görə məsuliyyətdən yayınmaq üçün əsas yaradır.

 

Bastainfo.com