Sən “azadsan” deyə atdığın yumruq, mənim burnumu əzə bilməz

Könül Alı

 

Yarım azadlığa qane olub, bütün  azadlıqdan imtina edənlər həyatlarının sonrakı mərhələsində köləliyə məhkumdur.

 

Demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik. Bir tərəfdən bu inam, insanın azad olması fikrinə əsaslanır, digər tərəfdən isə, yaddan çıxarmaq olmaz ki, bir nəfərin azadlığı başqalarının da azad olmasına mane olmamalıdır. Qulağa xoş gəlir.

Məsələnin maraqlı və ikrah doğuran tərəfi isə belədir. Məmur, yaxud alt məmur özünü azad hesab edirsə, bu o demək deyil ki, o azaddır, azadlıq nisbi məvhum olduğu qədər də mücərrəddir.

Məsələyə bir qədər də aydınlıq gətirək.

Sən rahatca rüşvətini alıb, səlahiyyətlərindən geninə-boluna istifadə edə bilirsənsə, bu, sənin azad və demokratik çəmiyyətdə yaşadığına dəlalət etmir. Başqaları sənin imkanlarına sahib deyilsə, demək bu əlində olan imkanlardan sui-istifadə edərək, başqalarının azadlıqlarını məhdudlaşdırmaq hesabına başa gəlir. Eyni hal böyük məmurundan tutmuş, 170 manata despotizmə qulluq edən vətəndaşa da aiddir.

Bu fikri sübut etmək üçün Karl Popper belə bir misal gətirir ki, məhkəmədə qonşusunu döymüş bir xuliqanın işinə baxılır. Xuliqan deyir: “Mən azad vətəndaşam və öz yumruğumu istənilən istiqamətdə hərəkət etdirə bilərəm”. Hakim bu sözlərə müdrik bir cavab verir: “Sizin yumruğunuzun sərbəst hərəkəti qonşunuzun burnunun vəziyyəti ilə məhdudlaşır.” Başqa sözlə desək, siz öz hərəkətlərinizdə yalnız o dərəcədə azadsınız ki, bu hərəkətlər başqasına mane olmur. Axı onun da sizin kimi hüquqları var.

Polis məmuru DİN-dən gələn əmrlə mitinqdə iştirak etmiş hər bir vətəndaşa ayrı-ayrılıqda zəng vuraraq narahat edir, bölməyə çağırırsa, polis məmuru öz mənfəəti naminə vətəndaşın azadlığını pozur.

Tələbə təşkilatının sədri “whatsapp”da qrup-çat yaradıb, qrupa yolladığı “facebook” səhifə linkinə “Mehman Hüseynovun cinayət işinə xitam verilməsi, İlham Əliyevin humanist siyasətinin bariz nümunəsidir” rəyini yazmağı tapşırıb, “yuxarıdan gələn əmrdir, etməlisiniz”, deyir. Bu bilavasitə tələbəni trolluğa çəlb edərək onun mənəviyyatını alçaltmaq, əzmək, istismar etmək, AZADLIĞINI ƏLİNDƏN ALMAQ məqsədi güdür.

Bu səbəbdən bu məsələyə fərdi yox, ümumi yanaşmaq şərtdir.

“Mitinqə icazə veririk” görüntüsü yaradıb qapalı məkanda müxalif və xalqın fəal kəsiminin toplaşmasına icazə verib, onların hər birinin şəklini çəkmək, telefon nömrələrini əldə edərək mitinqin ertəsi təzyiq etmək avtoritarizmin əsl üzü, despotizmin xislətidir.

Bölməyə aparılmış mitinqə gedəndən şəxsi məlumatlarını əldə etmək üçün telefonunun şifrəsini tələb etmək, digər dostlarını da təzyiq altında saxlamaq üçün bir vasitədir. (Bölməyə aparılanlardan telefon cihazları tələb olunur)

Mitinqə rəsmi “hə” dedikdən sonra bütün güc strukturlarını işə salıb, total təzyiq tətbiq edilirsə, bu hal kütləvi xarakter alıbsa, ölçü götürülmürsə, birinci adamın bu işdə barmağı var və o, siyasi hakimiyyətini qorumaq üçün bilavasitə vətəndaşların AZADLIQ hüququnu pozur.

Demokratiya hər birimizin haqqıdır. Sən “azadsan” deyə atdığın yumruq, mənim burnumu əzə bilməz.

 

Bastainfo.com