19 yanvar mitinqinə sözardı – II məqalə

Dadaş Əhmədli, politoloq

Yazının əvvəli

  1. Hakimiyyət daxilindəki qarşıdurma və bu barədə zəif də olsa, informasiyanın sızması ölkə vətəndaşlarının hakimiyyətin zəiflədiyini hiss etmələrinə və alternativlərin axtarışına çıxmalarına səbəb olur. Artıq heç kəsə sirr deyil ki, hakimiyyətin daxilindəki iri qruplaşmalar arasında açıq savaş getməkdədir. Müşahidəçilərin “Naxçıvan klanı ilə Paşayevlər klanının mübarizəsi” adlandırdıqları bu savaş xeyli vaxtdır başlamış olsa da, ötən ildən daha aşkar və daha güclü xarakter alıb. Ayrı-ayrı oliqarxların maliyyə kanallarının, nəzarət elədikləri sahələrin, malik olduqları müəssisələrin əllərindən alınması ilə müşayiət edilən bu mübarizə hakimiyyət daxilində narazılıqların artıq gizlədilə bilmədiyinin, ölkə vətəndaşlarının da bu barədə müəyyən informasiyalara sahib olduqlarının əlavə şərhə ehtiyacı yoxdur. “İslahat” adı altında hakimiyyətin və sərvətin yenidən bölüşdürülməsi və bunun da hakimiyyət daxilində çaxnaşmalara gətirməsi indi adi gözlə də görünür. Bunu sübut eləyəcək bir nümunə deputat Qüdrət Həsənquliyevin bu günlərdə “Strateq.az” saytına verdiyi müsahibədən görünür: “Açığı, Prezidentin söyüş kampaniyası ilə təhdid edilməsinin əsas səbəbinin bu islahatlarla bağlı olduğunu düşünürəm.  Hesab edirəm ki, bir çox vəzifəli şəxslər islahatların onların sonunu gətirəcəyini düşündüklərindən, bu söyüş kampaniyasına hər cür yardım göstərirlər. Çünki onlar öz işlərini dövrün şərtlərinə uyğun qura bilmirlər və istər-istəməz, vəzifələrindən uzaqlaşdırılacaqlar. Bunu onlar hər kəsdən daha yaxşı görürlər və iqtisadiyyatın inkişafını təmin edə bilmədiklərindən, kadr islahatları nəticəsində kreslolarını itirəcəklərindən çəkinirlər. Əllərində isə böyük kapitallar var və müxtəlif vasitələrlə Prezidentə təzyiq edirlər.”

Qüdrət bəyin bu açıqlamasından da görünür ki, hakimiyyətdaxili çəkişmələr pik səviyyədədir və İlham Əliyev də daxili təzyiqlərlə üz-üzədir. 

Bir qədər əvvəl keçmiş səfir Arif Məmmədov da Avropalı siyasətçinin verdiyi informasiyaya istinadən hakimiyyət daxilində çox ciddi qarşıdurmanın olduğunu və Qərb dairələrinin bu səbəbdən də Azərbaycana çox həssas yanaşdıqlarını qeyd etmişdi. Həm Arif Məmmədovun, həm Qüdrət Həsənquliyevin açıqlamalarından, həm də şəxsi müşahidələrimizdən çıxış edərək deyə bilərik ki, hakimiyyətdaxili qarşıdurma xeyli gərginlik yaradır və bu gərginliyin hələ bir müddət davam edəcəyi gözlənilir. Ola bilsin ki, yaxın zamanlarda bir, yaxud bir neçə məmur işdən çıxardılsın və hətta, “bütün pisliklərin baiskarı” elan edilsin. Çox güman ki, bu, hüquq-mühafizə, yaxud  ədliyyə orqanlarının nümayəndələrindən kimlərsə ola bilər. Hər halda, hakimiyyət daxilində baş verənlərdən xeyli məlumatlı olan Qüdrət Həsənquliyevin açıqlamalarında belə qənaəta gəlmək mümkündür.

  1. Əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlaşması da insanları etiraz aksiyalarına qoşulmağa sövq edən səbəblər sırasındadır. Son 4 ildə Azərbaycanda iqtisadi geriləmə ötən ildən etibarən daha qabarıq hiss edilməkdədir. İqtidarın “Qafqazın lider dövləti”, “Analoqsuz inkişaf” barədə ağız dolusu danışdığı sözlər öz mənasızlığını təsdiq eləmiş oldu. Əhalinin real gəlirləri azalıb və ən əsası da odur ki, insanların nə vaxtsa vəziyyətlərinin yaxşılaşacağına inamları azalıb. Əksəriyyət başa düşür ki, ölkənin iqtisadi cəhətdən geriləməsi məhz bu iqtidarın yürütdüyü yanlış siyasətin nəticəsidir. Bunu onlar heç bir təbii resursa malik olmayan Gürcüstanla və hətta, Ermənistanla müqayisə edərək görürlər və bu vəziyyəti düzəltməyin yeganə yolunun hakimiyyətə təsir etməkdən keçdiyini sövq-təbii hiss edirlər. Müstəqil iqtisadçı ekspertlərin sosial şəbəklərdə yayımlanan təhlilləri, həm qonşu ölkələrlə, həm də bir zamanlar bizimlə bir ittifaqda olan ölkələrlə ən müxtəlif iqtisadi göstəricilərin müqayisəsi insanlarda belə vəziyyətin yaranmasının səbəbləri barədə aydın fikirlərin ortaya çıxmasna təkan verir. Uzun müddət neft dollarlarla ölkəni idarə etmiş zümrənin gəlirlərin azaldığı zaman heç bir proqrama malik olmaması və çıxış yollarını aramaq əvəzinə mənasız kadr dəyişiklikləri ilə baş qatmasının acı nəticələri artıq hamıya əyandır. Havadan götürülmüş rəqəmlərlə manipulyasiya etmək, inzibati qaydada kənd əhalisini pambıq, çuğundur əkməyə, ipəkqurdu saxlamağa məcbur etmək, əziyyətlə əldə olunan məhsulun ölkə xaricinə çıxarılmasını əngəlləmək və bununla da adamların azacıq da olsa, vəsait əldə etmələrinə mane olmaq insanların səbr kasasını daşdırır. Əhalinin az qala yarısı işsiz olduğu halda ölkədə işsizliyin səviyyəsinin ən inkişaf etmiş ölkələrdən də aşağı səviyyədə olmasını bəyan eləməklə insanların heysiyyatı ilə oynamağın sonu meydanların dolması olmalı idi ki, oldu.
  2. Müxalifətin bir araya gəlməsi də insanların mitinqə qoşulmasına güclü təkan verdi. Uzun müddət dağınıq fəaliyyət göstərən müxalifət, nəhayət ki, özündə güc tapıb bir araya gələ bildi. 2013-cü ildən bu yana müxaliflər müxtəlif məsələlərlə bağlı xeyli aksiyalar, o cümlədən mitinqlər keçiriblər. Bu mitinqlərdə iştirak edənlərin sayı müxalifətçilərin dediyinə görə, bir neçə min, hakimiyyətin iddiasına görə isə bir neçə yüz nəfər olurdu. Məsələyə obyektiv yanaşsaq, müxaliflər insan sayını 4 dəfə artıraraq, iqtidar rəsmiləri isə 4 dəfə azaldaraq təqdim edirdilər. Yəni əgər mitinqdə təqribən, 2000 nəfər iştirak edirdisə, müxalifət bunu 8000 insan kimi, iqtidar isə 500 nəfər kimi təqdim edirdi. Bu dəfə də oxşar yanaşma sərgiləndi. Müxalifət mitinqdə 20 000, bəziləri hətta 30 000 nəfərin iştirak etdiyini söyləyir, rəsmilər isə 2 800 adamın qatıldığını iddia edirdi. İqtidarın təqdim etdiyi rəqəmi 4-ə vurmaqla bu mitinqdə təqribən 12 000 nəfərə qədər insanın iştirak etdiyini söyləyə bilərik. Ola bilsin ki, təqribən 1500-2000 insan da meydandan kənarda qalmalı olmuşdu. Üstəlik həm regionlardan, həm də elə Bakı şəhərinin özündən də xeyli insanın mitinqə gəlməsi inzibati qurumlar tərəfindən əngəllənmişdi. Hər halda, bu mitinqə gələnlərin sayı nəinki ayrı-ayrı müxalifət partiyalarının təşkil etdiyi, hətta birləşmiş müxalifərin 2013-cü il prezident seçkiləri ərəfəsində keçirdikləri mitinqlərdəki insan sayında xeyli çox idi. Uzun sürən ayrı fəaliyyətdən sonra əsas müxalifət partiyaları olan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir araya gəlməsi, Real Partiyasının da mitinqə dəstək verməsi, digər siyasi partiyalarla yanaşı, rejimin irticasından əziyyət çəkən sıravi vətəndaşları da ümidləndirmiş və onlar zülmün tezliklə bitəcəyi düşüncəsilə mitinqə qoşulmuşdular. Bu yerdə xatırlatmaq yerinə düşər ki, bir həftə öncə Müsavat Partiyası mitinq keçirmək üçün ərizə ilə BŞİH-ə müraciət etsə də, iqtidar mitinqə icazə verməmişdi. Amma cəmi 1 həftə sonra Milli Şuranın müraciətinə müsbət cavab verildi. Çox güman ki, iqtidar başbilənləri bununla məhz müxalifət daxilində parçalanma yaratmaq məqsədi güdüblər. Amma alqışlanacaq haldır ki, müxaliflər bu oyuna getmədilər, vəviyyəti düzgün qiymətləndirdilər və qüvvələri birləşdirərək xalqın çoxdan gözlədiyi birgə aksiyanı reallaşdıra bildilər. İndi müxalifətin qarşısında duran ən mühüm məsələlərdən birincisi məhz bu birliyi qoruyub saxlamaqdır. Bunun üçün isə heç bir halda MƏN-in BİZ-dən irəli keçməsinə yol verilməməlidir. Hamı bilməlidir ki, təklikdə heç nə etmək mümkün deyil və bu mübarizənin əsas qəhramanı da XALQ-dır.

Mehman Hüseynovun fotosu mitinq iştirakçılarının əlində, 19 yanvar 2019

Hansı addımlar atılmalıdır?

Hadisələr o qədər sürətlə inkişaf edir ki, hətta təhli edib çatdırmaq da çətinlik yaradır. Bu yazını hazırlayarkən yeni-yeni informasiyalar daxil olurdu və görüləcək işlərlə bağlı nəzərdə tutulan bəzi addımlar artıq atılmışdı. Məsələn, bu yazıda iqtidara təklif ediləcək birinci iş Mehman Hüseynovun dərhal azadlığa buraxılması və bununla da emosiyaların bir qədər soyumasına çalışması idi. Amma qısa müddət ərzində iqtidar Mehman Hüseynovla bağlı 2 addım atdı. Əvvəlcə ölkə Prezidenti  işin ədalətli araşdırılmasıyla və barışığın əldə edilməsiylə bağlı Baş Prokurorluğa tapşırıq verdi. Bir qədər sonra isə Baş Prokurorluq Mehman Hüseynova qarşı cinayət işinə xitam verdi. Bu, irəliyə doğru atılmış müsbət addımdır və bu kimi addımlar davamlı olmalıdır.

Vəziyyətin ciddiliyini və hər an nəzarətdən çıxması ehtimalını nəzərə alaraq hakimiyyətə təklif edirəm ki, digər siyasi məhbuslarla bağlı da oxşar addımlar atılsın. Hansısa əlamətdar günü əsas kimi göstərərək, həbsdə olan 150-yə qədər siyasi və vicdan məhbusu ilə bağlı əfv fərmanı vermək olar. Məsələn, Məhəmməd Əmin Rəsulzadənin qarşıdan gələn 135 illiyi münasibətilə. Əgər bu sizi qane eləmirsə, onda özünüzün yaratmış olduğunuz “Gənclər günü”nü də əsas göstərə bilərsiniz. Əsas olanı odur ki, bu addımlar tez atılsın. Ola bilər ki, belə fərman Novruz Bayramı ərəfəsində verilsin. Amma vəziyyətin belə mürəkkəb olduğu bir zamanda kim təminat verə bilər ki, o vaxta qədər hər şey öz axarı ilə gedəcək.

Fevralın 5-də Avropa İttifaqının nümayəndələrinin Azərbaycana səfəri gözlənilir və yəqin ki, bu səfərdə siyasi məhbuslar məsələsi əsas müzakirə mövzusu olacaqdır. Bu səfərə qədər bu mövzunun qapadılması iqtidar üçün əlavə şans vermiş olardı. Bundan bir qədər sonra isə ABŞ-da Kemal Öksüzün işi üzrə məhkəmə prosesinin başlanılması gözlənilir. Bu qədər problemləri üst-üstə yığmağın hansı nəticələr verə biləcəyi heç kimə, xüsusən də iqtidar məsublarına məlum olmamış deyil. Bunun üzərinə də daxildə yığılmaqda olan qəzəb dolu enerjini gələriksə, mənzrənin necə olduğu daha da aydın olar. Odur ki, siyasi məhbus məsələsinin gündəlikdən çıxması üçün gərəkən addımların atılması ən düzgün hərəkət olardı.  Amma deyəsən, iqtidar əks mövqe sərgiləməkdədir. Sosial şəbəkələrdə, eləcə də gələn zənglər vasitəsilə verilən informasiyalarda 19 Yanvar mitinqində olmuş insanlara qarşı yeni repressiya dalğasının başlandığı barədə məlumatlar var. Bu, səhvdir və bunun acı nəticəsi özünü çox gözlətməyəcək.

Digər vacib addım siyasi müxalifətlə dialoqların başlaması və siyasi islahatlara start verilməsidir. İnsanların mitinqə getmələrinin səbəbləri barədə yuxarıda göstərilən amilləri aradan qaldırmaq üçün bundan yaxşı və tez həyata keçirilə biləcək nəsə görə bilmirəm. Əlbəttə, hakimiyyətdə olan insanın daha çox informasiyası olur və ola bilsin ki, bizim hansısa məsələlərdən xəbərimiz yoxdur. Amma hakimiyyətdə olan məlumatlar bəzən aldadıcı da olur. Belə hallar daha çox kritik məqamlarda olur ki, bu da doğru qərar verməyə mane olur. Hazırda Azərbaycanda vəziyyət kritik xarakter almaqdadır və bu təkliflər bu gün üçün yararlıdır. İndi cəmiyyət artıq ofşor zonalarda, xarici banklarda gizlədilmiş pulların qaytarılmasını müzakirə edirsə, deməli əhval-ruhiyyə hakimiyyət dəyişikliyinə köklənib. Amma bu dəyişikliyi elə etmək mümkündür ki, daha az itki ilə oyundan çıxmaq olsun. Əks reaksiyalar xoşagəlməz effekt verə bilər. Bəlkə də, repressiv üsullarla hadisələri bir qədər ləngitmək olar, amma bütünlüklə qarşısın almaq mümkün deyil. Mehman Hüseynovla bağlı məsələ bəndin qırılmasını xatırladır. Qırılmış bəndin qarşısına bir qədər torpaq tökməklə selin qarşısını almaq olmur. Bu halda ən yaxşısı vəziyyətdən daha az itki ilə çıxmaqdır. 

 

Bastainfo.com