19 yanvar mitinqinə sözardı

Dadaş Əhmədli, politoloq

Blogger Mehman Hüseynovun və bütün siyasi məhbusların azad edilməsi tələbilə yanvarın 19-da Milli Şuranın təşəbbüsü ilə keçirilən və əksər siyasi qüvvələr tərəfindən dəstəklənən mitinq öz möhtəşəmliyi ilə son illərin bütün siyasi aksiyalarını üstələdi. Səhv etmirəmsə, 2005-ci ilin Parlament seçkiləri ərəfəsində keçirilən mitinqlərdən bu yana müxalifət tərəfindən hələ bu qədər qələbəlik olan mitinq keçirilməmişdi. Nəhayət ki, müxalifət hakimiyyətin 2013-cü ildən təqdim etdiyi “Məhsul” stadionunu doldura bildi və bu da növbəti aksiyaların daha böyük alanlarda keçirilməsi barədə ayrı-ayrı şəxslərin fikirlər səsləndirməsini şərtləndirdi.

Bu mitinqdə əvvəlkilərdən fərqli olaraq müşahidə edilən qələbəliyin səbəbləri nədir? Necə olur ki, cəmi 2-3 ay öncə Qarabağ komitəsinin təşkil etdiyi mitinqdə dolmayan meydan gənc bir bloggerin hüquqlarının pozulması səbəbindən aclıq keçirməsinə dəstək nümayiş etdirmək üçün insanların toplanma arealına çevrilir? Bu səbəbləri araşdırmaqla bir qədər sonra baş verə biləcək mümkün hadisələri də proqnozlaşdırmaq olar. Səbəblər hansılardır?

  1. İlk olaraq insanlar elə Mehman Hüseynova dəstək vermək üçün meydana axın etmişdilər. Mehmanın bu qədər sevgi qazanmasında həm onun özünün fəaliyyəti olmuşdu, həm də hakimiyyət düşünülməmiş addımları ilə bloggerə “xidmət” etmişdi. Çoxlarının həqiqətləri qismən bildiyi və susmağa üstünlük verdiyi vaxtlarda Mehman Hüseynov kimsədən çəkinmədən oliqarx məmurların xalqdan oğurlanmış pullarla tikdirdikləri villalarını çəkərək yaymış və insanların məlumatlanmaları, onların bu vəziyyətdə yaşamalarına kimlərin səbəb olduqlarını bilmələri üçün özünü təhlükəyə atmışdı.Bu məmurların vəzifədən çıxarıldıqdan sonra artıq hakimiyyətyönlü KİV-lər tərəfindən də barələrində ifşaedici materialların yayılması Mehmanın haqlı olduğunun rəsmi səviyyədə etiraf edilməsi demək idi. Bu da izləyicidə haqlı sual doğurur ki, bir halda ki, bu məmurlar belə korrupsiyaya uğrayıblar və bu iş hakimiyyət tərəfindən etiraf edilirsə, onda korrupsiyanı daha əvvəl ictimailəşdirmiş bloggerin həbsdə saxlanmasının səbəbi nədir. Üstəlik bu azmış kimi Mehman bir daha şərlənərək əlavə 5-7 il də həbsdə qalmaq perspektivi ilə üz-üzədir. Bloggerin etiraz əlaməti olaraq aclıq aksiyasına, özü də başlanğıcda “quru” – “ölüm” aclığına başlaması ilk olaraq cəmiyyətin həssas insanlarının etirazına səbəb oldu. Tofiq Yaqublunun başlatdığı aclıq aksiyasına tezliklə onlarla insanın, o cümlədən siyasi fəalların, hər hansı siyasi mənsubiyyəti olmayan insanların da qoşulması, həbsxanalardakı digər siyasi məhbusların da dəstək vermələri cəmiyyətin həm Mehman Hüseynova dəstəyi, həm də haqsızlığa etirazı idi. Bu arada hakimiyyət vəziyyəti düzəltmək üçün ağlına gələn “ənənəvi” metodlara əl atdı. İlk olaraq Mehman Hüseynovun heç bir aclıq aksiyası keçirmədiyi, əvvəlki qaydada qidalandığı ilə bağlı informasiyalar dövriyyəyə buraxıldı. Görünür, bu məlumatların yayılmasında hakimiyyətin texnoloqları vəziyyəti tezliklə düzəldəcəklərinə, Mehmanı hansısa yollarla “sındıracaqlarına” və bununla da başlanmış ajiotajın yatırılacağına ümid edirdilər. Amma alınmadı. Sonra Mehmanın aclığı dayandırdığı barədə informasiya hakimiyyət trolları tərəfindən ictimailəşdirildi. İnandırıcı çıxsın deyə bloggerin nə vaxtsa yemək yediyi zaman çəkilmiş şəklini də yaydılar. Bu isə bundan əvvəlki şayiənin – “Mehman aclıq keçirmir” tezisinin inkarı demək idi. Bununla da insanları aldatmaq alınmadıqda bir dəstə “növbətçi hüquq müdafiəçilərinin” Mehman Hüseynovla görüşündən şəkillər yayımlandı. Bir zamanlar müxalifət düşərgəsini “bəzəmiş” bu “müdafiəçilər”də bloggerin aclıq aksiyası keçirmədiyini ciddi-cəhdlər ictimaiyyətə sırımağa başladılar. Amma onların hansı maraqlardan belə danışdıqlarını anlayan insanlar bunu daciddiyə almadılar. Bu arada aksiyaların əhatəsi genişlənərək ölkə sərhədlərini də aşdı və Avropanın müxtəlif ölkələrində (Almaniyada, Fransada, İsveçdə, İtaliyada və s.) bir vaxtlar Azərbaycanda siyasətlə məşğul olmuş şəxslər piketlər, petisiyalar və aclıq aksiyaları təşkil etməklə beynəlxalq ictimaiyyətin diqqətini də məsələyə yönəldə bildilər.

2. Beynəlxalq təşklatların və nüfuzlu şəxslərin Mehman Hüseynovla bağlı sərgiləmiş olduqları mövqe və verdikləri bəyanatlar da insanların mitinqə qatılmalarına təkan vermiş oldu. Bu məsələdə əsas həlledici amil Avropa Parlamentinin Yanvarın 17-də apardığı müzakirələr və qəbul etdiyi qətnamə oldu. Hakimiyyət bu qətnaməni nə qədər əhəmiyyətsiz bir sənəd kimi təqdim etməyə çalışsa da, eləcə də qətnamə ilə bağlı məlumatların sızmasını əngəlləmək istəsə də istədiyi effekti əldə edə bilmədi. Sosial şəbəkələr və ölkə xaricindən yayımlanan internet kanalları informasiya blokadasının yarılmasında və məlumatların olduğu kimi çatdırılmasında əvəzsiz rol oynaya bildi. İndi siyasətdən xeyli məsafəli olan şəxslər də aparılan mübarizənin beynəlxalq aləmdə qiymətləndirildiyini bilir və bundan ruhlanaraq hadisələrin episentrində olmağa çalışırdı. ABŞ senatorlarının Mehmana dəstək ifadə etmələri, ələlxüsus, Avropa Parlamenti nümayəndələrinin Azərbaycan hakimiyyəti barədə əsəbi tonda həqiqətləri söyləyərək, hətta ölkənin hakim elita nümayəndələrinə qarşı sanksiyaların tətbiqini tələb etmələri vətəndaşlarda Qərbin bu dəfə Azərbaycan məsələsində ciddi olduğu qənaətini gücləndirmiş olurdu. Ola bilsin ki, bu məsələdə ötən il Ermənistanda baş vermiş inqilabi hakimiyyət dəyişikliklərinin də insanlarımızın təhtəlşüurunda artıq növbənin bizim ölkəyə çatdığı düşüncəsinin yaranmasına və bundan irəli gələrək hadisələri tələsdirmək istəyində bulunmalarına rəvac verirdi.

3. İnformasiya təminatı sahəsində yeni kanalların tapılması da insanların mitinqə qatılmalarına öz təsirini göstərmiş oldu. Televiziya kanallarının bütünlüklə hakimiyyətin inhisarında olması, böyük jurnalistlər ordusunun müxtəlif vasitələrlə (evlərin paylanması, maliyyə dəstəyi, imtiyazların verilməsi və s.) vahid siyasi qüvvəyə tabe etdirilməsi, bir-iki müstəqil sayta qarşı hüquqi zəmində problemlər yaradılması və texniki cəhətdən əngəllənməsi iqtidar nümayəndələrinin bu sahəyə total nəzarət etmələrini düşündüklərini söyləməyə əsas verir. Amma bu siyasətinin səmərəsizliyi dəartıq göz qabağındadır. Sosial şəbəkələr, VPN, xaricdən yayımlanan TV kanalları problemin çözülməsinə ciddi dəstək oldu. Yerli TV-lərin heç bir fakta söykənməyən, birtərəfli təbliğat funksiyasını icra edən verilişlərinə inamın olmaması ölkə vətəndaşlarını alternativ informasiya axtarmağa məcbur edir ki, bu da texnologiyanın inkişaf etdiyi indiki zamanda o qədərdə çətin deyil. Toplumun “Fırtına əməliyyatı” adlandırdığı başqa bir təbliğat cəhdi də insanların mitinqə marağının artmasına səbəb oldu. Yanvar ayının 17-18-də havaların görünməmiş dərəcədə soyuyacağı, qasırğa, tufan, covğun olacağı ilə bağlı yersiz hay-küy, məktəblərin 2 günlük bağlanması, vətəndaşlarda panika yaratmaq cəhdi kimi uğursuz təşəbbüslər sabun köpüyü kimi partladı və məlum oldu ki, bu tədbirlər hansısa başqa məqsədlər güdür. Bir gün sonra mitinqin olacağını bilən insanlar bu təlaşlanmanın məhz mitinqi zəiflətmə səbəbindən olduğunu duyunca “qadağan olunmuş meyvəyə” maraq bir qədər də artmış oldu. Bir yandan 2 günlük bekarçılıqdan yorulan, digər yandan da hakimiyyətin həyəcanlanmasının qorxu əlamətinin olduğunu düşünən insanlar mitinqin keçiriləcəyi meydana axışdılar.

Davamı olacaq…

 

Bastainfo.com